Psixoloji xidmətin aktual problemləri

Həyatda, cəmiyyətdə gedən proseslər, yeniləşmə yalnız iqtisadi, hüquqi, ideoloji sahələrlə məhdudlaşmır, insanın düşüncə və davranışına, başqalarına münasibətinə də təsir edir. Cəmiyyətin demokratikləşdirilmə və humanistləşdirilməsi, azad bazar iqtisadiyyatına keçid bir tərəfdən bu sistemin tələblərinə cavab verən şəxsiyyətlərin formalaşmasını zəruri edirsə, digər tərəfdən də insanların bu prosesdə necə iştirak etməsi və qarşıya qoyulan məqsədin həyata keçməsində rolunu müəyyənləşdirir. Bu baxımdan da hər sahədə insan faktoru, onun psixologiyası mühüm yer tutur.
Psixoloji xidmətin aktual problemləri
Hal-hazırda respublikamızda psixoloji xidmətin inkişafı, bu sahədə mövcud vəziyyətin o qədər də qənaətbəxş olmadığı hamımıza məlumdur. Psixoloji xidmətin ilk mərhələsi kimi, təhsildə psixoloji xidmətin zəif olması, ixtisaslı psixoloqlara olan tələbatın ödənilməməsi bu xidmətin keyfiyyətinin aşağı olmasını göstərir. 1990-cı illərdə təhsil sistemində psixoloji xidmətin yaranması barədə Əsasnamə yazılsa da qəbul olunmadı. Təəssüflər olsun ki, hələ də bu sahənin müvafiq Əsasnaməsi və konkret plan-proqramı yoxdur.
1988-90-cı illərdə ADU, ADPU, AMİ və digər ali təhsil müəssisələrində psixologiya fakültəsi yaradılmasına və bu illər ərzində ixtisaslı kadrların hazırlanmasına baxmayaraq, bu gün təhsil sistemi və digər sahələrdə psixoloqlara böyük ehtiyac vardır. Bu gün məktəblərdə xidmət göstərən praktik psixoloqların çoxu ixtisasdəyişmə kursunu bitirmiş pedaqoqlardır. Bu problem nəinki regionlarda, hətta respublikamızın ən böyük şəhərlərində də aktualdır.
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, yalnız təhsil müəssisələrində deyil, hətta hər bir ailənin özünün yüksək ixtisaslı psixoloqu vardır. Bu problemin həlli respublikamız üçün də vacib, aktual məsələlərdən biridir.
İctimai-siyasi, sosial şəraitin dərinləşməsi və texnoloji inkişafın əsəbi-psixi pozuntular əmələ gətirməsi insanların psixoloji köməyə olan ehtiyacını gündən-günə artırmaqdadır.
Elmin və yüksək texnologiyların inkişaf etdiyi bir dövrdə sosial problemlərin həllində və insan faktorunun önə çəkilməsində psixoloji xidmətin yüksəldilməsi zəruridir.
Bu problemin ilkin həlli cəmiyyətdə, uşaqlar, şagirdlər, müəllim və valideynlər arasında maarifləndirmənin gücləndirilməsindən ibarətdir. Psixoloji maarifləndirmənin düzgün aparılması insanların cəmiyyətdə baş verən xoşagəlməz hadisələrə ətraf mühitin mənfi-fiziki, sosial və psixoloji təsirinə müqavimətini artırır. Г‡ox təəssüf ki, hazırda psixoloji xidmətə nəzarətin zəif olması və bu sahədə qeyri-peşəkarların çalışması, maarifləndirmə işinin aparılmaması bu xidmətin keyfiyyətinin aşağı olduğunu göstərir.
Dövlət səviyyəsində bu xidmətin nəzarətə götürülməsi və Əsasnaməsinin hazırlanması, təhsil sahəsində xidmət göstərən praktik psixoloqların proqramlarının təkmilləşdirilməsi, attestasiyaların keçirilməsi bu sahənin inkişafına təkan vermiş olar.
Sonda qeyd etmək istərdim ki, psixoloji xidmətin təşkili bütün sahələrə aid olan məsələdir. Məktəb şagirdləri, gənclər arasında bu xidmət növünün təbliğinə daha geniş yer verilməlidir.
Bu gün baş verən ailə-məişət problemlərinin, xüsusilə də intihar hadisələrinin çoxu məhz gənclər arasında, ümumilikdə cəmiyyətdə psixoloji xidmətin olmamasındandır.
Ölkəmizdəki inkişaf, tərəqqi və yüksəliş hər birimizin həyatına təsir edir və özümüzü cəmiyyətə təqdim etməkdə müəyyən rol oynayır. Aydın şəkildə görünən inkişafa vətəndaş olaraq hamımız sevinirik. Fikrimcə, bu prosesə psixoloji xidməti qoşmağın da vaxtı artıq çatmışdır. Cəmiyyətdə gedən arzuolunmaz proseslərə, ətrafımızda baş verən neqativ hadisələrə, biganəliyə son qoyaraq, hər bir fərdə diqqət və qayğımızı artırmalı, sağlam düşüncə və psixologiyaya sahib olan nəsil yetişdirməyə çalışmalıyıq.
G.Baxışova

Şərh Yaz