Düşünmək haqqında düşüncələrim

Düşünmə bacarığı insan həyatında böyük və əvəzsiz rola malikdir. Hər kəs düşüncəsinə görə dünyanı dərk edir. Bu səbəbdən də hər kəsin öz dünyası var anlamı meydana çıxır.
Hər kəsdə faydalı və yanlış düşüncənin olması mümkündür. Bu yazıda məqsəd düşüncə məfhumunun mənfi və müsbət tərəflərini açıqlamaqla ətrafdakıların düşüncəsini mümkün qədər faydalı səmtə yönəltməkdən ibarətdir.
Düşünmək haqqında  düşüncələrim
Düşünmə barədə düşüncələrim:
Cəmiyyətdə, mövcud sosial və ya fiziki mühitdə özümüzdən asılı və ya qeyri-iradi müəyyən proseslər baş verir. Müxtəlif duyğu orqanları vasitəsilə insan bu hadisələri dərk edir. Dərketmə səviyyəsində insanın beynində bu və ya digər hadisəyə münasibət yaranır, insan özünün dərki fonunda müəyyən təhlillər edir və düşüncəsini formalaşadırır. Nəticədə, düşüncə tərzimizin təsirindən xarakterimiz formalaşır. Bu halda, o qənaətə gəlmək olar ki, düşünən hər kəs öz düşüncə tərzinin aktyorudur. Г‡ünki hər kəs özünü məhz şüur və düşüncəsi səviyyəsində idarə edir.
Düşünmə insan həyatının istiqamətverici qüvvəsidir. İnsanın üzləşdiyi proseslər –“ ağrı və acılar, uğur və qələbələr bilavasitə onun düşüncəsi nəticəsində baş verir. İnsanı düşüncədən, düşüncəni insandan ayrı dərk etmək mümkün deyil. “Səhv düşünürsən”, “Filankəs dar düşüncəlidir” anlayışları göstərir ki, heç də hamı yüksək düşünmə qabiliyyətinə malik deyil.
Unutmaq olmaz ki, hər cür inkişaf insanların əməli fəaliyyəti, onların düşüncə tərzinin dəyişməsi nəticəsində baş verib. Tarixə nəzər yetirdikdə bu prosesin gediş ilə bağlı ölçüyəgəlməz təsiredici vasitələrin və bu fikirləri təsdiq edən amillərin olmasını dəqiq görə bilirik. İslamaqədərki və sonrakı dövrdə düşüncə tərzimizə uca Yaradanın varlığı, Onun buyurduqları sözsüz ki, köklü şəkildə təsir göstərmişdir. Uluların, ağsaqqal və ağbirçəklərin sözünün eşidilməsi də məhz o vaxtdan bizə miras qalmışdır. Yaradanla bərabər yerdəki yaradanlarımız –“ valideynlərimiz də həyat və düşüncə tərzlərinin xeyirli, faydalı olmasına həmişə diqqət etmişlər.
Fərdlər kimi, düşüncələr də müxtəlifdir. İnsanların dar və ya geniş düşüncə sahibləri olması haqqında çox eşitmişik. İnsanın fəaliyyəti, ətraf aləmə, hadisələrə baxışı, gördüklərini təhlil etməsi, müşahidələrinə münasibət bildirməsi əslində, onun düşüncəsinin çərçivəsini, həddini müəyyənləşdirir.
İnsanın qarşılaşdığı xeyir və şər hadisələr, bir sözlə, başına gələnlər biləvasitə özünün düşüncəsi ilə əlaqəlidir. İnsan sosial varlıqdır. Cəmiyyətdə yaşayır, digərləri ilə daim ünsiyyətdə olur. Ətrafında baş verən hadisələrə müəyyən reaksiya verməklə insan kimliyini, nə düşündüyünü büruzə verir.
Ətrafda baş verənlərə bir nöqtədən baxılsa da, həmişə müxtəlif fikirlər yaranır. Г‡ünki fərqli düşüncələr eyni şeyi müxtəlif forma və ya şəkildə göstərir. Məsələnin bu cür olması, fikirlərin müxtəlifliyi əksər hallarda tərəflər arasında anlaşılmazlığa səbəb olur. Bəzən belədə münasibətlər korlanma həddinə çatır.
Əfsuslar olsun ki, bu gün cəmiyyətdə dar düşünmə faktorları daha çoxdur. Bir-birinin fikrinə hörmətlə yanaşmamaq, haqlı olduğu halda, başqasının da haqlı ola bilmə ehtimalını qəbul etməmək tez-tez rastlaşdığımız hallardır. Sosioloq Steven Kovey insanların cəmiyyətdə ətrafına təsiretmə gücündən danışarkən düşüncə tərzinə görə onları iki qrupa bölür – reaktiv və proaktiv insanlar.
Reaktiv düşüncəli insanlar mövcud duruma qarşı daim tənqidi yanaşan, başına gələn çətinliklərin, problemlərin səbəbi və həllı yollarını kənarda axtaran insanlardır. Təəssüf ki, bir çoxları fərqinə varmadan, bu cür düşüncəyə sahib olduqlarını hiss etmirlər. Həyatdan usanmaq, insanlara qarşı anlayışsızlıq, öhdəsinə götürdüyü işdən asanlıqla soyuma, işi başa çatdırmamaq və ya könülsüz olaraq icraetmə halları bu cür düşünənlər üçün xarakterikdir. Onlar hadisəyə yanaşmada qeyri-dəqiq olur, məsuliyyəti başqalarında axtarır, istənilən halda özlərini sığortalamağa çalışırlar.
Geniş düşüncə sahiblərini proaktiv düşüncəli insanlardır. Belələri hər zaman özlərinə nəzarət etməyə və özlərini daxildən islah etməyə üstünlük verir, içdən gələn səslərinə qulaq asırlar. Hər hansı məsələnin həllində ətrafdakıların deyil, özlərinin nə etməli olduqlarını, hansı səmərəli addımı ata biləcəklərini düşünürlər. Belə düşüncə sahibləri özlərinə inam hissinə sahib olmaqla yanaşı, ətrafdakılara da müsbət enerji verirlər. Hər cür çətinliyin öhdəsindən gəlməyə hazır olan bu tip insanlar həmişə nitqində də xoş ifadələrə üstünlük verirlər.
Dar düşüncə insanın iş qabiliyyətini aşağı salır, sosial əlaqələrini zəiflədir, ünsiyyət prosesində problemlər yaradır. Təbii haldır ki, sahib olduğu informasiya insanın dünyagörüşünə, düşüncə tərzinin inkişafına böyük təsir göstərir.
Düzgün və faydalı düşüncəyə sahib olmaq istəyiriksə, çox oxumalı, həyata geniş baxmalıyıq. Hadisələri müxtəlif prizmadan təhlil etmək istəyiriksə, onda zəngin informasiyaya malik olmalı, insanlarla sosial əlaqələri gücləndirməli, yeni məlumatları öyrənməli, bir sözlə, yorulmadan ədəb və elm axtarışında olmalıyıq.
İnsan düşüncələrinin ağasıdır, dar və ya geniş düşünmək, düşüncələrini düzgün səmtə yönəltmək də hər kəsin öz əlindədir.
Həyatımız rəngarəng hadisələrlə zəngindir. Səhvsiz insan yoxdur. Buraxılan səhvləri təkrarlamamaq, xoşbəxt, gözəl yaşamaq, əməli fəaliyyətimizlə ətrafdakılara xoş təsir etmək, onları sevmək, sevindirmək istəyiriksə, özümüzdə səhvsiz və gözəl düşünmə tərzi formalaşdırmalıyıq. Seçim öz əlimizdədir.
Düşünmə və düşündürməyin həyatımız üçün heç də xırda məsələ olmadığını həmişə düşünməliyik. Etiraf etməliyik ki, bugünkü halımız dünənki düşüncəmizin nəticəsidir. Əgər halımızdan razı deyiliksə, onda daha düzgün, daha geniş düşünməyə səy göstərməliyik.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz