Ünvanlı dövlət sosial yardım sistemində yenilik

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşdırılıb. Ünvanlı dövlət sosial yardım sistemində yenilikVətəndaşlar tərəfindən ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatı hazırlanaraq ilkin testləşdirmə işlərinə başlanılıb. Testləşdirmə prosesində proqram təminatından vətəndaşların asan və rahat şəkildə istifadəsinin təmin edilməsi məqsədilə onun funksional imkanları diqqətlə yoxlanılır və aşkarlanan hər hansı problem aradan qaldırılır. Bu işlər başa çatdıqdan sonra həmin proqram təminatının pilot rejimdə istifadəyə verilməsi planlaşdırılır.
Proqram təminatı istifadəyə verildikdən sonra hər hansı vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət edə biləcək. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. Ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompyuter avadanlıqları vasitəsilə həyata keçiriləcək. Müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürüləcək.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların “Elektron Hökumət” portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul ediləcək. Vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat onun elektron ünvanına, yaxud mesaj formasında mobil telefon nömrəsinə göndəriləcək. Ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunduğu halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka sifarişin göndərilməsi avtomatik şəraitdə həyata keçiriləcək. Bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud mesaj formasında mobil telefonuna göndəriləcəkdir. Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaqdır.
Hörmətli ismayıllılar, İsmayıllı rayonu bu sahədə pilot rayon olaraq seçilmişdir. Artıq 01 avqust 2015-ci il tarixindən etibarən ünvanlı dövlət sosial yardımı almaq üçün müraciətlər tam şəkildə elektron formada həyata keçiriləcək. Müraciətin forması və ümumi qaydalar haqqında geniş məlumatlarla “İsmayıllı xəbərləri” qəzetinin növbəti saylarında tanış ola biləcəksiniz.
Eyyub Musayev,
İsmayıllı rayon ƏSMM-nın aparıcı məsləhətçisi, Əmək və Sosial problemlər üzrə ETT-nin doktorantı

Şərh Yaz