Əhəmiyyətli dövlət tədbiri

Respublikamızın ərazisində kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinin hüquqi əsaslarını ölkə Prezidentinin “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 21 dekabr tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” 28 dekabr 2013-cü il tarixli qərarı, statistika haqqında Qanun və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq əmr və göstərişləri təşkil edir.
Kənd təsərrüfatı siyahıyaalınmasının keçirilmə müddəti 2015-ci il iyunun 1-dən 30-dək olan müddət məlumatların yığımı, yəni siyahıyaalmanın başlanması və başa çatması dövrü hesab olunur.
Siyahıyaalma ucdantutma qaydada kənd təsərrüfatı istehsalı ilə məşğul olan bütün təsərrüfatların sorğuya cəlb edilməsi yolu ilə keçirilməlidir.
2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalmasının keçirilməsində əsas məqsəd ölkənin aqrar bölməsinin gələcək inkişafına dair müvafiq qərarların qəbulu üçün kənd təsərrüfatındakı mövcud vəziyyətə dair hərtərəfli məlumatların əldə edilməsindən ibarətdir.
Son illər ölkə Prezidentinin rəhbərliyi ilə aqrar sahədə islahatların uğurla həyata keçirilməsi, dövlətin bu sahəyə olan diqqət və qayğısı nəticəsində dinamik inkişaf təmin edilmiş, heyvandarlıq və bitkiçilikdə mühüm struktur dəyişiklikləri baş vermiş, məhsul istehsalının artırılmasında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Məhz bu səbəbdən də aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu tədbirin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür və onun icrası 5 nazirlik, 2 Dövlət Komitəsi və digər qurumların fəal iştirakını tələb edir.
İşin təşkilindən asılı olaraq siyahıyaalma iki əsas qrup təsərrüfat kateqoriyası üzrə aparılmalıdır. Birinci qrupa kənd təsərrüfatı ilə məşğul olan bütün kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar-kollektiv (birgə) təsərrüfatlar, səhmdar cəmiyyətlər (açıq və qapalı), təsərrüfat cəmiyyətləri (məhdud və əlavə məsuliyyətli), kənd təsərrüfatı müəssisələri və təşkilatlar daxil edilmişdir.
Bu təsərrüfatlar müvafiq uçot və inventarlaşdırma sənədlərinə əsasən siyahıyaalma vərəqəsini özləri dolduraraq yerli statistika orqanına təqdim etməlidirlər. İkinci qrupa kəndli (fermer) təsərrüfatları, ailə kəndli təsərrüfatları, ev təsərrüfatları və bağ evi təsərrüfatları daxil edilməlidir .
Siyahıyaalma zamanı hər iki qrup üzrə aşağıdakı əsas göstəricilər barədə məlumatlar toplanmalıdır:
Təsərrüfatın mənsubiyyəti, təsərrüfatın əsas gəlir mənbəyi, icarə münasibətləri və torpaqdan istifadə, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələr üzrə ağac və kolların sayı və əkin sahəsi, mineral və üzvi gübrələrdən istifadə, təsərrüfatda istifadə edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, kənd təsərrüfatı məhsullarının emalı üçün avadanlıqlar, kənd təsərrüfatı binaları və tiklilərin mövcudluğu, kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi, gender məsələləri. Bu ilin iyun ayının 1-dən 30-dək keçirilən kənd təsərrüfatı siyahıyaalmasının mühüm dövlət əhəmiyyətli tədbir olduğunu nəzərə alaraq siyahıyaalmaya cəlb olunan subyektlərin fəal olmaları vacibdir.
Daşdəmir Məmmədov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini

Şərh Yaz