Fasilə başa çatdı

Əliyev Vaqif Soltan oğlu 1947-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub. 1970-ci ildə Bakıda Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisadçıdır. Yaradıcılığa gənclik illərində başlasa da, çalışdığı məsul vəzifələrlə əlaqədar yaradıcılığına uzun müddət fasilə verib.
2002-ci ildə ailəliklə İsrailə köçən V.Əliyev yenidən yazıb-yaratmağa başlayıb. O, 2011-ci ildən İsrail Yazıçılar İttifaqının, 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. ”Dağlar elə bil” adlı ilk şeirlər kitabı 2012-ci ildə çapdan çıxıb.
Fasilə başa çatdı
Fasilə başa çatdıŞairin “Sən Allah, bənövşəm, bağışla məni” kitabı 2014-cü ildə işıq üzü görüb.

Vaqif müəllim redaksiyaya son gəlişində bizimlə 3-cü kitabının çapdan çıxması sevincini bölüşdü.
Yaşının bu çağında ürəyini belə rahatlıqla boşaltmasına nəyin rəvac verdiyini ondan soruşduqda olduqca sadə bir cavab verdi:
– Fasilə başa çatdı. Şeirlə, sözlə dolan ürəyi boşaltmamaq onu incitmək deməkdir. Ürək yaz deyirsə, yazmamaq olmaz.

Vətən həsrəti

Nə vaxtdır həsrətin sona yetməyir,
Bu qəmim, kədərim bitmir ki, bitmir.
Ürəyim qovrulur ağrıyla hər gün,
Allah da dərdimə bir çarə etmir.

Həsrət uzandıqca ömür üzülür,
Doluram, gözümdən yağış süzülür.
Qardaş, Vətən dərdi elə dərddi ki,
Nə ürək sevinir, nə könül gülür.

Vətənə hər kəsin var məhəbbəti,
Bizik harda olsaq onun sərvəti.
Bütün həsrətlərin başıdır, şair,
Qürbətdə çəkilən vətən həsrəti.

İkiyə bölünə bilmirəm, Vətən,
Tək sənə məxsusdur bu baş, bu bədən.
Taleyin amansız işinə bir bax,
Səndən ayrı saldı məni heç nədən.

Şərh Yaz