Orta əsr Ağsu şəhəri turizm kompleksinə gəzinti

Bu günlərdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Miras” İctimai Birliyi ilə birlikdə “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində “Orta əsr Ağsu şəhəri turizm kompleksi”nə gəzinti təşkil etmişdir. Gəzintidə Mərkəzdən bəhrələnən xüsusi qayğıya ehtiyaclı uşaqlar, habelə Mərkəzin məktəbli könüllüləri iştirak etmişlər.
Orta əsr Ağsu şəhəri  turizm kompleksinə gəzinti
Gəzinti iştirakçılarını kompleksin həyətində “Miras” ictimai birliyinin mehriban kollektivi mehribanlıqla qarşılamış, Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, arxeoloq Elmira Abbasova orta əsr Ağsu şəhəri barədə məlumat vermişlər. Verilən məlumatlara görə, Ağsu şəhəri XVIII əsrdə Azərbaycanın əhalisinin sayına görə ən böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər, Şirvan xanları bu qalada otururdular. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Г‡ələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri geri qayıtmışlar. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi.
Şəhər ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla təqribən 34 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək və val şəklində olan çox möhtəşəm müdafiə sistemi ilə möhkəmləndirilib. Cənub divarlarının uzunluğu 632,6, şimal divarlarının uzunluğu 629,5, şərq divarlarının uzunluğu 637,3, qərb divarlarının uzunluğu isə 630 metrdir.
Bu qısa məlumatdan sonra tur iştirakçıları böyük zəhmətlə ərsəyə gəlmiş qazıntı işləri ilə yaxından tanış oldular. 300 ildən sonra cəfakeş arxeoloqların zəhməti sayəsində yenidən işıqlı dünyaya çıxmış orta əsr Ağsu şəhərinin qalıqlarına balacalar heyranlıqla tamaşa edir, hər daşın, hər saxsı parçasının yanında ayaq saxlayırdılar. Ruslar tərəfindən dağıdılmış böyük məscid, qazıntı zamanı aşkarlanıb eksponat kimi elə burada qorunub saxlanan məscidin sonunu gətirmiş top gülləsi, məzarlıqdan aşkarlanıb buraya gətirilmiş səhənglər uşaqlarda çoxlu suallar doğurdu.
Orta əsr Ağsu şəhəri  turizm kompleksinə gəzinti
Arxeoloq Elmira xanım bildirdi ki, bu səhənglərdən hər məzarın üzərində bir-birinə əks istiqamətdə olmaqla ikisi aşkarlanmışdır. Şəhərin böyük bir sahəni əhatə edən buzxanası, su anbarı da böyük marağa səbəb oldu. Ancaq tədbirin ən maraqlı hissəsi ev sahiblərinin verdiyi günorta yeməyindən sonraya qalıbmış. Yeməkdən sonra uşaqlar qazıntı sahəsinə getdilər və arxeoloqlarla birlikdə qazıntı işi aparmağa başladılar. Az sonra sevinc nidaları yüksəldi, uşaqların qismətinə “zəngin” torpaq düşdü: qədim pul, nal, daşdan yonulmuş aypara, çoxlu saxsı parçaları aşkarladılar. Və ən əsası qızmar günəş altında çalışaraq tariximizi öyrənmək üçün qızmar günəşdə, qarda, soyuqda yorulmaq bilmədən çalışan cəfakeş arxeoloqlarımızın zəhmətinin böyüklüyünü azacıq da olsa dərk etdilər.
Gəzintinin ən maraqlı hissəsi Elmira xanım dediyi kimi, bu qazıntı işləri oldu, uşaqları qazıntı yerindən yarıxoş-yarızor ayıra bildik: geriyə qayıtmaq vaxtı idi. Düzdür, Dövlət Qulluqçuları Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin gediş üçün ayırdığı avtobusun sürücüsü Elman da qayıtmağa elə tələsmirdi, o da açıq səma altındakı muzeyi uşaqlarla birgə həvəslə gəzir, hər şeyə maraqla tamaşa edirdi. Ancaq əks istiqamətdə qoyulmuş 2 səhəngin dilsiz hökmü hər işdə keçərlidir: gəliş və gediş.
Beləcə, gördüklərimizdən, eşitdiklərimizdən məmnun qalaraq vətən tarixini tarixlərə yaza bilmək üçün böyük zəhmət çəkən və elə o zəhmətlə də bu tarixi öyrətməyə, təbliğ etməyə çalışan “tarixin dost”larından –“ “Miras” İctimai Birliyinin kollektivindən minnətdarlıq hissi ilə ayrılırıq. Qəlbimizdə gizlətmədiyimiz böyük bir qürur hissini də özümüzlə gətiririk: qədim tariximizi, zəngin keçmişimizi üzə çıxaranların arasında həmyerlimiz, tarix elmləri doktoru, professor Qafar Cəbiyev də var. Orta əsr Ağsu şəhərinin də, beş addımlıqdakı Mehrivan şəhərinin yenidən yer üzünə dönməsində də!
Tarix tariximizi öyrənənləri, yazıb tarixə qatanları dünya durduqca yaşadacaq!
Onlardan yenidən, bəlkə də başqa bir arxeoloji ünvanda görüşmək ümidi ilə ayrılırıq! Qismət olsa…
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz