Məktublaşmadan başlayan dostluq

Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış əməkdaşlıq haqqında Sazişə əsasən azərbaycanlı məktəblilər iyulun 31-dən başlayaraq bu ölkədə səfərdə olublar.
Məktəblilər İto şəhərində “International Homestay Club”un nümayəndələri tərəfindən təşkil edilən rəngarəng tədbirlərə qatılıb, yaponiyalı həmyaşıdları ilə dostluq əlaqələri qurmaq istiqamətində müxtəlif tədbirlərdə iştirak ediblər.
Məktublaşmadan başlayan dostluq
İsmayıllı məktəbliləri 2013-cü ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında imzalanmış dostluq mübadiləsi haqqında Sazişə əsasən bu şəhərə səfərə gəliblər. Səfərdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin 2 şagirdi və 1 müəllimi iştirak edib.
Səfər barədə məlumat verən məktəbin ingilis dili müəllimi Aytəkin Əhmədova deyib: “İsmayıllıdan olan şagirdlər artıq bir neçə ildir ki, İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərlərinin bir-birinə yaxınlaşmasında həmin məktublar xüsusi rol oynayıb. Ötən il mübadilə proqramı çərçivəsində şagirdlərimiz ilk dəfə Yaponiyada olublar. Bu il isə yapon məktəbliləri ilk dəfə İsmayıllı rayonuna səfərə yollanıblar.
Səfərin ilk günündə azərbaycanlı şagirdlər Tokionun görməli yerləri ilə tanış olub, Azərbaycanın Yaponiyadakı səfirliyinə baş çəkiblər.
Səfər zamanı üçün yapon dostlarımız bizə zəngin proqram hazırlayıblar. Şagirdlərimiz “Homestay” proqramı çərçivəsində həmyaşıdlarının ailələrində yaşayaraq burada yapon həyat tərzini, ailədaxili münasibətləri və milli mədəniyyəti yaxından öyrənirlər. Azərbaycanlı məktəblilərin İto şəhərinin meri və şəhər parlamentinin sədri ilə görüşləri olub. “International Homestay Club”un üzvü olan Konuşi Tsneo məktəbimizin şagirdlərinə distant yolla yapon dilini öyrədir. İtoda olduqları müddətdə K.Tsneo tərəfindən hazırlanmış “Yapon dili” dərsliyinin təqdimatında da iştirak ediblər.
Proqrama uyğun olaraq, İto şəhər musiqi məktəbində şagirdlərə milli musiqi alətləri haqqında məlumat verilib. Onlar, həmçinin əlbəyaxa döyüş növlərinin öyrədildiyi məktəbə baş çəkiblər. Bundan başqa, uşaqlar İtonun tarixi və görməli yerlərini ziyarət edib və Fuci dağında olublar.
Hər il avqustun 8-dən 10-dək İto şəhərində təşkil olunan Angin Maçuriyə – Yay festivalına qatılan məktəblilərimiz burada təbilçilərin müsabiqəsini, digər rəngarəng bədii proqramları və möhtəşəm atəşfəşanlığı da izləyiblər”.
“İsmayıllı xəbərləri”

Şərh Yaz