Yaddas kitabcasi

Maarifpərvər şair

S.Ə.Şirvani -180
(Birinci məqalə)
Yüz səksən il bundan əvvəl Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınan S.Ə.Şirvani anadan olmuşdur. Qəzəlləri, öyüd və təmsilləri, satira və mənzum hekayələri ilə şöhrət qazanan Seyid Əzim Şirvani Azərbaycan uşaq ədəbiyyatının ilk yaradıcılarından biridir.
Yeni tipli məktəbdə dərs deyən, şagirdlərinə dünya elmləri öyrədən Seyid Əzim uşaqların yaş səviyyəsinə uyğun, tərbiyəvi əhəmiyyətə malik şeirlər yazmış, məktəblilər üçün ilk oxu kitabı hazırlamışdır. O, həyatını təlim-tərbiyə işinə həsr etmiş, ömrünün sonuna kimi xalqın maariflənməsi üçün əlindən gələni əsirgəməmiş, müasir elmlərin təbliğatçısı olmuşdur.
İnqilabi satiranın banisi M.Ə.Sabir Seyid Əzimin dərs dediyi məktəbin yetirmələrindəndir.
S.Ə.Şirvaninin yaradıcılığında onun maarifçi şeirləri mühüm yer tutur. “Qafqaz müsəlmanlarına xitab” şeirində başqa millətlərin tərəqqisindən söhbət açan Seyid Əzim avam müsəlmanları kəskin tənqid atəşinə tutur, din xadimlərinin onları soymasından ürək ağrısı ilə danışır:
Hamının fikri xalqı soymaqdır,
Quru yerdə bu xalqı qoymaqdır.
Maarifpərvər şair
Başqa əsərlərinə nisbətən şairin maarif, təlim-tərbiyə məsələlərinə həsr etdiyi şeirlərinin dili sadə və aydındır. Bu şeirlərdə o yeri gəldikcə xalq deyimlərindən, atalar sözü və məsəllərdən istifadə edir.
“Oğluma nəsihət” şeirində S.Ə.Şirvani öz balaca oxucularını əməksevər olmağa, elm öyrənməyə, hər hansı bir peşəyə yiyələnməyə çağırır:
Bunu bizdən deyibdilər əqdəm,
Sənəti olmayan deyil adəm.
Puç olub getsə dövlətin zayə,
Genə sənətdir əldə sərmayə.
Elmdir əhli-sənətin hünəri,
Elmsiz sənətin nədir səməri?
Şair şeirin ikinci hissəsində oğluna, onun şəxsində bütün gənclərə rus dilini öyrənməyi məsləhət bilir və yazır:
Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.
Şair daha sonra bu şeirində dostluqdan, onun faydasından söhbət açır.
Seyid Əzimin yaradıcılığında onun nəsihət və təmsilləri mühüm yer tutur. Bu baxımdan “Xan və dehqan”, “Eşşək və arılar”, “Siçan balası”, “Dəvə və balası” şeirləri çox maraq doğurur. “Qaz və durna” təmsilində lovğa, özündən razı, bir neçə sənəti alayarımçıq öyrənməyi ilə fəxr edənlər kəskin tənqid atəşinə tutulur. Şair öz oxucularını hər hansı bir peşəni mükəmməl öyrənməyə, sənətinin ustası olmağa çağırır:
Kişi bir sənəti bilər xalis,
Г‡oxuna meyl edən qalar naqis.
Azərbaycan satirik şeirinin inkişafında da S.Ə.Şirvaninin xidmətləri əvəzsizdir. Onun “Allaha rüşvət”, “Köpəyə ehsan”, “Dəli şeytan”, “Bəlx qazısı və xarrat”, “Qazı saqqalını yandırır”, “Elmsiz alim”, “Ruhanilik fəhləsi”,”Yerdəkilərin göyə şikayətə getmələri” və sair bu qəbildən olan əsərləri satirik şeirlərimizin ən yaxşı nümunələri hesab etmək olar. Öz kəskinliyi, reallığı ilə seçilən bu şeirlər bədii sənətkarlıq baxımından da diqqəti cəlb edir.
Qədirbilən xalqımız ömrünü vətən övladlarının təlim-tərbiyəsinə həsr etmiş satirik şairin xatirəsini həmişə əziz tutur. Şairin yaradıcılığında qəzəl janri da mühüm yer tutur. İkinci yazıda bu barədə geniş söhbət açacağıq.
Hacıməmməd Məmmədov,
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz