Elmə həsr olunmuş ömür

Elmira hələ kiçik yaşlarından elmə, savada böyük maraq göstərmişdir. Hələ orta məktəbdə oxuyarkən dərslərindən əla qiymətlər alardı. 1967-ci ildə şəhər 2 nömrəli məktəbin I sinfinə getmiş, 1977-ci ildə şəhər 3 nömrəli məktəbin riyaziyyat təmayüllü sinfində orta təhsilini əla qiymətlərlə bitirmişdir.
Elmira məktəbi bitirən kimi ali təhsil almağa getmədi. 1979-cu ilədək rayondakı çörək kombinatında fəhlə işlədi və həmin ildə də ADU-nun (indiki BDU) biologiya fakültəsinə daxil oldu. 1984-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla doğma rayona gəlmiş, Buynuz kəndində kimya-biologiya müəllimi və dərs hissə müdiri işləmişdir. Qısa müddətdən sonra onu komsomol işinə irəli çəkmişlər. Şəhər 3 nömrəli orta məktəbdə komsomol komitə katibi, həm də orada kimya-biologiya müəllimi işləmişdir.
Elmə həsr olunmuş ömür
Elmira Nəsrəddin qızı Ağayeva 18 may 1960-cı ildə İsmayıllıda anadan olmuşdur. Gənc qız təhsilini davam etdirmək fikri ilə sənədlərini 1986-cı ildə Azərbaycan MEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda əyani aspiranturaya verir və qəbul olunur. Üç il sonra orada təhsilini başa vurur. 1989-cu ildə həmin institutda baş laborant vəzifəsinə işə götürülür. Bu gəncin işgüzarlığı onun vəzifə pillələri ilə qalxmasına da yardımçı olur. 16 aprel 1992-ci ildə attestasiya olunaraq kiçik elmi işçi, 4 yanvar 1993-cü ildə elmi işçi, 16 mart 1995-ci ildə baş elmi işçi, 1 iyun 2010-cu ildə aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir.
E.Ağayeva 18 iyun 1992-ci ildə “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə “Hamiləliyin müxtəlif dövrlərində dovşan dölünün inkişafına hipokineziyanın təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ali Attestasiya Komissiyasının qərarı ilə 9 fevral 2000-ci il tarixində baş elmi işçi adını almışdır.
Elmira xanımın apardığı tədqiqatlarla xarici mühitin ekstremal faktoru olan hipokineziyanın ontogenetik aspektdən tədqiqində mühüm nəticələr əldə edilmiş və tədqiqatların gedişində bir sıra metodikalar mənimsənilmişdir. Hazırda ölkədə və xaricdə çap olunmuş 97 elmi işin müəllifidir. O cümlədən müdafiədən sonra 90 elmi əsəri çap olunmuşdur. Aldığı nəticələrlə dəfələrlə beynəlxalq forumlarda, elmi konqreslərdə, konfranslarda –“ Sankt-Peterburqda, Təbrizdə, İstanbulda, Moskvada və Rusiyanın başqa şəhərlərində iştirak etmişdir. Daim işlədiyi mövzu üzrə və elmi problemin qoyuluşu ilə istər bizdə, istərsə də xaricdə bu sahədə aparılan işlərlə hərtərəfli yaxından tanış olmağa, yeniləşən informasiya texnologiyaları ilə bağlı biliklərini artırmağa, müasir tədqiqat metodlarının tətbiqini mənimsəməyə çalışır. Apardığı eksperimental tədqiqatlardan aldığı nəticələri dünya elmi ədəbiyyatlarını izləməklə analiz etməyə və ümumiləşmə aparmağa çalışır. Alim aldığı nəticələrin fiziologiya elmi üçün nəzəri və praktiki əhəmiyyətini düşünür. Hazırda “Prenatal hipokineziyaya məruz qalmış orqanizmlərdə adaptiv proseslərin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Ona bu işdə yeni uğurlar arzulayırıq.
B.Babayev

Şərh Yaz