Görüşlər ardıcıl olacaq

“Bölgələrdən paytaxta” layihəsinin icrası ilə bağlı Gənc Tamaşaçılar Teatrında keçirilən tədbir yüksək səviyyədə keçdi. İştirakçılar İsmayıllının mədəniyyət, incəsənət və turizm potensialının təqdimatına yüksək dəyər verdilər. Bu barədə ayrıca bir yazıda söhbət açacağıq. İndi isə digər layihə iştirakçılarından İsmayıllının fərqli bir tərəfini oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun tapşırığı və dəstəyi ilə Xətai rayonundakı Bakı “Sos” uşaq kəndinə, Buzovnadakı qocalar və əlillər evinə gediş üçün hərtərəfli hazırlıq görülmüşdü. Layihənin təqdimatından sonra əvvəlcədən müəyyən olunmuş qruplar hər iki ünvanda qonaq oldular.
Uşaq kəndinin sakinləri bu ziyarətə görə minnətdarlıq etdilər, xoş arzularını bildirdilər. İsmayıllının nümayəndələri apardıqları sovqatı təqdim etdikdən sonra uşaqların yaşayışı ilə tanış oldular və bir daha yəqin etdilər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva millətimizin gələcəyinə necə böyük qayğı göstərir. Hər bir Vətən övladı onun diqqətindədir. Qrupun rəhbəri Lətifə Əliyeva uşaq kəndinin sakinlərinə səmimi arzularını bildirdi.
Qocalar və əlillər evinə səfər edən digər qrup isə bu məkanla tanışlıqdan sonra qocalar, əlillər və xəstələrlə görüşdülər, onlarla yaxından tanış oldular. Onlara sovqat paylandı.
Qrupun rəhbəri Valeh Salehov bildirdi ki, Buzovnadakı bu evlə İsmayıllı Rayon İcra Hakimiyyətinin işgüzar, qayğılı münasibət və əlaqələrinin bu gündən əsası qoyulur. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən buradakı insanlarla görüşlər bundan sonra daha ardıcıl olacaq.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Şərh Yaz