Dilimiz – varlığımız

Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər.
Dilin cəmiyyətdəki mövqeyi birbaşa dövlətçiliklə bağlıdır. Dövlətçilik dilin dayağı və onun nüfuzunun təminatçısıdır. Dil dövlətçiliklə müşaiyət olunmadıqda onun informasiya imkanları daralır, nüfuzu azalır, adi məişət dili hüdudundan kənara çıxa bilmir.
Dilimiz - varlığımız
“Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!” Bu sözlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. Hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, inkişaf etdirilməsi ixtisasından, peşəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir kəsin vətəndaşlıq borcudur. Xalqın mədəniyyəti və dili onun milli sərvətidir.
Azərbaycan dili qüdrətli, mənalı və şirin dildir. Onun fonetik sistemi, əsas lüğət fondu və qramatik quruluşu orta əsrlərdə – birinci minillikdə təşəkkül tapmışdır. Bunu “Kitabı-Dədə Qorqud” eposu da sübut etmişdir. Bu gün dünyada 3500-dən artıq dil mövcuddur. Azərbaycan dili bu dillər içərisində zərifliyi, incəliyi və əlvanlığı ilə seçilir. 21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Bu tarix BMT-nin 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə yaranıb. Ölkəmizdə Ana dilimizin yüksək səviyyədə inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu öndərin dilimizin qorunmasına yönələn siyasətinin nəticəsidir.
Respublika rəhbərliyinə gəlişindən az sonra, yəni 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyev dövrün qadağalarına baxmayaraq Azərbaycan dilində çıxış etdi və bu ənənə dövlət əhəmiyyətli tədbirlərdə davam etdirildi.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə, o dövr üçün çox böyük əhəmiyyətli bir hadisə idi.
1992-ci il dekabrın 22-də Azərbaycan Milli Məclisi dilimizin müqəddəsliyini qoruya bilmədi. Azərbaycan Respublikasının dili türk dili elan olundu. Bu, Azərbaycan dilinin zəngin tarixinin unudulmasına gətirib çıxarır, yazılı dil ilə şifahi dil arasında uçuruma səbəb olurdu.
12 noyabr 1995-ci il tarixdə müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili olması barədə müddəa qanunvericilik qaydasında bir daha öz əksini tapdı.
Ulu öndər fəaliyyətdə olduğu bütün dövr ərzində Azərbaycan dilinin inkişafı və qorunması üçün əvəzedilməz tədbirlər görüb. Dilimizin inkişafı və qorunması sahəsində qəbul edilmiş fərman və sərəncamlar bunun bariz nəticəsidir.
Bu gün 50 milyondan çox azərbaycanlı ABŞ-da “Amerikanın səsi”, Avropada “Azadlıq” radiosu Azərbaycan dilində təmsil olunur.
Dil millətin simasını səciyyələndirən bir varlıqdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır və inkişaf edir. Dil xalqın özüdür. Dil yoxdursa, xalq yoxdur, xalq yoxdursa, dil yoxdur. Ona görə də torpağı qoruduğumuz kimi, dilimizi də göz bəbəyi kimi qorumalı, qayğısını çəkməliyik.
Söz sərrafları olan yazıçı və şairlərimiz xalqımızın zəngin mədəniyyətini, incə hisslərini bu dildə yaratmış və bu günə gətirb çıxarmışlar. Bu dil Nizamiləri, Nəsimiləri, Xətailəri, Füzuliləri, Vaqifləri, M.F.Axundovları, C.Məmmədquluzadələri, R.Rzaları, B.Vahabzadələri və başqa ədibləri yetişdirən qiymətli sərvətdir.
İllərin, yüz illərin sınağından çıxmış dilimiz çox məhrumiyyətlərə tuş gəlmişdir. Ancaq dilimiz əyilməyib, yenilməyib. Parçalanmışıq, qanımıza qəltan olmuşuq, ancaq dilimiz parçalanmamış, öz zənginliyini itirməmiş, saflığını saxlamışdır.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənə bu gün möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilir.
Möhtərəm Prezidentimizin müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları dilimizin inkişafına göstərilən böyük qayğının nəticəsidir.
Biz azərbaycanlı olmağımızla fəxr etməliyik. Ana dilimizi qorumaq, inkişaf etdirmək hamılıqla bizim borcumuz və vəzifəmizdir.
Firəngiz Əsədova,
Sərdahar kənd ümumi məktəbinin dil-ədəbiyyat müəllimi

Şərh Yaz