Yaddas kitabcasi

Dörd ildir qalibik

İyulun 6-da Qəbələdə gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının bağlanış mərasimi keçirilib.Dörd ildir qalibikFövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə keçirilən yarışların bağlanış mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
Əvvəlcə yarışın keçirildiyi ərazidə komandaların üzvlərinin sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı, qidalanması üçün yaradılan şərait, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə tanış olunub.
Komandalar şərti olaraq “Yeddi gözəl” otelində baş verən yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, göldə boğulmaq təhlükəsi ilə üzləşən uşağın xilas edilməsi, dərin quyuya düşən insanın oradan çıxarılması əməliyyatlarını uğurla başa vurublar. Gənc yanğınsöndürən və xilasedicilər hündür binanın fasadına çıxaraq üçrəngli dövlət bayrağımızı dalğalandırıblar, gənc boksçu və taekvondoçular isə döşək üzərində öz bacarıqlarını nümayiş etdiriblər.
Sonra Qəbələ Mədəniyyət Mərkəzində yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının final mərhələsi haqqında videoçarx nümayiş etdirilib. Yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.
Tədbirdə çıxış edən Təhsil Naziri Mikayıl Cabbarov qeyd edib ki, yarışların keçirilməsinin məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir. Mikayıl Cabbarov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov qalibləri təbrik edib və belə tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildirib.
Tədbirdə məlumat verilib ki, FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə əvvəlcə Azərbaycanın müxtəlif bölgələrində gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin zona yarışları keçirilib, yüksək nəticə əldə edən komandalar finala vəsiqə qazanıblar. Bu yarışın iştirakçısı olan 17 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Belarus, Gürcüstan, Qazaxıstan və Moldovadan olan təmsilçilər beş mərhələdə – “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıblar.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışın qalibi olan Rusiya komandasına mükafatlar təqdim edib, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib.
Beynəlxalq yarışda ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika yarışlarında isə Bakının Nizami rayon komandası ikinci, İsmayıllı komandası üçüncü yerə çıxıb.
“İsmayıllı xəbərləri”
Dörd ildir qalibik

Şərh Yaz