Təlim seminar yaddaqalan olub

Avqust ayının 28-də İsmayıllıda “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində növbəti təlim-seminar keçirilib.
Rayonun Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, ictimaiyyətin nümayəndələri, fiziki imkanı məhdud olan şəxslər, habelə GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin sədri Gülnarə Səlimova iştirak ediblər.
Tədbiri İsmayıllı RİH başçısının müavini S.Əhmədova açıb və iştirakçılara layihə barədə məlumat verib.
Təlim seminar yaddaqalan olub
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək ıctimai birliyinin sədri Fariz Xəlilli çıxış edərək, “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin əhəmiyyətindən və layihə çərçivəsində görülən işlərdən danışıb. O, Cavanşir qalası, Qız qalası, Hacı Məcid Əfəndi məscidi və digər abidələrin ümumi vəziyyəti, inklüziv turizm imkanları barədə ətraflı məlumat verib. Ekspert Gülşən Hüseynova layihə çərçivəsində həyata keçirilən sorğuların nəticələrini açıqlayıb. Fiziki imkanları məhdud insanların sosial qayğıları, layihə həyata keçirilən bölgələrdə inklüziv turizm perspektivləri və sorğuya cəlb olunan şəxslərin bu sahə ilə bağlı məlumatlılıq səviyyəsi, mədəni-maarif ocaqlarında, turizm müəssisələrində və digər xidmət obyektlərində infrastrukturun qiymətləndirilməsi zamanı meydana çıxan bir sıra məsələlər müzakirə olunub.
GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək ıctimai birliyinin sədri G.Səlimova rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində gördükləri işlərdən danışıb.
“Şəxsiyyət, cəmiyyət münasibətlərində psixoloji davranışın əhəmiyyəti” mövzusunda çıxış edən ekoloq-ekspert Elmira Abasova fiziki imkanları məhdud insanlarla davranış zamanı yol verilən yanlışlıqlar və onların aradan qaldırılması, problemin ekoloji aspektləri haqqında ətraflı məlumat verib.
“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi ilə bağlı müvafiq tədbirlər İsmayıllı şəhəri ilə yanaşı, Diyallı kəndində və Basqal qəsəbəsində də keçirilib. Yerli sakinlərin marağına səbəb olan təlim-seminarlar real təklif və tövsiyələrlə yadda qalıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz