Azərbaycan Respublikası ictimaiyyətinə

Azərbaycan Respublikası ictimaiyyətinə “Bölgələrdən paytaxta” layihəsinin icrasında iştirak edən İsmayıllı rayon nümayəndələrinin M Ü R A C İ Ə T İ
Əziz soydaşlarımız!
Dəyərli Azərbaycan vətəndaşları!
Sürətlə inkişaf edən ölkəmizin yüksəliş xəttinə inamla qovuşan İsmayıllının nümayəndələri olaraq fəxr və qürur hissi ilə bildiririk ki, milli-mənəvi, tarixi dəyərlərin daşıyıcıları kimi bu gün əyaləti mərkəzdə təmsil edirik. Bir zamanlar mədəniyyət paytaxtdan rayonlara gedirdi. İnkişafımız, yüksəlişimiz, sosial-iqtisadi, siyasi-ideoloji qüdrətimiz o qədər artıb ki, əyalətin mədəniyyət və incəsənət nümayəndələri indi paytaxt tamaşaçıları qarşısında çıxış edirlər.
Bu Prezident İlham Əliyev cənablarının xalqa qayğısının, rəhbər dühası və dəyanətinin, ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətinin, birliyimizin, vəhdətimizin, qarşıya qoyulmuş möhtəşəm vəzifələrin icrasına səfərbər olmağımızın nəticəsidir.
Biz ismayıllılar dərindən dərk edir və yəqinliklə bildiririk ki, milli səadətimiz, gələcək xoşbəxtliyimiz, daha zəngin sosial həyatımız birlikdədir, milli-mənəvi-mədəni dəyərlərə mükəmməl yiyələnməyimizdədir, dövlətə, dövlətçiliyə sədaqətlə xidmətdədir, ideya saflığındadır, yaxşılığı yaxşı görüb, yaxşı dəyərləndirməyi bacarmağımızdadır.
Haqqa, ədalətə doğru gedən yolda inamla irəliləyən Azərbaycan vətəndaşları!
Biz dövlətimiz, Prezidentimiz, Vətənimiz, xalqımız qarşısında borcumuzu aydınlığı ilə dərk edirik. Buna görə də düşüncələrimizi, fəaliyyətimizi yeniliyə, müasirliyə, sürətli sosial-iqtisadi inkişafa yönəldirik. Özümüzü torpaqlarımızın bütövləşməsi üçün cənab Prezident İlham Əliyevin yorulmadan apardığı mübarizənin ön sıralarında görürük. Hamını da bu yolda əzmkarlıq göstərməyə çağırırıq.
Xoşbəxtliyimizi bir də onda görürük ki, Azərbaycan kimi vətənimiz, cənab İlham Əliyev kimi Prezidentimiz var. Azərbaycanımıza, onun müstəqilliyinə dönməzlik xarakteri verən ümummilli liderimiz Heydər Əliyev yoluna, ölkəmizə, Prezidentimizə əbədi varlıq arzulayırıq.
“Paytaxtdan və bölgələrdən Qarabağa” layihəsinin icrasında görüşmək arzusu ilə:
“Bölgələrdən paytaxta” layihəsinin İsmayıllıdan olan iştirakçıları.
Bakı şəhəri, 2 iyun 2015-ci il

Şərh Yaz