S.Ə.Şirvani –“ 180 (İkinci məqalə) Seyid Əzim lirikasında Füzuli motivləri

Seyid Əzim Şirvani real həyatı, məhəbbəti tərənnüm edən qəzəllər, müstəzad, müxəmməs, tərcibəndləri və sair ilə də məşhur lirik şair kimi tanınmışdır. Ərəb və fars dillərini mükəmməl bilib, Yaxın və Orta Şərqin Nəcəf, Şam, Qüds, Qahirə kimi mədəniyyət mərkəzlərində elmi biliyini artıran, klassik şeirin qanunlarına dərindən bələd olan şair Nizami, Rumi, Sədi, Hafiz, Cami kimi şairlərdən tərcümələr edərək, onların şeirlərinə nəzirələr yazmaqla, özü də külli miqdarda qüvvətli orijinal əsərlər yaratmışdır. S.Ə.Şirvaninin Füzuliyə nəzirələri, Füzuliyanə şeirləri, qəzəlləri dərin məzmunlu, məharət və ilhamla yazılmış sənət əsərləridir. Seyid Əzim “Könül, ta var əlində cami mey, səbhəşümar olma”, “Tutdu bir ayinə gör kim surətim, oldum təbib”, “Eşq əhli yarsız ki, meyi-ərğüvan içər”, “Səba, könül pərişan olduğun dildar bilməzmi?” kimi şeirləri Füzulinin bunlara müvafiq məşhur qəzəllərinə yazılmış nəzirələr, onlarca başqa qəzəlləri isə Füzuliyanə ruhda olan gözəl sənət inciləridir.
S.Ə.Şirvani –“ 180 (İkinci məqalə)  Seyid Əzim lirikasında Füzuli motivləri
Seyid Əzimin Füzuli motivlərinə malik olan dünyəvi qəzəllərində dərin bir lirizm vardır. O, bu əsərlərdə Füzuli kimi sevgiyə, gözələ çatmaq üçün can atır, gözəllərdən, sevgidən, eşq və məhəbbətdən gələn cövrü-cəfanı, bəlanı özü üçün böyük bir səadət hesab edir:
Cismdən can almağa gər olsa fərmanın sənin,
Canə minnətdir olam, ey dust, qurbanın sənin.
Gər tökərsən, ey xəlilim, qanımı, qəm çəkmərəm,
Qəm budur kim, gər bata al qanə damanın sənin.
Şair öz qanının tökülməsi üçün qəm çəkmir, ona görə qəm çəkir ki, sevgilisinin ətəyi qana bulaşar.
S.Əzimin qəzəllərindəki bu motivlər, heç şübhəsiz, Füzulidən gəlmişdir. Füzuli də eşq və məhəbbət dərdindən, sevginin kədər, qüssə və iztirablardan şikayətlənməsinə baxmayaraq, bu dərddən qurtarmağı arzulamır, əksinə, daha artıq ona mübtəla olmağı, ”xəstələnməyi” istəyir. O, məhəbbətin bəla və müsibətindən də həzz alır, eşq dərdi onun üçün hər bir səadətdən yüksəkdir:
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cida məni.
Füzulidəki bu motivlər S.Əzimin qəzəllərində də öz ifadəsini tapmışdır. S.Əzimin:
Tutdu bir ayinə gör kim surətim, oldum firib,
Yar ilə ayinədə öz əksimi sandım rəqib.
mətləli qəzəli də Füzulinin:
Kuhkən Şirinə öz nəqşin çəkib, vermiş firib,
Gör nə cahildir, yonar daşdan öziçün bir rəqib –“ mətləli qəzəlinə yazılmış gözəl bənzətmədir. Həmin qəzəldə şairin şəxsi duyğularının, hiss və həyəcanlarının atəşin bir dillə ifadə olunduğu görünür.
Füzuli aşiqin kuhkənin (Fərhadın) daşdan olan heykəlini ona rəqib saydığı kimi S.Əzim də güzgüdə sevgilisinin yanında öz əksini özünə rəqib sayır. Bu əsərlərdə ifadə olunan qısqanclıq hissi dərin məhəbbətin nəticəsidir. Yüksək məhəbbətlə yanaşı, qısqanclıq çox zaman hər iki şairin yaradıcılığında namus, ismət məsələsi ilə əlaqədar şəkildə də ifadə olunur. Bu qəzəllərin bir çoxu qızları gözəllikləri ilə namuslu, ismətli görmək nöqteyi-nəzərindən deyilmişdir.
Füzuli həyatın mənasını yüksək insani eşqdə görürdü. O, “eşq imiş hər nə var aləmdə” nəticəsinə gələrək, “mən aşiqəm, həmişə sözüm aşiqanədir”,- deyirdi.
Füzulinin ləyaqətli davamçısı olan S.Əzim də həyatın cövhəri olan eşqə yüksək qiymət vermiş:
Hər kəsdə yoxdur eşq, onun bir kamalı yox,
Kamal olan vücudlar eylər şüar eşq –“şəklində öz hisslərini, fikirlərini ifadə etmişdir. Eşqi həmişə şüar edən Füzuli və Seyid Əzim özlərini klassik Şərq şeirində fədakar aşiq rəmzi kimi işlənən Məcnunların, Fərhadların xələfi saymış, özlərini onlarla müqayisə etmiş, eşqin əzablı yollarında onlardan da fədakar aşiq olduqlarını göstərməyə cəhd etmişlər. Hər iki şairdə bu motivlərin sayı olduqca çoxdur.
İstər Füzuli, istərsə də S.Əzim xalqını, ölkəsini dindən, fanatizmdən, vəhşilikdən azad və xoşbəxt görmək istəyirdi. Bu isə nə XVI, nə də XIX əsr şəraitində mümkün deyildi. Əsasən nikbin şair olan S.Əzimin bəzi əsərlərində üsyankarlıq ruhu ilə birlikdə Füzuli kimi küskünlüyü də nəzərə çarpır. Bu küskünlük və keçici ümidsizlik böyük şairin lirikasında istər-istəməz bədbinlik duyğuları da oyadır. Bütün bunlarla bərabər, istər S.Əzim, istərsə də Füzuli tam bədbin nəticəyə gəlib çıxmır, oxucusunu, müasirlərini mübarizəyə, fədakar olmağa, xalqa xidmətə çağırırdılar.
Hacıməmməd Məmmədov,
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz