Asandan asan xidmət

Bu kəlmələr dilimizdə son vaxtlar daha tez-tez işlədilir. Xalq da bu xidmətdən çox razılıq edir. Xidmət həqiqətən də tərifə dəyər. İsmayıllılar da həmin xidmətdən artıq üçüncü dəfədir ki, yararlanırlar və hamı da razıdır. İyunun 18-dən iyulun 2-dək səyyar asan xidmət Zaqatala, Hacıqabul və İsmayıllı rayonlarında xidmətə başlayıb.Asandan asan xidmət
Bu səyyar xidmətin mahiyyəti nədən ibarətdir. Asan xidmət mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərindən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
Rayonda xidmətin gedişi ilə tanış olmaq məqsədilə səyyar asan xidmət qrupunun rəhbəri Ülvi Həsənzadə ilə görüşüb söhbət etməyi qərara aldıq. Qrupun yerləşdiyi xan çinarların kölgəsindəki avtobuslara yaxınlaşırıq. Burada çoxlu adam var, hərənin də bir problemi, bir dərdi-səri. Buraya gələnlərin heç biri əliboş, naümid qalmır.
Ü.Həsənzadə qeyd etdi ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikaının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:
– notariat fəaliyyəti;
– vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
– şəxsiyyət vəsiqələrinin, verilməsi və dəyişdirilməsi;
– ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
– sürücülük vəsiqələrinin dəyişdirilməsi;
– əmək pensiyalarının təyin edilməsi;
– mənzil üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
– daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
– fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Asandan asan xidmət
Yuxarıda sadaladığımız məsələlər üzrə qrupa hər gün 350-400 nəfərə yaxın vətəndaş müraciət edir. Qrupun tərkibi 30 nəfərədəkdir. Bundan əlavə, qrupa hər gün xeyli yerli könüllü də kömək göstərir. Könüllülər vətəndaşlara ərizə yazmaqda, anket və müxtəlif sənədlərin doldurulmasında köməklik göstərirlər. Qrupun rəhbəri yerli təşkilatların onlara göstərdikləri köməklikdən razılıqla danışdı. Əhali də bu xidmətdən razıdır. Elə burada sürücülük vəsiqəsini dəyişmiş yeniyollu Mirələm Hüseynovla rastlaşdıq: – çox sağ olsunlar, heç bir əziyyət çəkmədən sürücülük vəsiqəmi dəyişdim, – deyə razılığını bildirdi. Hər gün belə razılıqla evinə dönənləri görəndə xidmətin nə qədər xeyirxah missiya ilə məşğul olduğuna əmin ola bilərik. Məhz xidmətin məqsədi də bu cür məmnunluğa nail olmaqdan ibarətdir. Asandan da asan xidmətdən kim narazılıq edər.
B.Babayev

Şərh Yaz