İlk beynəlxalq turnirin qalibi

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə həyata keçirdiyi “Fəal ailəm, sağlam aləm” (FASA) proqramı çərçivəsində “ADA” Universitetində birinci beynəlxalq FASA turniri keçirilib.
Azərbaycanda həyata keçirilən FASA yarışları ilk ailəvi idman turniridir. Ailələri və uşaqları fəal həyat tərzinə cəlb etməyi hədəfləyən FASA ailəvi idman yarışlarına “Coca-Cola”, MOK və Təhsil Nazirliyinin dəstəyi ilə 2013-cü ildən start verilib. Bu günədək FASA oyunlarına ölkənin 40 şəhər və bölgəsindən 50 mindən artıq insan cəlb olunub. Bu ildən isə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə FASA proqramı “Bakı-2015” birinci Avropa Oyunlarının sosial idman irsi elan edilib. FASA oyunlarında iştirak etmək üçün xarici ölkələrdən olan ailələr də maraq göstərib. Nəticədə, Bakıda ilk beynəlxalq FASA ailəvi idman yarışları keçirilib.
İlk beynəlxalq turnirin qalibiBasketbol, voleybol və idman yönümlü əyləncəli oyunlardan ibarət yarışları özündə cəmləşdirən turnirdə Azərbaycanın beş müxtəlif şəhər və rayonunu təmsil edən, həmçinin İsrail, Belarus və Rusiyadan olan ailələr iştirak edib.
Turnirin açılışında “Coca-Cola” şirkətinin Azərbaycan nümayəndəliyinin market-meneceri Qabil Əhmədov proqrama göstərdiyi dəstəyə görə MOK, Təhsil, Gənclər və İdman nazirliklərinə minnətdarlığını bildirib. O, şirkət üçün fəal və sağlam həyat tərzinin dəstəkləməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, “Coca-Cola” şirkəti 1928-ci ildən başlayaraq Olimpiya hərəkatını, o cümlədən şirkətin təmsil olunduğu bütün ölkələrdə insanların idmana və fəal həyat tərzinə cəlb olunmasına yönəlmiş müxtəlif proqramları dəstəkləyir. MOK ilə birgə başladılan FASA-nı böyük uğur hesab edirik. Biz proqramın inkişafı ilə bağlı işləri davam etdirəcəyik.
MOK-un məsul əməkdaşı Həsənağa Rzayev FASA layihəsi çərçivəsində minlərlə insanın fəal və sağlam həyat tərzinə cəlb olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. O bildirib ki, yarışlarda xarici ölkə təmsilçilərinin iştirakı “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində FASA layihəsinə artmaqda olan marağın əyani sübutudur.
Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi müdirinin müavini Vasif Məmmədov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında sağlamlığın mühafizəsi müstəsna əhəmiyyət kəsb edir. FASA proqramı və belə sosial idman layihələri təhsil alanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir. FASA layihəsinin digər bir təqdirəlayiq tərəfi regionlardan olan ailələrin burada fəal iştirak etməsidir. Beynəlxalq FASA yarışlarına İsrail, Rusiya və Belarusdan olan ailələrin qoşulması layihənin davamlı inkişafının əyani sübutudur.
İlk beynəlxalq turnirin qalibiFASA proqramı ilə bağlı digər bir maraqlı yenilik isə qalib ailələrin və fəal iştirakçıların “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlçisi olmaq fürsəti əldə etmələridir. Ötənilki FASA proqramının qalibi olmuş qusarlı Əzimovlar ailəsinin başçısı İlham Sabirabadda bu şərəfli vəzifəni artıq icra edib. O, öz yürüşünün sonunda ilk Avropa Oyunlarının məşəlini tanınmış teleaparıcı, “Bakı-2015”in səfiri İlkin Həsəniyə ötürüb. Mayın 14-də isə məşəli Naftalanda Bayramovlar ailəsinin üzvü Lətif daşıyıb. Bayramovlar 2014-2015-ci illərdə keçirilən bütün FASA yarışlarında fəal iştirak edən ailələrdən biridir.
İlk beynəlxalq FASA turnirinin qalibi İsmayıllını təmsil edən ailə olub. İkinci və üçüncü yerləri isə İsrail və Qusardan olan ailələr tutub. Yarışın qalibləri və iştirakçıları MOK, Təhsil Nazirliyi və “Coca-Cola” tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz