Kərbəlayi Kamil Sərbəndi

Kamil Muxtar oğlu Bağırov (Sərbəndi) 1947-ci ildə sinəsi müdrik kəlamlarla dolu ağsaqqalları, məzəli sözləri ilə mahalda tanınmış hazırcavab adamları ilə məşhur olan Lahıcda dünyaya göz açıb. Kərbəlayi Kamil SərbəndiQocası da, cavanı da şeir, muğam həvəskarı olan bir mühitdə böyüyüb boya-başa çatmış gənc Kamil kiçik yaşlarından klassik şeirə maraq göstərmişdir. Özü də yazmağa həvəs göstərmişdir. Nəhayət, özündə cəsarət tapıb ilk şeirlərini yazıb, özü də əruz vəznində. Onu da qeyd edək ki, əruz vəzni ilə yazmağa hər şair cəsarət etmir. Kamil bunu bacarır.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olub və oranı bitirib. Həyata əyləncə kimi baxanların murdar xisləti önündə qəzəbini saxlaya bilməyən gənc satiraya meyl salır. Böyük Sabir kimi qəlbini ovutmaq üçün satiraya əl atır. Bununla belə, lirik qəzəllər, qəsidələr, dini məzmunlu şeirlər də yazır. Şair şeirlərində oxucularını saflığa, xeyirxahlığa, düzgün əməllərə səsləyir.
1995-ci ildə “Dərə xəlvət, tülkü bəy” adlı ilk kitabı çap olunub. Həmin il də Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunur. Sonralar şairin “Yağı bizim, dağı sizin” (2007-ci il), “Bir gözəl sevmiş könül” (2008-ci il), 2014-cü ildə isə “Həqiqət ayinəsi” adlı iri həcmli kitabı işıq üzü görmüşdür. Aşağıda oxucularımıza şairin şeirlərindən nümunələr təqdim edirik:

Olur

Hər kimin duz-çörəyi dəhrdə minnətsiz olur,
Şübhəsiz, alnı açıq, qəlbi də möhnətsiz olur.

Əyri yollarla quran dəbdəbəvü cahü cəlal,
Yolçu tək bir gün olur axırı, sərvətsiz olur.

İnsanın sadə həyat tərzidir ancaq şərəfi,
Hər kimin sadəliyi olmasa, rəğbətsiz olur.

Yüksəliş istəyənin alnı gərək tərli ola,
Heçə dəyməz bir ömür-gün ki, o, zəhmətsiz olur.

Mərd olan kimsənə meydanda özü ad qazanar,
Başqaya möhtac olan gec-tezi ismətsiz olur.

Əymə baş beş gün ömürdən ötəri hər yetənə,
Yaltağın ömrü yüz il olsa da, hörmətsiz olur.

Sən bacardıqca çalış çox yara xalqın işinə,
Ağacın meyvəsi olmazsa, təravətsiz olur.

Kamila, insan olan büdrəyənə əl yetirər,
Tutmayanlar yıxılan kimsəni, qeyrətsiz olur.

Döndərdi məni

Pul qazanmaq həvəsi hambala döndərdi məni,
Gündə yüz cildə salıb, yüz yola döndərdi məni,
Mərifət əhli ikən, naqqala döndərdi məni,
Ayaq altında əzilmiş nala döndərdi məni.

Ehtiyacmış qadası, mərdləri namərd eləyən,
Xoş günə zəhr qatıb, ömrü-günü dərd eləyən,
Pul imiş hər yetəni məşhur edib, mərd eləyən,
Kasıb olmaq necə də çaqqala döndərdi məni.

Kasıbın ağlı əgər olsa dənizdən də dərin,
Tapa bilməz yüz il əlləşsə cəmiyyətdə yerin,
Qardaşım, yaxşı eşit, yatma, qoy olsun xəbərin,
Boş cibim dilsiz-ağızsız mala döndərdi məni.

Dövləti, malı olan hər yeri almış əlinə,
Talayıb xalqı tamam, qəsd eləyir öz elinə,
Bənzəyir varlı qarı nazlı, gözəl bir gəlinə,
Mənə bax, pis güzəran qanqala döndərdi məni.

Başın olsun

Istəyirsən əgər yaxşı pulun , daşbaşın olsun,
Öz xeyrini şərdən tanı dostum, başın olsun.

Şərt tək o deyil ki, ola insanda vəzifə,
Varsa möhürün, vaxtını sərf etmə izafə,
Boş-boş sözə aldanma, geyin başqa qiyafə
Beş günlük ömürdür, adına qoy maşın olsun,
Öz xeyrini şərdən tanı dostum, başın olsun.

Heç kimsə üçün müftə bir iş görmə məbadə,
Sən atlı ol, ardınca qaça kütlə piyadə.
Qoy mətləbi qansın hamı qaldıqca bəladə
Rəhm eyləmə lap doğma atan, qardaşın olsun,
Öz xeyrini şərdən tanı dostum, başın olsun.

Xalqın canı qurtarsa süründürməçilikdən,
Г‡ox barlı ağac məhv olar, əlbəttə ki, kökdən.
Bağ yoxsa necə söhbət olar alma, ərikdən?
“Get-gəl” kimi xoş sözlər üçün yaddaşın olsun
Öz xeyrini şərdən tanı dostum, başın olsun.

Tapılmadı

Bir tər çiçək idin sən laləzarda,
Hüsnünü görməyə göz tapılmadı.
Ətrin məst etsə də bütün aləmi,
Önündə bir gülən üz tapılmadı.

Qönçəlik dövrünü yetirdin başa,
Güllük dövrün oldu başqa tamaşa,
Hər kim səni gördü, dedi, min yaşa,
Ancaq bir sözünə düz tapılmadı.

Bahar sona yetdi, getdi cavanlıq,
Pozuldu səltənət, xoş firəvanlıq,
Hər kimə dost dedin, etdi yamanlıq,
Səbəbin soruşdun, söz tapılmadı.

Həyat rəftarından rəngin saraldı,
Başının üstünü duman, çən aldı,
Gənclik arzuların ürəkdə qaldı,
Fəqət o illərdən iz tapılmadı.

Kamil, bəxt gərəkdir hər bir insana,
Yoxsa xoş gün görüb çıxmaz bir yana,
Bədbəxt istəsə ki, odlanıb yana,
Görərsən orda da köz tapılmadı.

Apardın…

Sən gedəndə özün ilə bərabər,
Tər güllərin qoxusunu apardın.
Sevincini qərq eyləyib kədərə,
Sən quşların oxusunu apardın.

Həsrətindən göy yarpaqlar saraldı,
Dağ başını duman tutdu, çən aldı,
Sənsiz parlaq al şəfəqlər qaraldı,
Günəşin ilk doğusunu apardın.

Sən ki, yoxsan aləm qılmır təbəssüm,
Heç bir yerdə sevinc etmir təcəssüm,
A bimürvət, səndə yoxmu tərəhhüm?!
Təbiətin duyğusunu apardın.

Hicran tutdu yaman yerdə Kamili,
Parçalayıb böldü dördə Kamili,
Qoyub getdin, saldın dərdə Kamili,
Gözlərindən yuxusunu apardın!

Bilməm nədən!

Atalar “papa” oldu bilməm nədən!
Analar “mama” oldu bilməm nədən!

Dilim pakizə idi, ləhcəm şirin,
Dühalər ölkəsində ağlım dərin,
Qışım isti keçərdi, istim sərin,
Həyat bisəfa oldu bilməm nədən!
Büsatlar fəna oldu bilməm nədən!

Əzəldən qonaqpərvər olduq yaman,
Min nemət yedi süfrəmizdən cahan,
Buyur, eylə tamaşa indi, haman,
Millət binəva oldu bilməm nədən!
Qonaq bihəya oldu bilməm nədən!

Biz yazıq olmamışdıq, olduq əcəb!
Xəzandan solmamışdıq, solduq əcəb!
Bu gündə qalmamışdıq, qaldıq əcəb!
Gülüşlər əza oldu bilməm nədən!
Suallar nida oldu bilməm nədən!

Qəzəllər

Ta gördü gözüm ləlini dürdanələr içrə,
Əqlim məni tərk eylədi viranələr içrə.

Vurdum özümü eşq oduna misli-səməndər,
Təlim elədim yanmağı pərvanələr içrə.

Könlüm quşu çaldıqca qanad məqsədə yetməz,
Vəslin məni əldən salıb əfsanələr içrə.

Məhbusi-qəməm, halıma aləmdə yanan yox,
Zəncirdir həmdəm mənə divanələr içrə.

Hərdən nə olur halıma, ey gül, nəzər eylə,
Bir ləhzə gülüm mən də bu qəmxanələr içrə.

Qurbanın olum, rəhm elə, ey saqiyi-əyyam,
Vermə cigərim qanını peymanələr içrə.

Fəryad ilə, Kamil, özünü eyləmə rüsva,
Qoy namü-nişanın qala mərdanələr içrə.

* * *
Gözəlim, hər yetənə çox da etibar eləmə,
Binəva aşiqini dərdə giriftar eləmə.

Xoş anlar azmı olub ömrümüzdə, bir nəzər et?
“Sevirəm” söylədiyin günləri inkar eləmə.

Ruhuma hakim olub eşqin, əzizim, nəzər et,
Qəlbimi yıxmaq ilə yersiz iftixar eləmə.

Şövqi-vəslinlə dözüb səbr edirəm hər çətinə,
Gözün fədası, məni böylə biqərar eləmə.

Bu məmləkətdə mənim çox tuturlar hörmətimi,
Batırma izzətimi, xalq içində xar eləmə.

Gedir soruşmadan ömr, bir də dönmərik geriyə,
Bu xoş həyatda bizə ruzigarı dar eləmə.

Beş-on gün ömrümüzü şad olub gülək, danışaq,
Nə lazım ortada, Kamil, bu ahu-zar, eləmə?!

Biz girişən kol deyil

Gəl gedək oğlan, bazar biz girişən kol deyil,
Aylığımız burda heç zərrəcə bir pul deyil.

Məndən əmanət sənə, girmə bu viranəyə,
Sən özünü tutma tay bir para divanəyə,
Qiymətə sal bir nəzər, bənzəyir əfsanəyə,
Sanki bu mer-meyvələr dürrdü, məhsul deyil,
Gəl gedək oğlan, bazar biz girişən kol deyil.

Almasatan gör necə şapkasını yan qoyur,
Minlər ilə kimsəni çünki lüt-üryan qoyur,
Kim becərib, kim dərib, kim cibə milyon qoyur,
Böylə əməl, doğrusu, Həqqə də məqbul deyil,
Gəl gedək oğlan, bazar biz girişən kol deyil.

Cəhd eləmə bunların könlün ələ almağa,
Bunlar adam axtarır ciblərini yolmağa,
Daş nə bilir söz nədir, meyl edə yumşalmağa,
Düzlük ilə bunların heç biri məşğul deyil,
Gəl gedək oğlan, bazar biz girişən kol deyil.

Armud, ərik, portağal, xurmaya göz dikmə heç,
Г‡ox limona əl atıb burnuna da çəkmə heç,
Sızlama bir dul kimi, göz yaşını tökmə heç,
İndi bizim ölkədə tox aca məsul deyil,
Gəl gedək oğlan, bazar biz girişən kol deyil.

Burda bazarlıqlara insana minlər gərək,
Fitnəli şeytanlara norkalı cinlər gərək,
Qansorana qansoran zorba çibinlər gərək,
Gündə bazar yolları hər yetənə yol deyil,
Gəl gedək oğlan, bazar biz girişən kol deyil.

Dünya cocuq gözündə

Dünya cocuq gözündə gülüstanə bənzəyir,
Hər bir kənarı cənnəti-Rizvanə bənzəyir.

Arif gözü ilə gəl nəzər et sən bu aləmə,
Gör şərbəti, şərabı necə qanə bənzəyir.

Bir dəm kəsilməyir arası odlu nalənin,
Üzdə əgər ki, hər biri sultanə bənzəyir.

Uymam sevincinə, toyuna mən bu xilqətin,
Hər nəğmə saxta, qəmli bir əfqanə bənzəyir.

Hərçəndi var gülən, danışan üzdə ölkədə,
Amma, çifayda, cümləsi giryanə bənzəyir.

Zahirdə varsa da əynində hər kəsin libas,
Batində gör ki, hər biri üryanə bənzəyir.

Baş, göz, burun, qulaqla hamı insan adlanır,
Sədheyf, şüuru, ağlı yox, heyvanə bənzəyir.

Əhli-zəmanə tapdamış haqqı, ədaləti,
Haqqın, həqiqətin yeri zindanə bənzəyir.

Fitnə-fəsad, yalan öylə tutubdur yer ölkədə,
Doğru təsadüf eyləsə, böhtanə bənzəyir.

Haqq istəmək verər bada bir gün bu Kamili,
Gəl et tamaşa, gör necə qurbanə bənzəyir.

Şərh Yaz