Sağ ol, Vətən oğlu!

Ulu Basqalın qəhrəman övladları
(Oçerkdən bir parça)

Kamal Ağarəzi oğlu Qasımov, Böyük Vətən müharibəsi qəhrəmanı(1909-1941)

… 1941-ci ilin noyabr ayında Ağarəzi müəllim hissə komandirinin imzası ilə məktub aldı. Polkovnik Pyotr Trofimov yazırdı: “Atacan! Böyük Vətən müharibəsi qəhrəmanı, ordenli Kamal Qasımov kimi oğul böyütdüyünüz üçün sizə çoxsaylı döyüşçülərimiz və hissəmizin komandirləri adından çox sağ olun deyirəm. Kamal gələcək nəsillərə nümunə olan, heç vaxt unudulmayan igidliklər göstərib. O, elə qəhrəman idi ki, onu bir anda mübarizəsiz saxlamaq mümkün deyildi. Son əməliyyat zamanı Kamalın dəstəsi faşistlərin avtomatçılar vzvodu ilə üz-üzə gəlmişdi. Kamal əlbəyaxa hücum əmri verdi. Sağ ol, Vətən oğlu!Ata, almanlar bizim süngülərdən qorxan kimi heç nədən qorxmurlar. Dəstə faşistlərin üzərinə hücum edəndə Kamal ağır yaralandı. Əsgərlərimiz onu səhra xəstəxanasına aparanda o, yolda əbədi olaraq gözlərini yumdu. Elə həmin gün Azərbaycan xalqının qəhrəman oğlunu igid komandirə layiq ehtiramla dəfn etdik. Moldaviya torpağında uyumuş Kamal Qasımovu ölmüş sanmayın!”
Moldav şairi Yemelian Bukov da Kamalın qəhrəmanlığı qarşısında baş əyir, onun iki xalqa mənsub olduğunu tərənnüm edir.

Kamal Qasımov

Ungen şəhərində bir küçə vardır,
Daşında yazılıb: Qasımov Kamal.
O, bizə ən əziz bir yadigardır –
Hünər dastanını məndən xəbər al.

Boy atıb böyüyüb Azərbaycanda,
Qəlbini bağlayıb doğma Vətənə.
Mənim günəşimi bulud alanda,
Bakıdan ayrılıb gəldi Ungenə.

Döyüş səngərinə atıb özünü,
Amansız düşmənə verməyib aman.
Xəzər sahilində açıb gözünü,
Prut sahilində köçüb dünyadan.

Açdı ürəyini bizim ellərə,
Moldav torpağının heyranı oldu.
Ölümlə tutuşdu o neçə kərə,
Fəqət bir güllənin qurbanı oldu.

Əl tutub hamıyla dost tək görüşür,
Gəlişi uğurlu, gedişi hicran.
Qızlar arasında ondan söz düşür,
Subaydı o zaman, subay bir oğlan.

Qoynunda saxladı onu bu düzlər,
Həzin laylasını çaldı küləklər.
Məzarı başına töküldü qızlar,
Bəzədi üstünü güllər, çiçəklər.

Sorağı gəzdikcə eli, obanı,
Hamı öz yerlisi sandı Kamalı.
Г‡oxları unutdu keçən davanı,
Ancaq xatırladı, andı Kamalı.

Bir ana döşündən o, süd əmsə də,
Neçə min ananın övladı oldu.
Yoxluğu qəlbimə bir sitəmsə də,
Şöhrəti şeirimin qanadı oldu.

Yenə unutmayıb haqqı-sanını,
Basıram bağrıma qardaş diyarı.
Mənə elə gəlir Prut çayını,
Kamal axıdıbdır Xəzərə sarı.
(Tərcümə Teyyub Qurbanındır)

Miryavər Hüseynov

Şərh Yaz