Məktəblilərin beynəlxalq əlaqələri güclənir

Hər bir ölkənin uğuru həmin ölkənin təhsil səviyyəsi ilə ölçülür. Ölkəmizin müstəqilliyi ilə əldə etdiyimiz böyük uğurlardan biri xaricə çıxış üçün imkanların olmasıdır. Hazırda təhsil sahəsində xarici təcrübə mübadiləlsinin miqyası xeyli genişlənib. Azərbaycanda digər sektorlarda olduğu kimi, təhsil və mədəniyyət sahələrində də geniş inteqrasiya müşahidə olunur.
Rayonumuzun dünyanın bir sıra ölkələri ilə elm və təhsil sahələrində əməkdaşlığı möhkəmlənib, müəllim və tələbələrin təhsil mübadiləsi, beynəlxalq layihələrdə, konfranslarda, vebnarlarda, onlayn kurslarda iştirakı geniş vüsət alıb. Elektron məktəb kimi fəaliyyət göstərən İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi artıq 13 ildir ki, dünyanın 130 ölkəsi ilə əməkdaşlıq edir.
Məktəblilərin beynəlxalq əlaqələri güclənirDünyanın inkişaf etmiş ölkələrindən biri, Yaponiyanın İto şəhəri ilə İsmayıllı arasında hərtərəfli dostluq münasibətləri bir neçə ildir ki, davam edir. 2013-cü il noyabr ayının 22-də bu iki şəhər arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmışdır. İmzalanmış müqavilədən qədim və zəngin mədəniyyətə malik iki xalqın sıx əməkdaşlığı böyük sevincə səbəb olub. Bu sevincdən İtonun Junior High School (JHS) və İsmayıllı şəhərinin 1 nömrəli tam orta məktəbinin şagirdlərinə də pay düşür.
Şəhər 1 nömrəli tam orta məktəb qardaşlaşmış iki şəhər arasında körpü rolunu oynayır. Qardaşlaşmış şəhərlər layihəsində iştirak edən ölkə məktəblilərinin biri-birindən öyrənə biləcəyi şeylər çoxdur. Şagirdlərimizin məktubları, şəkillər, xəritələr və hədiyyələr İto şəhərində orta məktəblərin birində ingilis bölməsinin şagirdlərinə təqdim olunmuşdur. Bizi sevindirən hallardan biri Azərbaycanı Yaponiyada tanıda bilməyimizdir. Belə ki, İto şəhərində JHS məktəbində Azərbaycan guşəsini yaratmışıq. Məktəbin dəhlizində Azərbaycana həsr olunmuş xüsusi guşədə İsmayıllı şagirdlərindən alınmış məktublar , şəkillər, xəritələr nümayiş etdirilir.
Qardaşlaşmış şəhərlər layihəsinə əsasən şəhər 1 nömrəli tam orta məktəbində “Yapon Mərkəzi” yaradılıb. Mərkəzdə İto şəhərindən gələn məktublar, xəritələr, oriqamilər və hədiyyələr, Yaponiya haqqında kitablar və internetdən əldə edilmiş məlumatlar yer tutur. Məktəbin VII c sinif şagirdləri həvəslə dostlarına məktublar yazır, Yaponiya haqqında internetdən əlavə məlumatlar toplayır, oriqamilər hazırlayırlar. Şagirdlər əsl tədqiqatçı kimi dost ölkəni öyrənir, ölkəmizi isə yazdıqları məktublarda, çəkdikləri xəritələrdə, milli geyimdə olan şəkillərində təbliğ edirlər.
Mərkəzdəki araşdırmaların cəmləşdirildiyi disk İto JHS şagirdlərinə göndərilib. Şagirdlər qarşılıqlı gediş-gəlişində olacağına ümüd edirdilər Bu belə də oldu. 2014-cü il 31 iyuldan -15 avqust tarixinədək İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri R.Orucovun rəhbərliyi ilə şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri Yaponiyada mübadilə proqramında iştirak etdilər.
“Yaponiyanı kəşf edək” mərkəzində onlayn Yapon dili Skype və ya OovOO proqramlari vasitəsilə yaponiyalı müəllimlər tərəfindən İsmayıllı icmasına tədris edilməsi və Azərbaycan dilinin yapon şagirdlərinə həmin proqramlar vasitəsilə müəllimlərimiz tərəfindən tədris olunmasına start verilib. Distant “SALJ” kursu ilə də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi daha bir yeniliyə imza atdı. 13 mart 2015-ci ildə məktəbin təcrübəli ingilis dili müəllimi Aytəkin Əhmədovanın koordinatorluğu ilə “Yapon Mərkəzi”ndə distant yapon dili kursuna start verildi. Qarşı tərəfdən kurs müəllimi yaponiyalı Sensey Konişidir.
2014 -cü il noyabr ayının 14-15-də Bakıda Kiçik Karvansarayda (Art Garden) Yaponiyanın tanınmış iş adamları tərəfindən yapon istehsalı mallarının sərgisi keçirildı. İştirakçısı olduğumuz bu cur sərgilər vasitəsilə Yaponiya və Azərbaycandan iş adamları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsini önəmli sayırıq.
Sərgidə 40-dan çox məşhur şirkətin müxtəlif sahələrdə təqdim etdiyi məhsullarla tanış olduq. Biz bu sərgidən çox şey öyrəndik. Ən əsası isə yaponların öz əl işlərinə və məhsullarının təbiiliyinə verdiyi yüksək dəyəri gördük. Bu sərgidən bəhrələnərək şagirdlərimizlə birgə yapon kağız incəsənəti olan origamilər və digər əl işlərindən ibarət sərgi-satış keçirməyi planlaşdırırıq. Bu sərgini yapon şagirdlərinin rayonumuza gəlişi ərəfəsində etmək niyyətindəyik. Bu təklifin reallaşması üçün şagirdlərimizin təbliğat işi əhəmiyyətlidir. Şagird yazışmalari zamanı bu sənət növləri haqqında danışılır və CD şəklində daha geniş məlimatlar Yaponiya şagirdlərinə ötürülür.
Mərkəzdə həmçinin Yaponiyanin tanınmış simaları ilə də görüşlər təşkil olunur. Bu görüşlərdə daima iki ölkə arasında təhsillə bağlı müəllim-şagird mübadilə proqramları əsas məqsəd kimi şagirdlər tərəfindən vurğulanır və Yaponiyada təhsil almaq arzusu reallığa çevrilir. Bu layihədə iştirak edən və Yaponiyada iki həftəlik mübadilə proqramının iştirakçısı Şamxal İsrayılzadə ali təhsilini Yaponiyanın Tokio Universitetində almaq qərarına gəlib. Bütün sadaladıqlarımız, beynəlxalq əməkdaşlıq xaricdə təhsil proqramları, qardaşlaşmış şəhərlər müqaviləsi rayonumuzun təhsil, mədəniyyət, incəsənət sahəsindəki uğurları dövlətimizin, Prezidentimizin bu sahələrə göstərdiyi qayğısının nəticəsidir.
Sədəf Mikayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz