Həkim sənətinin zirvəsi

Bu günlərdə yolumuz İsmayıllı rayon xəstəxanasına düşdü. Respublikanın Əməkdar həkimi, tanınmış terapevt Şahmurad Şirəliyevlə görüşdük. Sevincini bizimlə bölüşdü. Sevincinə səbəb Kütləvi İnformasiya Vasitələıri Mediya mükafatına –“ “İlin həkimi” adına layiq görülməsidir.Həkim sənətinin zirvəsiŞirəliyev Şahmurad Hümbət oğlu 3 dekabr 1946-cı ildə İsmayıllı rayonunun Mican kəndində anadan olub. 1964-cü ildə İsmayıllı şəhər 1 nömrəli onbirillik məktəbi müvəfəqiyyətlə bitirərək, həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1970-ci ildə institutu yaxşı və əla qiymətlərlə bitirərək təyinatla Qəbələ rayonuna göndərilib. 1977-ci ilə qədər ucqar dağ kəndlərində həkimlik fəaliyyəti ilə yanaşı, müşahidələrinə əsaslanan bir sıra məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış edib. Təbabətdə yenilik axtarmaq, müalicələri elmi səviyyədə qurmaq daima birinci devizi olub. 1976-cı ildə dərc etdirdiyi “Bir daha uzunömürlülük haqqında” məqaləsi geniş oxucu kütləsinin marağına səbəb olub. 1977-ci ildə ərizəsinə əsasən iş yerini Qəbələ rayonundan İsmayıllı rayonuna dəyişib.
İsmayıllı rayonunda da həkimlik fəaliyyəti ilə yanaşı, elmi və praktik axtarışlarını davam etdirib. 1987-ci ildə Sosioloji Tədqiqatlar Mərkəzinə “Tədris islahatı sağlamlığın meyarı olmalıdır” adlı məqaləsi ilə müraciət edib.
1990- cı ildə Azərbaycanın tibb jurnalının 8-ci nömrəsində “Şəkərli diabetlə yanaşı gedən hipertoniya xəstəliyinin müalicəsində qarşıya çıxan çətinliklər” adlı məqalə ilə çıxış edib.
1990-1991-ci illərdə şəxsi müşahidələrinə əsaslanan və təcrübədə az əksini tapan yeni müalicə metodu “Ekstremal müalicə metodu” haqqında fikirlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi şurasına təqdim edib. Təqdimat Rəyasət heyəti tərəfindən yekdilliklə bəyənilib. 1992-ci ilin iyun ayında xarici ölkələrin təbabəti ilə maraqlanmaq və bu sahədəki yeniliklərlə tanış olmaq məqsədilə iki ay müddətində Türkiyə Respublikasındakı bir sıra xəstəxanalarda həkimlərin iş prinsipləri ilə tanış olub. 1997-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Attestasiya komissiyası bacarıqlı həkimin fəaliyyətini nəzərdən keçirərək onu ali dərəcəli terapevt kateqoriyasına layiq görüb.
2000-ci ilin noyabr ayının 2-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əməkdar həkim fəxri adını alıb. Şahmurad Şirəliyev uzun illər Rayonun Mərkəzi Xəstəxanasının nəzdində yaradılmış elmi şuranın aparıcısıdır.
Həkim sənətinin zirvəsiHəkimin “Uzun ömür, sivil cəmiyyət və mənəvi saflıq” adlı elmi məqaləsi 2013-cü ilin yanvar ayından başlayaraq “Elm, Təhsil və Həyat”, “Azərbaycan tibb qəzeti” və “İsmayıllı xəbərləri” qəzetlərində dərc olunub. Bu məqaləyə görə bir neçə nüfuzlu təşkilat ona təşəkkür məktubları göndərib.
Ş.Şirəliyev 2001-ci ilin iyun ayında İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifəsində, 2010-cu ilin sentyabr ayından isə terapiya şöbəsində həkim terapevt kimi çalışır.
1970-ci ildən fasiləsiz həkimliklə yanaşı, əhali arasında mütamadi səhiyyə maarifi işi də aparır.
Şahmurad həkim nüfuzlu ailə başçısıdır. 4 övladını ev-eşik sahibi edib, nəvələri var.
“İlin həkimi” adı alması münasibəti ilə Şahmurad həkimi təbrik edir. Soydaşlarının sağlamlığı keşiyində durmaq üçün onun özünə də möhkəm can sağlığı arzulayırıq.
Ş.Soltanov

Şərh Yaz