Sözün gücü

Söz zehnimizə əkilən toxumdur. Bizə cəsarət də verə bilər, qorxu da. Könlümüzdə sevgi də cücərdə bilər, nifrət də. Onun həm öldürücü təsiri, həm də dirildici gücü vardır.
Söz bir aynadır, o aynada söz sahibinin qəlbini, düşüncəsini, həqiqi kimliyini görmək mümkündür. Sözün müsbət enerjisini yaxşı bilən həkimlər xəstəyə ilk yardımı da məhz sözlə etməyə, onu tezliklə sağalacağına inandırmağa çalışırlar.
Söz qarşısındakının anlayacağı şəkildə söylənməlidir və yaxud qarşındakı söyləyəcəyin söz haqqında müəyyən biliyə malik olmalıdır, əks halda söz mənasızlaşar.
Sözlə insanları birləşdirmək də olar, ayırmaq da. Sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də. Sözə həyat verən onun mənasıdır, söz söylənərkən yüz ölçülüb bir biçilməlidir. Ölçülüb biçilmədən söylənən söz insanın başına çox bəlalar gətirə bilər. Azərbaycanın böyük şairi Nizami Gəncəvi söz haqqında demişdir:
Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yırtar.
Bir söz ki, qaşlara düyün vuracaq,
Gözəl söz də olsa söyləmə, burax.
Söz baş kəsdirər, söz var ilanı yuvasından çıxarar. Sözlə itirdiklərimiz insanlar nə qədərdir. Əbəs yerə deməyiblər: “Qılınc yarası sağalar, söz yarası yox.” Söz insanlar arasında körpü olmalıdır, insanlar arasında münasibətləri tənzimləməli, onları bir-birinə yaxınlaşdırmalıdır. Şah İsmayıl Xətai demişdir:
Söz var kəsər savaşı,
Söz var kəsdirər başı.
Dil ətdən olmasına baxmayaraq, onun köməyi ilə polad qapılar açılır. Xoş sözlə insanların əhval-ruhiyyəsini qaldırmaq olursa, niyə ondan bu məqsədlər üçün istifadə etməyək. Məşhur mahnıda deyildiyi kimi:”Mehriban olaq, mehriban olaq…”
Abduləli Əliyev,
şəhər sakini

Şərh Yaz