“İsmayıllı Yazarları”ndan MUSA YAQUB

Heç kimə bənzəməyən, heç nə istəməyən, gözü tox, halal, öz taleyini yaşayan, pıçıltı ilə, amma zəlzələ gücü ilə danışan, mamırlanmış qaya, ildırım vurmuş ağac, yonqarsız kötük, Böyük Qafqazın misilsiz təbiətindən bir parça olan Musa Yaqubun 78 yaşı tamam oldu. “İsmayıllı Yazarları”ndan  MUSA YAQUBŞeirinə, sözünə Musa Yaqub qədər oxşayan bir şair, bir insan tapmaq çətindir. Buna görə də nə yazıbsa, nə deyibsə özünündür, yəni bənzərsizdir. Bu bənzərsiz şairə sağlam və uzun ömür arzulayırıq. Yaşasın, yaratsın! Onun yaratdıqları ilə könlümüz var olsun!

**
Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.

Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.

Burda hər yamacın çiçəkdir daşı,
Burda çiçəklərin şehdir göz yaşı,
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.

Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı–¦
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalın oylağı vardır.

Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır,
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır!!!

Eləmədiklərim yandırar məni

Əvvəl budaq-budaq suda uyuyan,
Sonra çarxı dönüb,arxı quruyan
Bir yağışa həsrət söyüdlər kimi
Eləmədiklərim yandırar məni…
Özümə verdiyim öyüdlər kimi
Eləmədiklərim yandırar məni…

Mən elə bilirdim o bənövşəlik,
Mənimçün qalacaq tər həmişəlik.
Özü solub getdi, qıymadım üzəm,
Doyunca baxmadım bənövşə gözə,
Yazı nəmiş, yayı tez xəzəlləşən,
Pətəkdə qaynaşan, şanla əlləşən,
Qışda balsız qalan arılar kimi
Eləmədiklərim yandırar məni…
Özümə verdiyim öyüdlər kimi
Eləmədiklərim yandırar məni…

Mən elə bilirdim vaxt da duracaq,
Elə o əvvəlki baxt da duracaq.
Gedib səadətlər rastına çıxan
Sevgi cığırıyla keçmək olacaq.
Hər vaxt bu zəmini biçmək olacaq…

Bərədə boş yerə anları sayıb,
Ovunu hürküdən ovçular kmi,
Eləmədiklərim yandırar məni…
Yaylaqda çeşməyə məhəl qoymayıb,
Səhrada alışan yolçular kimi
Eləmədiklərim yandırar məni…

Bilmirəm kim idi üzdü barımı,
Uçurtdu əlimdən bir şikarımı,
Sonraya saxladım çox qərarımı,
Eləmədiklərim yandırar məni…

Yox, daha ömrümdə açılmaz o yaz,
Bir qanadım yorğun, birisi pərvaz.
Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırar məni…

Müəllim ömrü

Saatlar… Otaqlar…
Hə, bu da bir gün…
Siniflər… Uşaqlar…
Hə, bu da bir gün…
Yenə zəng çalındı, çölə, içəri…

Ərit saatları, dəqiqələri.
Bir sinif dünyadır öz aləmi də,
O, oxşar ayları, illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.

Demə ki,keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitir,
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır, anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçir.

Adam var bulanıb, elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb, ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü.

Bir nankor tələbə dönüklüyündə,
Gah itər, yadlanar müəllim ömrü.
Birinin şanında, böyüklüyündə,
Uçar, qanadlanar müəllim ömrü.

İnsanla həmyaşdır,
Ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

**
Yanğısı nə olar bir alışqanın?
Böyük ümidlərlə müdrikəm, pirəm.
Ümidsiz olanda bir qarışqanın
Zərrə yükünü də çəkə bilmirəm.

Var güney çiçəyim, quzey qarım da,
Gülümdən üzünə çilənər bahar.
Ümidsiz olanda balalarım da,
Birdən gözlərimdə yazıqlaşırlar.

Ümidsiz olanda dərəni, yalı
Г‡ən tutur zirvənin yolu görünmür.
Böyüyür gözümdə lalənin xalı,
Nə qədər baxıram alı görünmür.

Ümidsiz olanda köksümdə bir an
Saxlaya bilmirəm boş ürəyimi, –
Tavanda bir otdan asılı qalan
Sahibsiz qaranquş yuvası kimi.

Durnalar səmaya yazar xəttini,
Torpaqda sürünər ümidsiz qanad.
Mən həyat qədrini, ümid qədrini
Ümidsiz olanda, bilmişəm heyhat!

Dünya

Dünya öz yerində tutubdur qərar,
Dağ da yerindədir, duman da, çən də.
Dünyanın işini qarışdıranlar
Qayıdıb dünyadan gileylənəndə,
Cəllad da özünü haqlı biləndə,
Ağır yaraların ağrısı canda,
Vəfasız, dünyadan vəfa umanda,
Dünyaya adamın yazığı gəlir.
Günahsız yaranmış dərəyə, çaya,
Qayaya adamın yazığı gəlir.

İnsanın ümidi bu torpaq ki, var,-
Dağına, düzünə bizik havadar.
Torpağın üstündə bəd əməllərin
Nə vaxt ki, hörümçək torları artar,
Hiylə oxlarının ağrısı canda,
Durmaq olmayanda pisliyə qarşı,
Yurd-yuvan önündə naçar qalanda,
Sevmək olmayanda bu dağı, daşı,
Nə desən bitirən, nə desən verən
Torpağa adamın yazığı gəlir.

Bu qədər yaxşılıq,
İşıq içində
İxtiyar verdiyin –“ düzü əyəndə,
Etibar etdiyin –“ sözü əyəndə,
İtəndə aradan vəfa, etibar,
Güvəndiyin dağa ələnəndə qar,
Ürəkdə od tutub yananda inam,
Bir söz: dönüklərin əməllərinə,
Bəzi atalara baxanda adam,
Alıb gələcəyə aradığımız
Uşağa adamın yazığı gəlir.
Baba mirasımız müqəddəs oda –“
Ocağa adamın yazığı gəlir.

Qayıdıb dünyaya baxırsan bir də,
Yaxşı adamları az olan yerdə
Dünyaya adamın yazığı gəlir,
Günahsız yaranmış dərəyə, düzə,
Qayaya adamın yazığı gəlir.

Nəyimə gərəkmiş bu sevgi mənim?!

Daha külə dönmüş soyuq ocaqdı,
İndi ki, istisi olmayacaqdı,
İndi ki, bəhrəsi olmayacaqdı
Nəyimə gərəkmiş bu sevgi mənim,
Nəyimə gərəkmiş o iztirablar,
O dəli həsrətlər, ağır əzablar,
Nəyimə gərəkmiş o yoxuş, eniş,
Mən neçin bu yolu keçməliyəmmiş?!
Özümü bu yolda yormaqdan ötrü,
İnsanı dişimə vurmaqdan ötrü,
Sınamaqdan ötrü,
Sınaqdan ötrü,
Bəlkə dönüklüyün boz sifətini
Bəlkə bir ümidin üzülməyini
Bəlkə bir inamın yıxılmağını
Görməkdən ötrümü yaşadım belə?..
Öyrənməkdən ötrü, bilməkdən ötrü
Vəfasız yükünü daşıdım belə,
Heyif, bir oyuna ömür sərfimə
Yolun bu başında iztirablarım,
Yolun o başında güldüm səhfimə –
Hə bu da dünyanın sevgi tərəfi,
Faydasız tərəfi, itgi tərəfi,
Yəni ki, aldanmış ömür tərəfi
Rəndəyə gəlməyə, yonqar olmağa,
Taleyin qurumuş ağac tərəfi,
Bəxtin kül tərəfi, kömür tərəfi.
Sınanmaqdan ötrü,
Sınmaqdan ötrü,
Elə öz odumda yanmaqdan ötrü
Nəyimə lazımmış o iztirablar,
O dəli həsrətlər, ağır əzablar!

Ayırma

Hicranımsan, əzabımsan, ahımsan,
Daha məni bu ahımdan ayırma.
Belə yaşda günah işlər görürəm
Gəl ömrümü günahımdan ayırma.

Gül ovcunda ümid verdi bir sıxım,
Bu sıxımı nə dağıdım, nə yığım?!
Güvəndiyim, boylandığım, baxdığım,
Allah, məni allahımdan ayırma.

Bu sevda bir ümidgah, bir vədəgah,
Saldı məni sevincə gah, dərdə gah.
Bəxt yolumda fərəh yatıb, dərd agah,
Yatanımı agahımdan ayırma.

Ahım Habil kamanında dügahım,
Bu sevdada uyumaqdır günahım.
Ey dərgahım, bircə sənsən pənahım,
Öldür məni, dügahımdan ayırma.

Bu çiçəyi nə qoxlayım, nə üzüm.
Qoy yolunda ömür qoyum, can üzüm.
Açıl görüm dan ulduzum,dan üzüm,
Açıl məni sabahımdan ayırma.

Başqadır

Sən qaçansan, mən çatanam, əzizim,
Qaçan ayrı, çatmaq dərdi başqadır,
Sən gözlədən, mən gözləyən cəfakeş,
Bu cəfanı udmaq dərdi başqadır.

Gələnini gözləməyə de nə var,
Gedənini gözləməkdir intizar,
Eh, bu yolda can qoymağım bir azar,
“Can” deyib naz satmaq dərdi başqadır.

Mən ki, sahib olmamışam o mülkə,
Gözlərimdən getməz o qəm-bu kölgə.
Ayağına yıxılmağım bir özgə,
Yıxılanı tutmaq dərdi başqadır.

Hara yazım bu günahsız günahı,
Tək özüməm öz-özümün pənahı–¦
At deyirsən, atmaq olmur, ilahi,
Hicran başqa, atmaq dərdi başqadır.

Fələk özü ürəyindən dərd asan,
Mən yazıram, yoxdu məni bir yazan.
Yüngül görüş verib getmək çox asan,
Qalıb qəmə batmaq dərdi başqadır.

Alış sinə, alış damar, alış qan!
Sən soyuqsan, mənim könlüm alışqan.
“Olar-olar, olmaz-olmaz” – bu başqa
Olmaz olsa ölmək dərdi başqadır.
Bu hicranı, bu əzabı, bu zoru
Г‡əkmək başqa, bilmək dərdi başqadır.

Ana ömrü

Ana ömrü bir laylanın diliylə
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü körpəsinin əliylə
Yuxuları oğurlanmış bir ömür.

Ata ömrü davalarda itəndə,
Ana ömrü təklənən bir ömürdür.
İki ömrün cəfasını daşıyıb,
Həsrət ilə yüklənən bir ömürdür.

Ana ömrü balasının gözündən
Baxışıyla sevinc içən bir ömür.
Bəzi nankor övladların üzündən
Son günündə tənha köçən bir ömür.

Bir parçası mətbəxlərə tökülmüş,
Bir parçası bələklərə bükülmüş.
Bir parçası xatirələr dumanı–¦
Bir parçası ər ömrünün qurbanı.

Bir parçası oğul toylu-busatlı,
Bir parçası nəvə eşqli-qanadlı.
Bir parçası qızlarından nigaran–¦
Ağuşunda qəzəbləri uyudan,
Dünyamızda hərb odunu soyudan
Ömrümüzə səpələnmiş bir ömür.

**

Gətirdiyin güllər qaldı mənimlə,-
Qaldı otağımda axıra kimi.
Mən də bildiyimi dedim o gülə,
Ləçəklər açılıb çəkdi fikrimi.

Açdı o çiçəklər xumar gözünü,
Mən də o güllərlə mehriban oldum,
Eşitdim sözünü, bildim özünü,
Bir az əməlimdən peşiman oldum.

Elə bil duyurdu hər gəlişimi,
Bu mehri könlümə nəqş etdim tamam.
Mehribanlığımı, nəvazişimi,
Mən də o güllərə bəxş etdim tamam.

Gətirdiyin güllər qaldı mənimlə,
Mənimçin isti əl, şirin söz oldu.
Könlüm darıxanda baxdım o gülə,
O sənin gözünlə mənə göz oldu.

Gəldim–¦ o güllər də solar neyləyək,
Ömür bitən gülmü, yanan ocaqmı?
Deyirəm o qismət – o dəstə çiçək,
Bir də taleyimə qayıdacaqmı?

**

Sən özün-özünə qapılan zaman,
Fikirli olanda, duyğulananda,
Sevdalı vaxtından qorxuram yaman –“
Qorxuram tapışıb mələklər ilə,
Tamam başqa-başqa diləklər ilə,
Gedəsən, gedəsən, qayıtmayasan.

Bilməm göy adamı, yer adamıdı,
Yapışa əlindən o sevda yazan,
Gedəsən, çıxasan, başqa dünyaya,
Gedəsən, gedəsən, qayıtmayasan–¦

Nə bilim bəlkə də, buludlar ilə,
O qürub hörüklü zər atlar ilə,
Birdən atlanasan,qanadlanasan,
Bütün sərhəd boyu, bütün hədd boyu
Vurub, yıxıb bir yol tapıb gedəsən,
Bütün dünya boyu, məhəbbət boyu,
O üsyan atını çapıb gedəsən –
Gedəsən, gedəsən, qayıtmayasan –
Üsyanlı günündən, dolu günündən,
Sevdalı günündən qorxuram yaman–¦

Düşün o kürsüdən

Ey əldə ləngiyib, dildə quranlar,
A zəncir döyənlər, bizi yoranlar,
Yoldaşlar,
Qardaşlar,
Tufanlı başlar!
Bəsdir, o kürsüdən düşün aşağı,
Qurtaraq keçmişi müzakirədən,
Bu umu-küsüdən düşün aşağı.

Düşün o kürsüdən, çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır zavaldan,
Bir görək əkində-biçində nə var,
Bir görək sünbülün içində nə var.

Ocağımız yanır, ocaq dayanmır,
Şoranlıq bürüyür, sucaq dayanmır.
Bir görək çayımız hayana axır,
Bir görək yolumuz hayana baxır.

Qaldırdıq kürsüyə bütün ölkəni,
Nə yaman uzandı bu dil örkəni.
Nə yaman uzandı bu söz örkəni.
Düşün qəzetlərdən, ekrandan düşün,
Düşün bu aşkarlıq xorundan, düşün.
Bu giley-güzardan düşün aşağı,
Əmrdən, qərardan düşün aşağı.

İndi biçin vaxtı, yığım vaxtıdı,
İndi sürü vaxtı, qırxım vaxtıdı;
Bir görək sürümüz harda otlayır,
Bir görək bəndimiz harda partlayır.
Bir görək yolumuz düz çəkilirmi,
Yamaqlı asfalta üz çəkilirmi?

Bir çıxın, bir gəlin, bir gəlin yaxın,
Havaya, dənizə, torpağa baxın.
Min belə danışan kürsü də olsa,
Şikayət, min umu-küsü də olsa,
Min belə zal ola, min də məşvərət,
Bununla bir sünbül bitəsi deyil,
Əlimiz bir dənə yetəsi deyil.

Qaldırdıq kürsüyə bütün ölkəni,
Nə yaman uzandı bu söz örkəni,
Nə yaman uzandı bu dil örkəni.
Düşün bu avazdan düşün aşağı,
Bu çənə-boğazdan düşün aşağı,
İndi elə hamı tamaşaçıdır,
Elə bil işimiz acığa qalıb.
Ekran qarşısında, söz qarşısında,
Bir ölkənin ağzı açıla qalıb.

A məətəl qalanlar, çaşğın qalanlar,
A baş bulayanlar, haray salanlar,
Aşkarlıq xorundan düşün aşağı,
Düşün o kürsüdən, ekrandan düşün
Г‡ıxın tamaşadan, çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır zavaldan,

Bir görək əkində, biçində nə var,
Bir görək sünbülün içində nə var.
Bir görək çayımız hayana axır.
Bir görək yolumuz hayana baxır.

İndi bildim

İndi bildim tək qovaqlar nə çəkir,
Yarpaqları danışır öz-özünə.
İndi bildim tək bulaqlar nə çəkir,
Dodaq dəymir, göz dikilmir gözünə.

Bahar gəlir, quzeylərdə hələ qar,
Qara baxdım, baxışlarım soyudu.
Tənha çiçək bir daşa da sığınar,
Küləklər də yorar tənha buludu.

Bircəciyim, tənha qoydun məni sən,
Səndən ayrı əriyirəm, itirəm.
Yoncalıqda yel ağzında titrəyən,
Qəribsəmiş tək sünbüldən betərəm…

Öyrətmə özünə, öyrətmə məni

Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa.
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.

Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –“
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.

Öyrətmə özünə, öyrətmə məni
Yox buna təqatim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım–¦
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var –
Mənim dərdlərimin ayaqları var –
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə–¦

Mənim kainatım

Dünyaya gəlmədim hayla-harayla,
Bir sakit guşədə bir döşdəyəm mən
Gündüzlər günəşlə,
Gecələr ayla,
Səhərlər quşlarla görüşdəyəm mən.
Hər yerdə səma var-
Günəşli, parlaq,
Hər yerdə torpaq var-
Г‡eşməsi qədim.
Mənsə bu torpaqdan günəşə baxmaq,
Bu yerin suyundan içmək istədim.

Gözüm nə qədər ki, işlər uzağa
O düzlər, dərələr görüş məskənim.
Budağım havaya, köküm torpağa
İşləyən qədərdir ülfətim mənim.

Durduğum yerindir aldığım nəfəs,
Mənim ad-sanımı bu torpaq bilər.
Hələ “filan ağac” deməyib heç kəs,
“Filan yerdə bitən ağac” deyiblər.
Hansı çiçəklər ki, burda uyuyar,
O çay ki, yanımdan axır sübhədək,
O yer ki, nəğməmi eşidib duyar-
Mənim kainatım bunlardır, demək…

Bir gözəl keçir

Bu nə möcüzədir küçədən keçir,
Elə bil işıqdır gecədən keçir.
Göydənmi enibdir mələk sayağı,
Yerdənmi çıxıbdır çiçək sayağı.
Onu kim yaradıb,
Harda yaranıb?
Harda sığallanıb, harda daranıb?

Gözəl, bircə dəfə
Bax mən tərəfə–¦
Bu nə ilahi göz, bu nə baxışdı!
Naxışlar içində bu nə naxışdı!
Toxun çiynin ilə o budaqlara.
Qoy o budaqlar da bəxtəvər olsun.
Lap heyfim gəlsə də gül barmaqlara,
Toxun o divara daşı zər olsun.

Üstündə gör neçə gözün hədəsi,
Götürmə bu boyda günahı, yeri.
Yeri get, Allahın xoşbəxt bəndəsi,
Mən kimi bəndənin Allahı, yeri.

Ey qəlbi işıqlı, ey ruhu incə,
Bir söz de, ağzından gövhər saçılsın.
Get bir gül bağında açıl gizlicə,
Qızıl güllər sənə baxıb açılsın.
Düşmək istəsəm də mən ayağına,
Məni buraxmazlar o gül bağına.

Get, burda tayın yox, buludları quc,
Qoşul durnalara o qatarla uç.
Mənim o səmada uçmağım olmaz
Səninlə qol-qanad açmağım olmaz.

Sonalar gölündə sonalar süzər,
Get o sonalara qoşul, əzizim,
Nə qayıq tapılar, nə gəmim üzər,
Yox daha o gölə ərkimiz bizim.

Gözəl, bircə dəfə bax mən tərəfə!
Demə baxışlarım ötürdü səni,
Gözümün aynası götürdü səni
Qalacaq aynamda bu göz, bu baxış.
Nə yaxşı, bu təzə gözəlliyə də
Baxmağa gözümün qisməti varmış.

Bənövşə ömrü

Ən isti sözlərim yanır dilimdə,
Bənövşə dərmişəm, solur əlimdə.
Torpaqda bənövşə ömrü nədir ki,
Onu əldə, suda saxlamaq olsun,
Sabahına ümid bağlamaq olsun.

Ay il hövsələlim, ay dağ səbirlim,
Ay yaxın xəyalım, uzaq xəbərlim,
Gəlmirsən, bənövşə solur əlimdə,
Ən isti sözlərim yanır dilimdə.

Bir də dönüb getdim o meşəliyə,
Bir də əl uzatdım bənövşəliyə.
Gördüm bənövşələr burda da solur,
Ürəyim titrəyir, gözlərim dolur–¦

Axı bənövşənin de nə ömrü var,
Burda zərifliyin gözü yol çəkər.
Başqa çiçək vaxtı gecik, nə olar,
Bəs adam bənövşə vaxtı gecikər?!

Əlimin bənövşə vaxtıdır, tələs,
Könlümün, gözümün, nazik sözümün,
Dilimin bənövşə vaxtıdır, tələs.
Boynu əyri qoyma bu zərif gülü,
Mən də dayanmışam boynu bükülü.

Eh, bənövşə ömrü nədir ki, gülüm!
Gəl çıx, solub gedir bənövşə ömrüm!

Şərh Yaz