İlin uğurlu nəticəsi

İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2014-2015-ci dərs ilini uğurlu nəticələrlə başa vurmuşdur.
Təhsil Nazirliyinin 130 nömrəli, 14 aprel 2015-ci il tarixli əmrinə müvafiq olaraq Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “ Meşələri qoruyaq” devizi altında IV Respublika müsabiqəsi keçirmişdir. Müsabiqədə İsmayıllı rayonunun məktəblərində fəaliyyət göstərən gənc meşəçilər İlin uğurlu nəticəsi
dəstələrinin üzvləri də fəal iştirak etmişlər. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin gənc meşəçilər dəstəsinin üzvləri, X sinif şagirdləri Timofey Prokofyev, Anastasiya Dubrovina, Anna Orlova, Vladislava Orlova “Meşələri qoruyaq” gənc meşəçilərin IV Respublika müsabiqəsində “Meşə ekologiyası və davamlı idarəetmə” nominasiyası üzrə münsiflər heyəti tərəfindən birinci yerə layiq görülmüşlər. Tircan kənd tam orta məktəbinin VII sinif şagirdi Səid Kazımlı “ Meşənin florası” nominasiyası üzrə IV həvəsləndirici yerlə kifayətlənmişdir.
Rayonun VIII-IX sinif şagirdləri arasında keçirilən 2015-ci il BMT tərəfindən Beynəlxalq işıq texnologiyaları ili elan edilməsi ilə əlaqədar “ İşığı görürəm” adlı esse müsabiqəsinin nəticəsi də uğurlu olmuşdur. RETTM və UNESCO-nun Milli Komissiyasının təşəbbüsü ilə keçirilən bu müsabiqədə şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi Toğrul Qasımov II yerə layiq görülmüşdür.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Mənim sevimli oyuncağım ekologiyanı öyrənir” adlı foto-müsabiqə rayonun 7-13 yaşlı məktəbliləri arasında keçirilmişdir. Məktəblilər öz sevimli oyuncaqları ilə səyahətə çıxaraq ekologiyanı, şəhər və kəndlərin ekoloji problemlərini öyrənib, gözəl mənzərələrə tamaşa edib, təbiətin gözəlliyi ilə yanaşı ətraf mühitin qorunmasının vacibliyini əks etdirən fotoları facebook sosial şəbəkəsində həmyaşıdları ilə paylaşmışlar. Bu foto-müsabiqədə şəhər 1 nömrəli tam orta məktəbinin I sinif şagirdi Rüfət Səlimzadə birinci yerə, həmin məktəbinin VI sinif şagirdi Ağəli Sədirli II yerə, Qubaxəlilli kənd tam orta məktəbinin III sinif şagirdi Əldər Mirzəzadə II yerə, şəhər 5 nömrəli tam orta məktəbinin II sinif şagirdi Elmir Salehli, şəhər 3 nömrəli məktəb-liseyin VI sinif şagirdi Hüsniyyə Qasımova, şəhər 2 nömrəli tam orta məktəbinin III sinif şagirdi Rüfət Yarıyev IV həvəsləndirici yerə layiq görülmüşlər.
Cari dərs ilində şəhər 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Pərvin Əşrəfli “Cənubi Qafqaz ölkələrində ekosistemlərin transformasiyası yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində Akademik Həsən Əliyevin xatirəsinə həsr olunmuş “Həyəcan təbili” devizi altında məktəblilərin respublika baxış müsabiqəsində fərqləndiyinə görə diplomla təltif edilmişdir.
2014-2015-ci dərs ilində keçirilən müsabiqələrdə 5 nəfər birinci, 3 nəfər ikinci, 5 nəfər isə dördüncü həvəsləndirici yerə layiq görülmüş, qaliblərin hamısına Respublika Təhsil Nazirliyinin Diplomları və qiymətli hədiyyələri verilmişdir.
Uğurlu nəticələr ümumtəhsil məktəblərinin biologiya və coğrafiya müəllimlərinin, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin dərnək rəhbərlərinin məktəblilərlə apardığı səmərəli işin, zəhmətin bəhrəsidir.
Sevda İsmayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz