Uğurlarımız çoxdur

Milli təhsil sistemi respublikamızın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amillərdən biridir. Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam, əqidəli, milli ruhlu nəsil yetişdirmək.Uğurlarımız çoxdur
Azərbaycan Respublikasının Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1441 saylı Sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramının icrası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “Kiçik Akademiya” haqqında Əsasnaməyə uyğun olaraq A.Aslanov adına 2 nömrəli tam orta məktəbində şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədilə müəllim və şagirdlərin iştirakı ilə konfrans keçirilmiş və MKA-nın tərkibi seçilmişdir. MKA-nın 9 nəfərdən ibarət şura üzvü, 20 nəfərdən ibarət tərkibi, 18 nəfərdən ibarət şagird elmi cəmiyyəti, “Azərbaycan dili və ədəbiyyatı”, “Tarix-coğrafiya”, “Kimya-boilogiya”, “Fizika-riyaziyyat” fənləri üzrə 4 bölmə yaradılmışdır. Hər bölmənin rəhbəri, üzvləri müəyyənləşdirilmişdir. Bölmələrin hər birində 5-6 şagird fəaliyyət göstərir. Bölmə rəhbərləri şagirdlərə işləyəcəkləri mövzular üzrə tapşırıqlar verirlər. Şagirdlərin axtarışlarını, yaradıcılıq potensialını müəyyənləşdirmək, onlara istiqamət vermək bölmə rəhbərinin əsas işlərindən biridir. Həmin müəllimlər şagirdləri yeni-yeni axtarışlara sövq etmək, onların fikir və ideyalarını ümumiləşdirmək üçün məsuliyyət daşımalıdırlar. Bu məqsədlə qrup rəhbərləri fikir mübadilələri və müzakirələr apararaq xüsusi istedada malik olan şagirdlərin üzə çıxarılmasına nail olurlar.
Məktəbimizin fəal şagirdləri çoxdur. Hər sinfin uğuru bizim uğurumuzdur. Bu şagirdlərlə fəxr edirik. Bizim gələcəyimiz olan şagirdlər, sizin səs-sədalarınız hər an eşidilsin. X sinif şagirdi Mehri Novruzzadənin çəkdiyi hər bir tablo insanı düşündürməyə sövq edir. Onun fırçasının məhsulu olan şəkillər insanda elə bir duyğu yaradır ki, bu duyğuların təsviri heç zaman unudulmur. Tez-tez şəkilləri sərgiləri bəzəyir. Neçə-neçə diplom və fəxri fərmanla təltif olunan Mehrinin əsərləri hələ neçə-neçə rəssamlıq qalereyasını bəzəyəcək. Bakı şəhərində İstiqlal muzeyində Mehrinin əl işləri nümayiş etdirilib. On rəsm işi ilə həmin tədbirdə iştirak edən Mehrin tədbir iştirakçılarını salamladı və həmin rəsmlər üzərində necə işlədiyindən söhbət açdı. Arzu edirik ki, onun rəsm əsərləri öz aktuallığı, fikir və duyğuların rənglərlə ifadəsi baxımından daha çox şöhrət qazansın.
Məktəbimizin X sinif şagirdi Nərmin Manafova isə hamımız inşa yazı müsabiqələrinin qalibi kimi tanıyır. İnşa yazı müsabiqələrinin dəfələrlə iştirakçısı olan Nərmin neçə-neçə inşa müsabiqələrinin qalibidir. Ana dili və ədəbiyyat müəllimi Xatirə Orucovanın səyi nəticəsində uğur qazanan Nərmin hamımızın sevimlisinə çevrilib. Yüksək bilik nümayiş etdirərək alı məktəbə qəbul olmaq onun ən böyük arzusudur. Müəllim ailəsində göz açan Nərmin gələcəkdə müəllim peşəsinə yiyələnmək üçün elmin sirlərini səylə öyrənir.
VII sinif şagirdi Mələkxanım Abbasova rəsmləri və əl işləri ilə hamının diqqətini cəlb edir. Məktəbdə və rayonda təşkil edilən sərgilərdə fəal iştirak edir. Onun bu işə xüsusi marağı vardır. Bu yaxınlarda rayon mərkəzində keçirilən “Tullantıdan sənətə” adlı sərgidə onun da əl işləri nümayiş etdirildi. Müxtəlif bitki tumlarından, yarpaqlardan istifadə edərək maraqlı kompozisiyalar yaradır. Mələkxanım Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən “Bacarıqlı əllər” dərnəyinin fəal üzvüdür. Tezliklə sərgisinin açılacağı günü gözləyən Mələkxanım yeni-yeni axtarışlara çıxır. Onun dərs əlaçısı olmağı da danılmazdır.
Uğurlarımız çoxdur
VI sinifdə oxuyan Səbinə Məmmədovanın hələ körpə yaşlarında şahmat taxtasında müxtəlif formada düzülən ağ-qara fiqurlara diqqətlə baxardı. I sinifdə oxuyanda rayonumuzda fəaliyyət göstərən Şahmat məktəbinə üzv yazıldı. Bu idman növünə olan xüsusi marağı ona kiçik yaşlarında neçə-neçə uğur qazandırdı. Balaca şahmatçı qız böyüdükcə uğurları da artırdı. İdman Mərkəzinin Respublika birinciliyində 12 yaşadək qızlar arasında I yeri tutduğuna görə diplomla təltif edilən Səbinə Balakən rayonunda keçirilən yarışda da daha bir uğur qazanaraq medalla mükafatlandırıldı. Bu nailiyyətlər onu daha da ruhlandırır, yeni-yeni qələbələrə aparır. Səbinənin böyük arzuları var və onu uğurlar gözləyir. Beynəlxalq şahmat aləminə vəsiqə alacağı günü gözləyən Səbinənin bu sahəyə marağı çoxdur. Səbinənin hər zaman öz rəqibinə qalib gəlmək əzmi onu hər an qələbəyə doğru aparır.
Xəyalə Kərimova,
Şəhər 2 nömrəli tam orta məktəbinin uşaq təşkilat rəhbəri

Şərh Yaz