Birlik inkişaf üçün zəmindir

“Bələdiyyənin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyələr, eləcə də bələdiyyənin hər bir üzvü 6 ayda bir dəfə görülmüş işlər haqqında seçicilər qarşısında hesabat verir. Bu məqsədlə iyul ayının 24-də keçirilən yığıncaqda 2015-ci ilin birinci 6 ayı üçün İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevin hesabatı dinlənilib.
Bələdiyyə sədri yeni tərkibin ilk iclasının fevral ayının 2-də keçirildiyini diqqətə çatdırıb və 2015-ci ilin birinci yarımilində bələdiyyənin mədaxil və məxarici, eləcə də görülən işlər barədə məlumat verib.
Hesabat dövründə bələdiyyə mədaxil proqnozuna kəsrlə yerinə yetirmişdir. Məlum məsələdir ki, xərclər üzrə proqnoz da kəsirdə qalıb.
Birlik inkişaf üçün zəmindir
Bələdiyyə 2015-ci ilin birinci 6 ayında büdcə gəlirlərində istənilən nəticələrə nail olmasa da, bir sıra işlərin görülməsinə müvəffəq olub. Belə ki, şəhərin Topçubaşov, Əliağa Şıxlinski, Böyük mərc, Cəfər Cabbarlı, Rəşid Mahmudov, Məhəmməd Hadi, Qazan xan, Vahab Osmanov, Qadir Məmmədov, Dədə Qorqud küçələri, Mican və Qəzli qəbiristanlıqlarına gedən yollar çınqılla örtülüb.
Hesabat dövründə rayon səviyyəsində keçirilən bayramlarda, mədəni-kütləvi tədbirlərin təşkilində və keçirilməsində bələdiyyənin də imkanlar daxilində iştirakı olub.
Şəhər mərkəzində, “Bayraq meydanı” ətrafındakı parkda sanitar qovşağın əsaslı təmiri buna misal ola bilər.
Bir il əvvəl bələdiyyə binasının fasadı əsaslı təmir olunsa da, işlədilən material yanma təhlükəsi yarada biləcəyi səbəbindən tamamilə sökülüb. Hazırda binanın fasadı suvanır və ətrafdakı binalarla ansambl təşkil etməsi üçün işlər görülür.
P.Ağayev bildirib ki, İsmayıllı bələdiyyəsi son 6 ayda diqqəti cəlb edən bəzi işlər görülüb. İşdəki sürəti qaldırmaq üçün bələdiyyəyə gəlir gətirə biləcək iş yerlərinin açılmasına səy göstərilir. Əslində, hər hansı iş yerinin açılması üçün də kifayət qədər maliyyə vəsaiti tələb olunur.
Görülən işlər əsasən fiziki şəxslərdən toplanmış torpaq və əmlak vergilərinin hesabına olub.
Aydın məsələdir ki, çox gəlir əldə etdikdə daha çox iş görmək olar. Bütün imkanları bu sahəyə istiqamətləndirmək üçün bələdiyyədə mümkün qüvvələr səfərbər olunmalıdır. Hər bir vergi ödəyicisi ilə fərdi qaydada söhbətlər aparılmalıdır. Vətəndaşların vergi mədəniyyətinin istənilən səviyyəyə qaldırılması üçün təbliğat işi gücləndirilməlidir.
Sayca dördüncü tərkib olan İsmayıllı bələdiyyəsi seçkilərdən sonra bir sıra çətinliklərlə üzləşib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi səbəbindən bələdiyyə büdcəsinin mədaxilinin əsas hissəsini təşkil edən torpaq satışından daxilolmaların olmaması səbəbindən hesabat dövründə bu sahə üzrə bələdiyyə büdcəsinə mədaxil olmayıb. Bu da büdcənin mədaxil hissəsinin böyük kəsirlə yerinə yetirilməsi deməkdir.
Büdcənin kəsirdə qalmasının başlıca səbəblərindən biri də bələdiyyə vergilərinin bələdiyyənin vergi agentləri tərəfindən toplanması deyil, vergilərin vətəndaşlara təqdim olunan bildirişlər əsasında bələdiyyənin hesablaşma hesabına köçürülməsi qaydalarının tətbiq olunmasıdır.
Hesabat dövründə icrası həyata keçirilmiş vacib məsələlərdən biri bələdiyyə üçün kifayət qədər əhəmiyyət kəsb edən Məhəllə komitələrinin yaradılması olub.
Birlik inkişaf üçün zəmindir
Bələdiyyələrin aşağıdan yuxarı idarəolunan qurum olunmasını bildirən məruzəçi yaradılmış komitələrin bələdiyyə işinin müsbətə doğru dəyişməsinə əsaslı təsiri olacağını bildirib.
Fürsətdən istifadə edən sədr şəhər sakinlərini vergilərin ödənilməsində fəallıq göstərməyə dəvət edib.
Məruzə ətrafında bələdiyyə üzvlərinin hesabat xarakterli çıxışları, seçicilərin rəy və təklifləri dinlənilib.
Yığıncaq tənqid və özünütənqid üzərində köklənsə də, mövcud şəraitdə görülən işlərə qənaətbəxş qiymət verilib.
Ş.Soltanov

Şərh Yaz