Milli dəyərlərimizi qorumalıyıq

İsmayıllıda may ayının 15-də həmin günün Beynəlxalq Ailə Günü olması münasibəti ilə ümumrayon tədbiri keçirilib. Tədbirdə rayonun qocaman, nümunəvi ailələrinin nümayəndələri, ziyalılar və digər qonaqlar iştirak edib.Milli dəyərlərimizi qorumalıyıqTədbirdə çıxış edən İsmayıllı rayon İcra Hakimiyyəti başçısdının müavini Sevil Əhmədova Beynəlxalq Ailə Gününün qeyd olunmasında əsas məqsədin cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı olduğunu qeyd edib. Həmçinin, bu günün qeyd edilməsi ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının, nümunəvi çoxuşaqlı ailələrin təbliği baxımından əhəmiyyət daşıdığı bildirilib.
Qeyd edilib ki, bu gün ölkəmizdə ailə cəmiyyətin özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görüb.
Digər çıxış edənlər cəmiyyətin əsasını təşkil edən ailənin əhəmiyyətindən danışıblar. Ailə qurmaq istəyən gənclərə dəyərli tövsiyələr verilib. Qeyd olunub ki, başqa millətlərdən fərqli olaraq, azərbaycanlı ailəsi hər zaman öz daxili strukturu və davamlılığına görə seçilib. Milli dəyərlərimizin qorunduğu ailə modelində qadın və kişinin hər birinin ayrı-ayrılıqda öz vəzifə və öhdəlikləri var. Günümüzdə bir çox ailələr bu dəyərləri qoruyub saxlayır. Qarşılıqlı sevgi, anlaşma və hörmətə əsaslanan ailələr qırılmaz əsaslara və daha möhkəm dayaqlara malik olur.
Tədbirdə ailə qurmaq arzusunda olan iki gənc nişan və ailə həyatı qurmalarının 65 illiyini qeyd edən Həmzəyevlər cütlüyü əlamətdar gün münasibəti ilə təbrik olunublar. Bayram tədbiri konsert proqramı ilə davam edib.
S.Rəhimova

Şərh Yaz