Ocaqov Həbib Osman oğlu

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Ömrünün 76-cı ilində Ocaqov Həbib Osman oğlu dünyasını dəyişmişdir.
Həbib Ocaqov 1939-cu il dekabrın 15-də İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur.
Ocaqov  Həbib Osman oğlu
1958-ci ildə İsmayıllı şəhər otra məktəbini bitirmiş, 1958-1961-ci illərdə hərbi xidmətdə olmuş, 1961-1963-cü illərdə Azərbaycan Politexnik İnstitutunun Sənaye və mülki tikinti fakültəsində təhsil almışdır. 1963-cü ildə oradan öz istəyi ilə Qırmızı Əmək Bayrağı Ordenli Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə keçmiş və 1966-cı ildə Hərbi mühəndis kimyaçı ixtisasına yiyələnmişdir. Təhsilini başa vurduqdan sonra 1966-1970-ci illərdə Kamçatka vilayətinin Petropavlovsk şəhərində N saylı hərbi hissədə böyük mühəndis kimi qulluq etmişdir. 1970-1973-cü illərdə Xəzər Ali Hərbi Dənizçilik Məktəbində kurs rəisi işləmişdir. 1973-cü ildən Azərbayjan Mülki Müdafiə Qərargahında əmək fəaliyyətini davam etdirmiş, 1973-1977-ci illərdə laboratoriya rəisi, 1977-1990-cı illərdə şöbə rəisi, 1990-1995-ci illərdə idarə rəisi və Mülki Müdafiə Qərargahı rəisinin müavini vəzifələrində çalışmış, birinci dərəcəli kapitan rütbəsinə kimi yüksəlmişdir.
H.Ocaqov Respublika Mülki Müdafiə Qərargahında işlədiyi dövrdə Dağlıq Qarabağ döyüşləri zamanı Cəbrayıl və Füzuli rayonlarından əhalinin köçürülməsində və yerləşdirilməsində, Г‡ernobl Atom Elektrik Stansiyasındakı qəza nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir.
Bu illər ərzində o, elmi-pedaqoji fəaliyyətlə də ciddi məşğul olmuşdur. 1984-1988-ci illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunun məqsədli qiyabi aspirantı olmuş, 1988-ci ildə Moskva şəhərində “Su təchizatı sistemində suyun radioaktiv çirklənmələrdən təmizlənməsi üçün yerli təbii sorbentlərdən istifadə edilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1997-ci ildə “Fövqəladə hallar zamanı radioaktiv, yanğın və kimyəvi təhlükəli obyektlərin yerləşdiyi rayonlarda əhalinin həyat təminatı və vaxtında mühafizə sisteminin hazırlanması üzrə tədbirlərin işlənməsi və vəziyyətin proqnozlaşdırılmasının metodoloji əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi almış, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür. H.Ocaqov Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində Qafqaz regionunda ilk elmlər doktoru idi. O, 230-dan çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 3 ixtiranın, 2 patentin, ali məktəblər üçün 5 dərsliyin, 3 dərs vəsaitinin, 6 metodik vəsaitin, 4 əyani dərs vəsaitinin, orta məktəblər üçün 6 dərsliyin müəllifidir. Həbib müəllimin rəhbərliyi ilə 4 nəfər uğurla dissertasiya müdafiə etmişdir. Bunlardan biri Türkiyə vətəndaşıdır.
Dövlət tərəfindən Həbib müəllimin əməyi yüksək qiymətləndirilmişdir. O, bir orden və 20 medalla təltif olunmuşdur.
Professor H.Ocaqov qeyri-hökumət təşkilatlarının işində də fəallıq göstərmişdir. 1997-ci ildə Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri üzrə mütəxəssislər assosiasiyasını “Fövqəl” Assosiasiyasını təsis etmiş və onun prezidenti seçilmişdir. Bundan başqa “Fövqəl” elmi nəzəri və metodiki jurnalının təsisçisi və baş redaktoru olmuşddur. Həbib müəllim elm sahəsində çox böyük nailiyyətlərə yiyələnmiş alimlərimizdən idi. O, elmi sahədə fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı, ekoloji təhlükəsizliyi, fövqəladə halların idarə olunması, monitorinqi və proqnozu, həyat fəaliyyətinin təhlükəsizliyi, radiasiya və kimya təhlükəsizliyi və su təchizatı problemləri ilə məşğul olmuşdur.
H.Ocaqov 1990-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasına rəhbərlik etmişdir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti, Respublika Təhsil Nazirliyinin “Hərbi, fiziki hazırlıq və həyat fəaliyyətinin təhlükəsizliyi” elmi-metodik bölmənin sədri, bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, Respublika Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti texniki şuralarının üzvü olmuşdur. O, Birləşmiş Millətlər Təşkilatı, NATO və Avropa şurasının xətti ilə aparıcı xarici mütəxəssislərlə və assosiasiyalarla sıx əməkdaşlıq etmişdir. İsveç, Pakistan, Fransa, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və treninqlərdə iştirak etmişdir.
Həbib Osman oğlu Ocaqov mənalı və şərəfli ömür yolu keçmişdir. Onun əziz xatirəsi Azərbaycan xalqının, onu tanıyanların, dostlarının və doğmalarının qəlbində daima yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İsmayıllı rayon İcra Hakimiyyəti

Şərh Yaz