Sosial siyasətin tərkib hissəsi kimi Sosial Müdafiə Sistemi

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər.
Sosial siyasətin tərkib hissəsi kimi Sosial Müdafiə Sistemi
İnsan həyatında təhlükənin hər an baş verə biləcəyini, istənilən zaman hansısa neqativ hadisəylə üzləşməsi mümkünlüyünü nəzərə alsaq, deyə bilərik ki, insan övladının sosial müdafiəyə ehtiyac instinkti də bəşəriyyətin yaşı qədər qədimdir. Tarix boyunca həmişə insanlar özlərinin və ailələrinin həyatını mümkün təhlükələrdən qorumaq zərurəti hiss etdiyindən bir qayda olaraq müxtəlif üsullar axtarıb tapmağa çalışıb.
Təbiətin və sosial həyatın yaratdığı çətinliklərlə üzə-üzə qalan insanlar mövcud təhlükələrdən müdafiə olunmaq məqsədilə yollar axtarıb, bu təhlükənin yarada biləcəyi problemlərin, o cümlədən yoxsulluq probleminin həlli üçün daim axtarışda olublar. Xəstəlik, yaşlılıq kimi qaçılmaz sosial risklər tarixin ən müxtəlif dönəmlərində bir qayda olaraq insanları aclıq və səfalət təhlükəsiilə üzləşməyə məhkum edib. Bu riskləri aradan qaldırmaq və ya yüngülləşdirmək məqsədi ilə daim axtarışda olan insan cəmiyyətləri zaman keçdikcə, mərhələ-mərhələ sosial müdafiə sistemi modelini yaradıb ki, bu gün həmin model hələlik sosial siyasətin ən fundamental parçası kimi qiymətləndirilə bilər.
Sosial müdafiə mahiyyətcə geniş və əhatəli məsələ olduğundan onun bütün xüsusiyyətlərini özündə ehtiva edən bir tərifin verilməsi hətta indiyəcən bu sahə ilə məşğul olan mütəxəssislərə də çətinlik yaradıb. Buna görə də mövzu ilə əlaqədar müəlliflər arasında tərif vermək məsələsində müxtəlif fikir ayrılıqları var. Sosial müdafiə anlayışı fərdin qarşılaşacağı və həyatı üçün təhlükə yaradan hadisələrə, yəni sosial risklərə qarşı təminat axtarışının nəticəsi, sosial risk isə insanların gəlirlərinin azalmasına, xərclərinin artmasına təsir edən hadisələrdir. İstər xəstəlik, qəza, ölüm halları kimi kədərli, istərsə də ailə qurmaq, övladın dünyaya gəlişi kimi sevindirici hadisələr də xərcin artması və gəlirin azalması səbəbindən sosial risk anlayışının tərkibhissəsi olaraq qiymətləndirilir.
Sosial müdafiə yalnız sosial risklərə qarşı deyil, geniş mənada yoxsulluqdan və sosial ehtiyaclardan qorunma cəhdidir. Bu mənada sosial siyasətin əsas xətti olan sosial müdafiə modeli fərdləri gözlənilən təhlükələrdən qorunmaqla yanaşı, həm də cəmiyyətdə yoxsulluğu və gəlirlərin bölüşdürülməsindəki ədalətsizlikləri azaltmaq və sosial rifahı gücləndirmək məqsədi daşıyır. Sosial müdafiə sistemi geniş mənada, gəlirindən asılı olmayaraq əhalinin bütün təbəqələrini cəmiyyətin rifahına mənfi təsir göstərən sosial təhlükələrin verdiyi zərərlərdən qorumağı, vətəndaşların hüquqlarını müdafiə etməyi qarşısına məqsəd qoyan bir sistemdir.
Etibarlı sosial müdafiə sistemi yaratmadan müxtəlif mülkiyyət formalarının və yeni yaradılmış iqtisadi strukturların normal fəaliyyətinin və böhransız sosial inkişafın, vətəndaş cəmiyyətinin sabitliyinin təmin edilməsi mümkün deyil. Sosial müdafiə beynəlxalq və milli normalar əsasında insanın əsas sosial hüquqlarının təminatıyla bağlı dövlətin əsas funksiyası, daha geniş mənada isə həyat səviyyəsi ilə bağlı hüquqların təminatı kimi göstərilir.
Tədqiqatçıların fikrincə, ümumiyyətlə, sosial müdafiə anlayışı dar və geniş mənalarda işlədilir. Geniş mənada əhalinin ayrı-ayrı sosial-demoqrafik qrupların hər birinin, dar mənada isə aztəminatlı əhali qruplarının sosial müdafiəsi başa düşülür. Geniş mənada sosial müdafiə deyildikdə, söhbət fərdin özünü müstəqil şəkildə təmin edə bildiyi, özünə və uşaqlarına həyat fəaliyyəti üçün lazımi şərait yarada bildiyi sosial münasibətlər sistemindən gedir. Dar mənada isə sosial müdafiə dedikdə, xüsusi olaraq çətin vəziyyətdə olan və kənar kömək olmadan sosial vəziyyətlərini yaxşılaşdırmaq iqtidarında olmayan əhali qrupunun yaşayışını təmin etməyə çalışan dövlətin sosial siyasəti başa düşülür. Sosial müdafiə sistemi adamların həyatının bütün dövrlərini-doğulduğu və əmək qabiliyyətini itirdiyi qocalıq dövrünü də əhatə etməklə, ömrünün sonunadək olan bütün vaxtı əhatə edir. Daha doğrusu, bu sistem uşaqların, gənclərin, işləyən vətəndaşların, himayədə yaşayanların hamısının hüquq və mənafelərini müdafiə etməlidir. Bu sistem, habelə, adamların həyatının bütün sferalarını – təhsil, səhiyyə, əmək, istirahət, məişət, yaradıcılıq və s. əhatə edir. Sosial müdafiənin obyekti olan şəxslərin dairəsi müxtəlifdir və milli iqtisadiyyatın qeyri-stabil vəziyyətində çox geniş şəkildə dəyişir.
Sosial müdafiə bütün sosial-demoqrafik qruplardan olan cəmiyyət üzvlərinin qanunvericiliyə uyğun olaraq sosial hüquqlarının müdafiə olunmasını təmin edən tədbirlər sistemidir. Başqa sözlə, o, müxtəlif sosial-demoqrafik qrupları əhatə etməklə, onların maddi rifah halının yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə istiqamətləndirilmiş və dövlət tərəfindən həyata keçirilməsi vacib olan kompleks tədbirlərin məcmusunu təşkil edir.
Qeyd etmək lazımdır ki, sosial müdafiənin ayrı-ayrı qruplara deyil, əhalinin bütün qruplarına şamil olunması fikrinə beynəlxalq sənədlərdə də rast gəlmək olar. Belə ki, 2002-ci ildə Berlində qocalma problemləri üzrə BMT Avropa İqtisadi Komissiyasının Konfransında qəbul edilmiş Berlin Bəyannaməsində və 2002-ci ildə “Qocalma Problemləri üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının həyata keçirilməsinin regional strategiyası”nın 25-ci maddəsində, adətən, sosial müdafiə sisteminin ayrı-ayrı adamları və onların ailələrini işsizlik təhlükəsindən və nəticələrindən, sağlamlıqla bağlı ciddi problemlərdən, yoxsulluq və digər hallardan, insanın bütün həyatı boyu baş verən müxtəlif iqtisadi dəyişikliklərdən müdafiə etdiyi göstərilir. Bu sistem, həmçinin əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinə və müvafiq gəlirlərin təmin olunmasına təsir göstərə bilir.
Sosial müdafiə sisteminin əsas istiqamətlərini aşağıdakı kimi müəyyən etmək olar:
– milli gəlirin yenidən bölgüsü vasitəsilə müxtəlif sosial-demoqrafik qrupların həyat səviyyəsinin yaxşılaşdırılması;
– gəlirlərin tənzimlənməsi;
– sosial standartların (minimum əmək haqqı, yaşayış minimumu, ehtiyac meyarı, pensiyaların baza hissəsi, müavinətlərin həcmi və s.) müəyyən olunması;
– qiymətlərin yüksəlməsi ilə əlaqədar olaraq əhalinin pul gəlirlərinin indeksasiya olunması;
– iqtisadiyyatla məşğul olanların məcburi sosial sığortası;
– cəmiyyətin aztəminatlı qrupları üçün (əlillər, qocalar, ailə başçısını itirən ailələr və s.) səmərəli sosial yardım sisteminin yaradılması;
– bəzi kateqoriyadan olan vətəndaşlara imtiyazların, güzəştlərin verilməsi, sosial xidmətin göstərilməsi;
– əhalinin kəskin təbəqələşməsinin qarşısının alınması;
– əhalinin məşğulluğunun təmin olunması;
– əmək sferasında işəgötürənlər, işləyənlər və dövlət arasında olan üçtərəfli əməkdaşlığın – tripartizmin təmin edilməsi;
– sosial sahələri (təhsil, səhiyyə, mədəniyyət, incəsənət və s.) inkişaf etdirərək əhalinin təhsil səviyyəsinin, onlara göstərilən tibbi, ictimai-iaşə, məişət xidmətinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdınlması daxildir.
Beləliklə, “sosial müdafiə” anlayışına: birincisi, vətəndaşların maddi tələbatını müstəqil şəkildə təmin edə bilməsinə şərait yaradan sosial siyasətin aparılması; ikincisi, vətəndaşların sosial təminatının iqtisadi və hüquqi əsaslarla təmin edilməsi mexanizminin yaradılması, üçüncüsü isə, yoxsulluq səviyyəsindən aşağı həddə yaşayan və başqalarının köməyinə ehtiyacı olan insanların (yaşlıların, kimsəsiz uşaqların, işsizlərin, çoxuşaqlı anaların, tənha qocaların və s.) minimum yaşayış səviyyəsini təmin edəcək məqsədli dövlət siyasəti kimi baxmaq olar.
Eyyub Musayev,
İsmayıllı rayon ƏSMM-nin aparıcı məsləhətçisi, Əmək və Sosial Problemlər üzrə ETTM-nin doktorantı

Şərh Yaz