Alim, şair, publisist

Bəhram Basqallı –“ 60
1979-cu ilin oktyabr ayı idi. Elmlər Akademiyasında fiziklərin seminarı keçirilirdi. Bir problemi müzakirə edirdilər. Birdən seminarın rəhbəri akademik Həsən Abdullayev: “Bəlkə cavanlardan çıxış etmək istəyən var?” –“ dedi. Orta sıralardan bir gənc, əlini qaldirdı. Həsən müəllim onun adını soruşdu. Cavan oğlan “Bəhram” –“ deyə cavab verərək xitabət kürsüsünə yaxınlaşdı. Və… Bəhram bəyin çıxışına şeirlə başlamağı zalda böyük ajiotaj yaratdı.
Alim, şair, publisistİnsan idrakının dağ qüdrətindən
Elə bil hər yana nur ələnibdir.
Görən nəğmələrmi düsturlaşıblar,
Yoxsa ki, düsturlar nəğmələnibdir?!

Əziz elektron, əsəbləşmə sən,
Hər bir şeydən kiçik olsan da, hökmən,
Onu bil ki, bizim nəzərimizdə
Hər zaman, həmişə yüksələcəksən!

Burda funksiyalar kəsilməzdilər
Kəsilməz arzular, duyğular kimi.
Fizika, nə məşhur bir keşikçin var
Məğrur əyrixətli inteqral kimi.
Sonra Bəhram lövhə önünə keçib elmi problemə öz münasibətini bildirdi.
Quluzadə Bəhram Əndəlib oğlu (Bəhram Basqallı) 1955-ci il iyunun 21-də Basqalda dünyaya göz açıb. Onun “Basqalın dagları” şeirində belə misralar var:
Alimlər, şairlər vətəni Basqal,
Burda göy füsunkar, yer şairanə.
Basqalın dağları boylanıb baxır
Basqallı dağların əzəmətinə!
Bəhram 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. O vaxtdan taleyini akademik Tofiq İsmayılovun yaradıcısı və başçısı olduğu Azərbaycan Milli Aerokosmik Agentliyi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə bağlayıb. Bəhram Basqallı astronomiya üzrə fəlsəfə doktorudur. O, dünyanın Kosmik Tədqiqatlar İnstitutu (Moskva), Fesenkov adına Astrofizika İnstitutu (Almatı) kimi taninmış elm məbədləri, Türkiyədə, İsraildə, Kanadada … bir sıra astronomik və kosmik mərkəzlərlə sıx elmi təmasdadır. Bəhram Basqallı qoşa ulduz sistemlərinin partlayışlı kütlə itkilərindən sonra təkamülü kimi aktual astrofiziki problemi səma mexanikasının metodlarını tətbiq etməklə tədqiq edərək bu köhnə-yeni məsələdə ilk dəfə ehtimal nəzəriyyəsindən istifadə etməklə bir sıra maraqlı nəticələr almışdır.
Bəhram Basqallı otən əsrin yetmişinci – səksəninci illərində Bakının Oktyabr (indiki Yasamal) Rayon Komsomol Komitəsinin nəzdində “Qızılgüllər açanda” adlı mənəvi tərbiyə klubu yaradaraq onun sədri olub. Gənclərin mənəvi tərbiyə işində əvəzsiz rol oynayan klubun işi o dövrlərin mətbuatında geniş işıqlandırılırdı.
Bəhram Basqallı respublikamızda və onun hüdüdlarından kənarda həm də öz bədii yaradıcılığı ilə tanınır. Onun elmi-fantastik hekayələri, lirik və satirik şeirləri müntəzəm olaraq qəzet və jurnallarda dərc olunur. Bəhram bəyin “Canım Qırat, gözüm Dürat” adlı pyesi Abdulla Şaiq adına Dövlət Kukla Teatrında tamaşaya qoyulmuş və on il ərzində repertuardan düşməmişdir. Bəhram Baqsallı 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, bir sıra orijinal və tərcümə kitablarının müəllifidir. Eləcə də bir neçə kitaba redaktorluq edib.
Bəhram müəllim televiziya və radioda çoxsaylı verilişlərin müəllifi, iştirakçısı və aparıcısı olub. Tamaşaçı və dinləyicilər onun “İdrak”, “Gənclik”, “ Dalğa”, “Ədəbi üfüqlər” , “Fantastika klubu”, “Ulduzların işığında” , “Göy üzü” və s. verilişlərdəki çıxışlarını yaxşı xatırlayırlar. Bəhram Basqallı 1988 – 1991 ci illərdə “7 sual –“ 7 cavab” Respublika Televiktorinasının qalibi olmuş “Kainat”komandasının kapitanı idi. Azərbaycan Radiosu ilə 1989-1995-ci illərdə yayımlanan, Bəhramın Firudin Ourbansoyla birgə müəllifi və aparıcısı olduğu “Münəccim” verilişi respublikamızda astrologiya sahəsində ilk veriliş idi. Bəhram Basqallının iki qızı var. Böyük qızı Fidan ana tərəfdən Məmməd Əmin Rəsulzadənin kötükçəsidir. Fidan Almaniyada Koblenz və Landau universitetində “informasiya sistemləri” ixtisası üzrə magistr təhsili alır. Bəhramın kiçik qızı Ayzərin on yaşı var. Lakin onun artıq bir neçə hekayəsi qəzet və jurnallarda dərc edilib. 60 illik yubileyini qeyd edən Bəhram Basqallının qəlbi hələ yaşamaq və yaratmaq eşqiylə çırpınır:
Ürək yaddan cıxıb, cavan fizikin,
Dolu qafasından hamı danışıb.
Bir qıza fizika öyrədən oğlan…
Qəlbində məhəbbət çağlayıb-daşıb,
O qıza fizika öyrədən oğlan.
O qızdan məhəbbət öyrənib ancaq,
Hamı “beş”lərinə qibtə eyləyib,
O, dəli eşqiylə öyünüb ancaq!
Bəhrama cansağlığı, səadət, çoxşaxəli yaradıcılığında uğurlar diləyək!
Miryavər Hüseynov,
Azərbaycan Yazıçıları və Jurnalistləri Birliklərinin üzvü

Şərh Yaz