Qələbə – 70 Alovlardan keçmiş cəsur insan

Faşizmlə müharibənin dəhşətlərini taleyində yaşamış mərd azərbaycanlı övladlarından biri də İsmayıllı rayonunun Hacıhətəmli kəndində yaşayan Həbulla Ağayevdir.
Vuruşmaq, şücaət göstərmək eşqi ilə müharibəyə yollanan Həbulla yüz minlərlə həmvətəni kimi faşistləri Azərbaycan torpağına buraxmamağı, ana-bacılarımızın namusunu, qeyrətini qorumagı özünə borc bilirdi.
Qanlı-qadalı davaya yola salarkən Nazlı ananın dediyi sözləri, öyüd-nəsihətləri, xeyir-duaları onu daha da qorxmaz eləmişdi.
1942-ci ilin fevralında cəbhəyə yollandı. İlk döyüşə 216-ci atıcı alayın tərkibində Şimali Qafqazdan- Mozdokdan,Vladiqafqazdan başlayan Həbullanın döyüş yolu Rusiya, Ukrayna, Belorusiya, Moldaviya, Rumıniya, Bolqarıstan, Yuqoslaviya və Macarıstan cəbhələrində davam elədi. 369-cu, 308-ci atıcı qvardiya alayının tərkibində böyük döyüş yolu keçdi gənc Həbulla…
Qələbə - 70  Alovlardan keçmiş cəsur insanPulemyotçu kimi o, vuruşa-vuruşa min kilometrlərlə məsafəni mərdliklə keçib. Bunun nə demək olduğunu cəbhəyə bələd olanlar bilər. Dnepri keçəndən sonra sağ qolundan yaralanır. Müalicə olunur və yenidən cəbhəyə qayıdır. Söylədiklərinə görə günlərlə çörəyin nə olduğunu bilməyiblər. Г‡ətin anlarında cəbhə yoldaşı, təcrübəli Ziyad Hacıyevin məsləhətləri (Gədəbəy) onların köməyinə gəlir. Aclıq üz verəndə güllələnmiş atların ətini yeməyi öyrədib onlara, dayaq olub cavanlara.
Müharibədə əsaslı dönüşdən sonra Sovet Ordusunun güclü hücumları başladı. Marşal Tolbuxinin komandanlığı altında 3-cü Ukrayna cəbhəsində vuruşub.
1944-cü ilin dekabrında Budapeşt uğrunda gedən döyüşlərdə ağır yaralanan H.Ağayevi müalicə üçün Yuqoslaviyanın Subbotisa şəhərinə göndərilir. Qələbə xəbərini də yaralı döyüşçü elə hospitalda eşidir. 6 ay müalicədən sonra bir müddət Bolqarıstanda və Rumıniyada Sovet qoşunları qarnizonu tərkibində xidmət edib və yalnız 1946-cı ildə evə dönən 22 yaşlı Həbullaya o vaxt 45-50 yaş verirdilər.
Döyüşlərdəki qəhrəmanlıqlarına görə çox mükafatlar alıb Həbulla kişi. Ukrayna cəbhəsində Dnepri keçərkən göstərdiyi şücaətə görə 1-ci “Qızıl Ulduz”, Yuqoslaviyanın azad olunmasında xidmətlərinə görə 2-ci dəfə “Qızıl Ulduz” ordeninə layiq görülür. Sonrakı taleyilə Həbulla Ağayev doğrudan da qəhrəman olduğunu sübut etdi. Cəbhədə layiq görüldüyü 11 medal da qəhrəmanlığının bir ifadəsidir.
Müharibədən sonra doğma kəndində təsərrüfatda çalışan Həbulla kişi həmişə zəhmətsevərliyi, yorulmazlığıyla seçilib, böyük hörmət sahibi olub, nəinki kəndin, bütün rayonun samballı şəxslərindən- ağsaqqallarından biri kimi sevilib. Dəyərli məsləhətləriylə, sözünün ötkəmliyi və urvatıyla çox müşkül məsələlərin həllinə nail olub, üz tutduğu bütün idarə və ünvanlarda Həbullanın necə tələbkar və haqq-ədalət tərəfdarı olduğunu bildiklərindən, onun hər bir müraciətinə diqqətlə yanaşıblar. Kəndin bir çox problemlərinin yuxarı orqanlar qarşısında qaldırılmasına və həllinə nail olub.
Azərbaycan torpağında mənfur ermənilərin başladığı xəyanətkar savaş müharibə od-alov və əzabları görmüş H.Ağayevin ailəsindən də yan keçməyib. 18 yaşlı oğlu Ayaz Qarabağ savaşına yollandı, mərdliklə vuruşdu, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Abdurəhmanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanaraq itkin düşür- sonralar məlum olur ki, ermənilərə əsir düşüb. 20 ildən çoxdur ki, Həbulla kişi, ömür-gün yoldaşı Elmira ana böyük intizarla Ayazın yolunu gözləyirlər. Bu illər ərzində çox ünvanlara üz tutub. Г‡ox qapıları döyüb oğlundan soraq almaq məqsədilə. Bir çox beynəlxalq təşkilatların nümayəndələri onunla əlaqə saxlayıb əsir övladıyla bağlı məşğul olduqlarını bildiriblər – hələ ki, bu günə qədər bir nəticə yoxdur.
Bu gün 90 yaşlı Həbulla kişi faşistlərlə ağır savaşdan salamat çıxardığı ürəyində Qarabağ savaşının da ağır nisgilli yarasını daşıyır, naməlum əsgər taleyinin yarasını. Qanunlara müvafiq olaraq Ayaz Ağayevə “Şəhid” statusu verilsə də, ailənin ümidləri hələ tükənməyib. Gözləri yollarda qalıb, bir gün Ayazın evə dönəcəyini gözləyirlər… İnanırıq ki, erməni əsirliyində olduğu bildirilən Ayaz doğma yurda dönəcək və ata-ananın yarasına məlhəm qoyacaqdır.
Həbulla kişi böyük ailə sahibidir, tez-tez nəvə-nəticələri başına toplaşıb müharibədən, kemiş zəmanələrdən söhbət açmasını xahiş edirlər. Təbii ki, zəngin və məşəqqətli tale sahibinin söhbətlərinə heç kim biganə qala bilmir.
Bu gün mənalı ömrünün 92-ci baharını yaşayan Həbulla kişi yaşadıqlarından qürur duyur, yeganə narahatlığı isə xalqımızın üzləşdiyi Qarabağ itkisidir. Qalib ordunun əsgəri olmuş şəhid atası doğma torpaqlarımızın azad olunacağı əsl qələbə gününün sevincini yaşamaq istəyir və buna möhkəm əminliyi var bu müdrik insanın.
Xeyrulla Ağayev

Şərh Yaz