“Ötən günlər“ haqqında düşüncələrim

Həyat təsadüflərlə doludur və bu həyatda zəruriyyətləri yaradan, onu şərtləndirən də təsadüflərdir. İldırım müəllimlə mənim tanışlığım da xoş bir təsadüf nəticəsində yaranıb…
Fevral ayının axırları idi. Həmişə olduğu kimi, bizim iş yerinə “Kredo” qəzetinin növbəti nömrəsini gətirmişdilər. Adətim üzrə birinci səhifədə Ə.R.Xələflinin yazısını oxuyandan sonra qəzeti vərəqlədim, 12-ci səhifədə ( 26 fevral 2015) “ Sənsiz keçən 20 il “ başlıqlı bir esse diqqətimi çəkdi. Yazını birnəfəsə oxudum. Bu yazı məni məndən alıb uzaqlara apardı. Ötənlər-keçənlər bir anda gözlərim önündə canlandı. Gözlərimdən axan ixtiyarsız yaşlar dekanlığın işçisi Günelin nəzərindən yayınmır, sakitcə mənə yaxınlaşır, ehmalca çiynimdən tutaraq “müəllim, sizə nə oldu” deyəndə özümə qayıtdım. Bir an zəiflik göstərdiyim üçün övladım yerində olan qızdan utandım. Sonra özümə gəlib yazını oxumaq üçün ona verdim. Günel esseni oxuyandan sonra: “müəllim indi sizi başa düşdüm, elə bilirdim etibarlı ancaq qadınlardır, sən demə həyatda etibarlı kişilər də var imiş” – dedi.
“Ötən günlər“ haqqında düşüncələrim
Evə qayıdanda yolboyu ancaq o yazının müəllifi haqqında düşünürdüm. Ona zəng etmək, gec də olsa təsəlli vermək, əhdinə, etibarına görə minnətdarlıq etmək istəyirdim. Düzü, həm də utanırdım. Axır ki, ağlım hisslərimə qalib gəldi. Zəng etdim… Bax beləcə İldırım müəllimlə tanışlığımız başladı.
Şair, publisist, jurnalist İldırım Dəmirli ilə.
Bu yaxınlarda İldırım müəllimin “ Ötən günlər” kitabını oxudum. Bu kitab İldırım müəllimi daha yaxından tanımaqda mənə yardımçı oldu.
Dörd fəsildən ibarət olan “Ötən günlər” kitabının birinci fəslini onun şair qələminin məhsulları bəzəyir. İldırım Dəmirlinin şeirləri təkcə özünün duyğu və düşüncələrini deyil, həm də taleyini, yarımçıq sevgisini əks etdirir. Bu cəhət onun jurnalistliyinin və şairliyinin əsasında dayanır, onu oxucularına daha çox sevdirir. O, öz sevgisini, nakam məhəbbətini, insani səmimiyyətini şeirlərində qoruyub saxlaya bilir. İldırım müəllimin ürəyi insanlara-qohumlarına, dostlarına, yoldaşlarına ən əsası isə öz yarımçıq məhəbbətinə sevgi ilə doludur.
Yaman darıxıram, a gülüm, sənsiz,
Nə tez gəlib-getdin həyatdan səssiz.
Allah, heç bir kəsi etmə kimsəsiz,
Hicranına necə dözüm, necə mən?

Daha mənim həyatımda yar olmaz,
Yox, bu dərdlər heç bir zaman azalmaz,
Kim bilmir, bu dünya heç kimə qalmaz,
İntizaram səhər, axşam, gecə mən.
İ.Dəmirli həyatda sevdiyi qədər sevilən bir insandır. Onun sevgisi qarşılıqlı məhəbbətdə ülvilik səviyyəsinə yüksəlir.
Bir zaman əl-ələ verib gəzəndə,
Hər güldən-çiçəkdən dəstə düzəndə,
Həsrətə, hicrana birgə dözəndə,
Məni həmdəm bilən sən olmadınmı?

Dilindən düşməzdi sevgı kəlməsi,
Yaman titrəyərdi könlünün səsi,
Bizi məst edəndə eşqin həvəsi,
İlk görüşə gələn sən olmadınmı?
O, mənsub olduğu nəslin, soyun adını hədsiz qürur və şərəf hissləriylə daşıyır, ata –“ anasının xatirəsini hər an əziz tutur, məhəbbətlə anır. Şair anasına olan sonsuz sevgi və məhəbbətini şeirin dili ilə tərənnüm edir.
Anaların içində,
Anam dürdür, incidir.
Bütün yer üzərində,
Hamıdan birincidir,
Anam dürdür, incidir.
Onun şeirlərində təbiət təsvirləri də geniş yer alıb. Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllıda dünyaya göz açan şair, öz doğma elinə, ocağına, yurduna qəlbən, ruhən bağlılığını şeirlərində xüsusi bir həzinliklə əks etdirir. İ.Dəmirli yaradıcılığına xas olan cəhətlərdən biri məhz təbiətə vurğunluq, İsmayıllının hər qarışını: havasını, daşını, suyunu, torpağını ürəkdən sevməsi və tərənnüm etməsidir. Görün o, Kəlfərəc meşəsini necə vəsf edir.
Əsgərə bənzəyir dümdüz ağaclar,
Bir-birini doğma kimi qucaqlar,
Marala,cühürə yurddur bucaqlar,
Bir muzeydir yoxuş-eniş meşələr.

Palıdı poladdır, fıstığı uzun,
Sayı hesabı yox kəkliyin, qazın,
Lalədir,nərgizdir müjdəsi yazın.
Gah çəhrayı, gah da gümüş meşələr.
Bu gözəlliyi vəsf edən şair meşəni müğənniyə, bəstəkara bənzədir.
Şair bu yerlərdən bir dastan yazar,
Kim gəzsə, inan ki, qoynunda azar,
Sanki, bir nəğmədir, hər yer laləzər,
Müğənni, bəstəkar, nəymiş…meşələr?!
Şəlalə şeirində isə şair sözlərlə şəlalənin rəsmini çəkir:
Yapışıb bir uca dağın belindən
Sallayır özünü yerə şəlalə.
Hər yalın-yamacın tutub əlindən,
Nəğmə deyir gələ-gələ şəlalə.

Nazlı gözəl kimi hörüb telini,
Sal daşlar üstündə sərib yerini,
Bilən varmı tarixini, ilini?
Yaman düşüb dildən-dilə şəlalə.

Gah lal olur, gah da coşub-daşır o,
Neçə qaya üstdən hər gün aşır o,
Bəzən yolun azıb, hərdən çaşır o,
Axırda qovuşur selə şəlalə.
Təbiət vurğunu olan İ.Dəmirli həyatın ancaq gözəlliklərindən yazmır, bu gözəlliyə kölgə salan neqativ hallar da onun qələmindən yan keçə bilmir. Hər şeyi pulla ölçən, həyatın mənasını varda, dövlətdə görən bu adamlar onun tənqidinə tuş gəlir, şair bu dünya belə qalmaz-deyə haray çəkir. Qolu zorlu, pullu, cılız adamları sahibkar Qüdrət Kərimovun timsalında sözlə ifşa edir.
Bir ata qəlbini didib, dağıtdın,
Peşiman eylədin, Qüdrət Kərimov.
Bu gün pul olmasa, səni türməyə
Basaram, söylədin, Qüdrət Kərimov.

Haray-həşir salıb nələr söylədin,
Reket, girov, türmə, prokuror…dedin.
Məni el yanında xəcil eylədin,
Tez pulu ver, dedin, Qüdrət Kərimov.
Yaxşı deyiblər, nə yaxşılıq, nə də pislik unudulmur. İnsan bir iş tutanda
yüz dəfə ölçüb, biçməlidir, heç olmasa sonradan peşiman olmamaq üçün.
Günlər, aylar keçib, illər gələcək.
Mənə bu “qayğını” ellər biləcək.
Bu dərdi qəlbimdən Tanrı siləcək
Niyə çox tələsdin, Qüdrət Kərimov.

Kim bilmir, bu dünya belə də qalmaz
Hər vuran ürəkdə mərhəmət olmaz,
İldırım həyatda bil, borclu qalmaz
Özünü göstərdin…Qüdrət Kərimov.
“Ötən günlər” kitabının ikinci fəslində İ.Dəmirli haqqında dostlarının, tanışlarının, müxtəlif elm və sənət adamlarının ürək sözləri yer alıb. Burada o, bir jurnalist, şair, ailə başçısı və əhdinə vəfalı həyat yoldaşı kimi xarakterizə edilir.
Buradakı aforizmləri oxuyan hər kəs İ.Dəmirlini görmədən onun haqqında tam məlumat əldə etməklə şairin xəyali rəsmini çəkə bilər. Bunlardan bir neçəsini oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm.
İldırım dünyanın ən nikbin adamlarından biridir
Cəbrayıl Əlinağıyev
(tibb üzrə fəlsəfə doktoru)
İldırım müəllimi təkcə İsmayıllı deyil, bütün Azərbaycan tanıyır
Hikmət Mahmud
(ğ.m.e.d.professor,sair)
İldırım müəllim mənən zəngin, şəxsiyyətcə əngin, vəfada və ilqarda düzgün, həyatda yetgin adamdır.
Murtuza Balayev
(həkim)
İldırım Dəmirlinin bütün həyatı, ruhu, baxışları adamla danışır. Münasibətləri, sualları və cavabları, sevgisi, nifrəti, yerişi, görüşü, insanı dinləməsi-bütünlüklə məhrəm poeziya ilə doludur.
Ağasən Bədəlzadə
(filologiya üzrə fəlsəfə doktoru,
Şair-publisist)
İldırımda sevinclə kədər eynilik təşkil etdiyinə görə onun sevincindən də doymaq olmur kədərindən də.
Akif Əliyev
(AJB-nin üzvü, “Azərbaycan” qəzetinin bölgə müxbiri)
Publisistika bölməsində İldırım müəllim 38 illik jurnalistik fəaliyyətində başına gələn olaylardan, özünün dediyi kimi, bu illər ərzində ürəyini didib-parçalayan, onu haldan-hala salan, lakin heç kimə söyləmədən illərlə ürəyində gəzdirdiyi bəzi mətləblərdən söhbət açır. Hətta bu mövzuların məzmununa uyğun başlıqlar verib. Г‡ox böyük tərbiyəvi əhəmiyyəti olan bu yazılardan dərs götürməyə dəyər.
Bu fəsildə həmçinin İ.Dəmirlinin müxtəlif sənət adamları ilə bağlı hazırladığı publisistik yazıları da yer alıb.
Dördüncü fəsil İldırım Dəmirlinin nəsri və özü haqqında məlumatla yekunlaşır.
“Ötən günlər” kitabı İldırım Dəmirlinin 70 yaşı münasibətilə ərsəyə gəlmiş və sayca dördüncü kitabıdır. Mən də təbriklərə qoşulur, yubliyara yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Və İldırım Dəmirli:
Düşünməyin qocalmısız,
Hər yaranan qocalanmaz,
Qocaldıqca ucalmısız,
Hər yaranan ucalanmaz.
Pəri Paşayeva,
dosent, pedaqogika üzrə fəlsəfə doktoru

Şərh Yaz