Meşələri yanğından qoruyaq!

Təbiətin qoynunda dincələn hər bir insan ağacların, sıx kolların və ətirli yaşıllığın nə qədər vacib olduğunu dərk edir. Lakin təəssüflər olsun ki, bəzən insanlar həyatları üçün mühüm əhəmiyyət kəsb edən meşələrin bilərəkdən və ya bilməyərəkdən əsl qatilinə çevrilərək birbaşa öz sağlam həyatlarına qəsd edirlər.Meşələri yanğından qoruyaq!
Meşənin qoynunda, gözəl bir guşədə istirahəti tonqal üstündə bişirilən ləziz təamlarsız təsəvvür etmək nə qədər çətindirsə, sonradan baş verə biləcək yanğın hadisəsini təsəvvür etmək bir o qədər üzücüdür. Meşələrin məhv olmasının əsas səbəblərindən biri məhz onun yanğınlara məruz qalmasıdır. Təsadüfi deyildir ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır.
Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. Baş verən yanğınların qarşısının vaxtında alınmasına baxmayaraq, hər il belə hadisələrə ölkənin müxtəlif bölgələrində təsadüf olunur. Yanğınların bir hissəsi ildırım çaxması zamanı baş versə də, ölkəmizdəki meşə yanğınlarının törənməsində insan amili böyük rol oynayır. Baş vermiş meşə yanğınları əsasən yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların yandırılması nəticəsində meydana gəlir. Bu zaman əkin sahələrinin meşə və digər bitki örtüyünə yaxın olması ciddi fəsadlara səbəb olur. İnsanların səhvi ucbatından hər bir kvadratmetr sahəyə yayılan yanğın qiymətli ağac və kolların yanıb məhv olması ilə nəticələnir.
Torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur. Torpağın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.
Bu səbəbdən də meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da yanğın törədir.
Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları, o cümlədən yanar tütün məmulatları atmaq olmaz. Meşələrdə avtomobillərin yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yolverilməzdir. Meşələrdə yanacaq və sürtgü yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəsi törədir. Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır.
Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən meşələrdə keçirilən kütləvi tədbirlər zamanı tonqallar əraziyə nəzarət edən müvafiq qurum tərəfindən ayrılan xüsusi yerlərdə qalana bilər. Tullantıların yandırılması da bütün hallarda həmin əraziyə nəzarət edən qurumun əməkdaşları ilə razılaşdırılmalıdır. Tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında, xüsusən də budaqları aşağı sallanan ağacların altında yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Tonqal qalamaq üçün ilk növbədə ağaclardan xeyli aralıda yer hazırlamaq məqsədəuyğundur. Həmin ərazi otlardan təmizlənməli, tonqal üçün çala qazılmalıdır. Tonqal heç bir halda nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür ocaq qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu çox təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Г‡ünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Г‡alışmaq lazımdır ki, yarpaqları qurumuş budaqlardan istifadə edilməsin, çünki bu zaman qırağa təkcə qığılcımlar deyil, yanan yarpaqlar da səpələnə bilər. Ərazini tərk edən zaman tonqalı tam söndürməli, üzərinə su atmalı, sonra isə üstü torpaqla örtülməlidir.
Yanğınla müxtəlif mübarizə metodlarının olmasına baxmayaraq, mübarizənin ən effektiv və sınanmış metodu insanların bu sahədə maarifləndirilməsidir. Həyata keçirilən təbliğat-təşviqat işləri, ictimai maarifləndirmə artıq ölkəmizdə öz nəticələrini verməkdədir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu məqsədlə yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə edir. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer ayırır.
Meşə yanğınları ilə əlaqədar əhali bilməlidir ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalı, yanğının söndürülməsində təhlükəsizlik təmin edilməlidir. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər. Yanğın ərazisindən keçmə zərurəti yarandıqda tənəffüs yollarının zədələnməməsi üçün nəfəsi tutmaq lazımdır.
Yadda saxlayın ki, meşələr Yer kürəsinin ağciyərləridir. Meşələri yanğından qorumaq hər birimizin borcudur. Hər hansı bir təhlükə yaranıbsa “112”-yə zəng edin.
Fövqəladə Hallar Nazirliyi

Şərh Yaz