İsmayıllı təhsilinin flaqmanı

Məşhur pedaqoq, tanınmış ziyalı, maarif xadimi, alim İsrail Həsənovun adını daşıyan İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb qazandığı nailiyyətlər və uğurlara görə respublikada möhürünü vurmuş məktəblərdən biridir. Əbəs deyildir ki, çalışdıqları dövr ərzində 7 nəfər müəllim “Əməkdar müəllim” fəxri adını almış, bir neçə nəfər “Qabaqcıl təhsil işçisi”, “Təhsil əlaçısı” və “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
Respublika Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsində 7 nəfər müəllim qalib gələrək mükafatlandırılmışdir.
Məktəbin pedaqoji kollektivinin əksəriyyəti müasir innovasiyaların təhsilə tətbiqi sahəsində çox böyük təcrübəyə malikdir.
İsmayıllı təhsilinin flaqmanı
Belə innovativ müəllimlərin sayəsində məktəbin beynəlxalq əlaqələri gündən-günə genişlənməkdədir.Bu gün məktəbimiz MDB məkanının demək olar ki, əksər ölkələri ilə Yaponiya, İtaliya, Almaniya, Makedoniya, Hollandiya, Türkiyə və s. ölkələrlə sıx əlaqələrə malikdir.
Məktəbimizin ikiqat “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olması deyilənlərin bariz nümunəsidir.
Şagirdlərimizin qazandığı uğurlar yüksələn xətlə davam etməkdədir. Fədakar müəllimlərin əməyinin nəticəsi olaraq 2015-2016-cı tədris ilində məzunlarımızın 44 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 9 nəfəri isə kolleclərə qəbul olunmuşdur. Bunlardan 14 nəfəri 500-dən, o cümlədən 5 nəfəri 600-dən çox bal toplamışdır.Rayon üzrə ən yüksək nəticə məktəbimizin məzunu Əli Mirzəliyevə məxsusdur: 673 bal! Əli Bakı Ali Neft Məktəbində təhsil alır. “Bilik günü” münasibətilə ali təhsil müəssisəsinin rektoru cənab Elmar Qasımov Əlinin yüksək nailiyyət qazanmasında rolu olan bütün məktəb kollektivinə təbrik məktubu göndərmişdir.
Mən kollektivin potensialına inanaraq inamla demək istəyirəm ki, şəhər 1 nömrəli tam orta məktəb daim birincilər cərgəsində öz yerini qoruyub saxlayacaqdır.
Şahin Gənciyev,
İ.Həsənov adına İsmayıllı şəhər 1nömrəli tam orta məktəbinin direktoru

Şərh Yaz