Vətən məhəbbəti, ana sevgisi

İnsan həyata qədəm atdığı gündən danışmaqdan öncə səsləri eşidib, dinləməyi öyrənib. Böyüdükcə sevdiyi, ürəyinə yatan sözlərə, kəlamlara meyl göstərib, içindəki arzuları, ürəyindəki nisgilləri, itirdiklərini, ağrı-acını, dildən-dilə keçən və yaddaşlara çökən şeirlərdə, bayatılarda tərənnüm edib, qəlbi oyadan musiqiyə çevirib. Şairlik, söz sənəti Yaradanın sevdiyinə verdiyi fitri istedaddır. Şairin dediyi, nəzmə gətirdiyi, oxucunun qəlbini oxşayan, kövrəldən, bəzən də qəhrəmanlar kimi nərə çəkib düşmən üzərinə hücuma keçən sözlər şair qəlbinin yavrusudur. Şeiriyyət aləminin mahir bilicisi olan şair işıq saçan lampaya bənzəyir və insanlar da onun işığına yığılır. Təbii ki, bu sözləri şair Şahməmməd Dağlaroğlunun şeirləri, bayatıları haqqında da demək olar.Vətən məhəbbəti, ana sevgisiİnsan həyata qədəm atdığı gündən danışmaqdan öncə səsləri eşidib, dinləməyi öyrənib. Böyüdükcə sevdiyi, ürəyinə yatan sözlərə, kəlamlara meyl göstərib, içindəki arzuları, ürəyindəki nisgilləri, itirdiklərini, ağrı-acını, dildən-dilə keçən və yaddaşlara çökən şeirlərdə, bayatılarda tərənnüm edib, qəlbi oyadan musiqiyə çevirib. Şairlik, söz sənəti Yaradanın sevdiyinə verdiyi fitri istedaddır. Şairin dediyi, nəzmə gətirdiyi, oxucunun qəlbini oxşayan, kövrəldən, bəzən də qəhrəmanlar kimi nərə çəkib düşmən üzərinə hücuma keçən sözlər şair qəlbinin yavrusudur. Şeiriyyət aləminin mahir bilicisi olan şair işıq saçan lampaya bənzəyir və insanlar da onun işığına yığılır. Təbii ki, bu sözləri şair Şahməmməd Dağlaroğlunun şeirləri, bayatıları haqqında da demək olar.
Şairin çapdan çıxmış yeni əsəri “Cinas bulağı” kitabıdır. Adından məlum olduğu kimi bir-birini izləyən, müxtəlif mənaları əks etdirən təcnislərində şair dövrünün, zamanın aktual mövzularından poetik şəkildə söhbət açır. Doğrusu, mən filoloq deyiləm və poetik nüanslar haqqında geniş məlumatım olmasa da, şairin seçdiyi yaradıcılıq yolu diqqətimi cəlb etdi. Onun yaradıcılığında müxtəlif sahələrlə yanaşı vətənpərvərlik hissi daha geniş yer tutur. Təbii ki, çox şairlərimiz, ədiblərimiz, siyasi xadimlərimiz Vətənimizi özünəməxsus şəkildə tərənnüm etmişlər və Vətən dərdi, Vətən həsrəti, ana, övlad yanğısı kimi onların qəlbini, iç dünyasını təlatümə gətirib, xalqın qan yaddaşında yaşayan önəmli əsərlər yaratmışlar.
Ömrünün çox hissəsini qürbətdə yaşayan M.Rəsulzadə üç dəfə “Azərbaycan” deyərək əbədiyyətə qovuşmuşdur. Daim Vətən həsrətilə yaşayan Ə.Hüseynzadə “Bilirmisən, cühala nə etdilar Vatana? Nə qoydular uyuya, nə qoydular oyana”. – deyib yanmışdı. Almas İldırımın bəzən ağı deyən, bəzən də inqilabi notlara köklənən əsərləri önəmli deyilmi? B.Vahabzadə Sovet dövlətinin siyasi rejimindən çəkinməyərək 1959-cu ildə özünün “Gülüstan”, sonra isə onun davamı olan “İstiqlal” poemalarında Güney Azərbaycanla Quzey Azərbaycan arasında sərhəd rolunu oynayan Araz çayının hər iki sahilinə çəkilən tikanlı məftilləri həm cənubluların, həm şimallıların qəlbinə çəkilmiş böyük həsrət hörgüsünə bənzətmişdi.
Müasir şairlərimizlə yanaşı bu mövzu Ş.Dağlaroğlunun qələmindən də yan keçməmişdir. Zamanın ağır problemi müxtəlif təxribatlarla yanaşı hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsidir. Bu dərd 20 Yanvar faciəsilə yanaşı Azərbaycan xalqının qəlbində dərin kök salmışdır. Məhz bu ağrılar şairin əsərlərində qabarıq şəkildə əksini tapmışdır. Onun Kəlbəcərli qaçqın dostu Yaşara yazdığı şeirdə “yaşar” sözü cinas kimi bəndlərdə müxtəlif mənalar kəsb etməklə yanaşı, özünəməxsus məna dəyəri yaratmışdır:
Murov dağı dağlarıma şah idi,
Qaçqın adı dağdı eldə yaşara.
Mən aşiqəm yaş ara,
Quru nə çox, yaş ara.
Tale səni güldürə,
Gülən gözün yaşara.
İlk eşqimin Dəli dağdı şahidi,
Vermir onsuz gözlərimdə yaş ara.
Şair gələcək qələbə sevincilə dostunu müjdələyir “Gülən gözün yaşara”, sonrakı misrada nostalji duyğulara qapılaraq Dəli dağ üçün göz yaşlarının qurumadığından şikayətlənir. Г‡ünki Murovdağ da, Dəlidağ da təkcə Yaşarların yox, bütün Azərbaycan xalqınındır.
Vətənin, xalqın başına gələn müsibətləri Ş.Dağlaroğlu öz daxili dünyasının ağrıları, təəssüf hissilə tərənnüm edir:
Dərdimi oda atdım,
Dərdim odu oddadı.
Şairin qəlbindəki od, bu nisgil bütün Azərbaycan xalqının zaman-zaman alovu sönməyən Vətən dərdidir. Vətənpərvərlik hissi, duyğusu isə ictimai mühitin daimi tələbidir.
Qarabağ uğrunda apardığımız mübarizədə, 20 Yanvar faciəsində xalqımız özünün minlərlə dəyərli övladını itirdi, Xocalıda düşmən vəhşiliyi nəticəsində əhalinin çox hissəsi yerli-dibli tələf oldu. Lakin şair sınmır, əyilmir özünün şeir təbəssümü ilə oxucularını, gəncləri qələbəyə səsləyir. Qəhrəmancasına həlak olan gənclərin ruhundan gələn Vətən sevgisini tərənnüm edir, bütün xalqı bir cəbhədə birləşməyə səsləyir:
Yerin yurdun sevənlər
El dərdini bir çəkər.
Müharibənin baş verdiyi ilkin zamanlar – cəbhəyə ümumi bir baxışın olmaması, hakimiyyət uğrunda gedən mübarizə təbii ki, şairin diqqətindən yayınmamışdır:
Qırat vardı, yüyəni də Həmzədə,
Bu gün birdi Koroğlu da, Həmzə də.
Ürəyimdə həm el dərdi, həm zədə,
Dərd ananı dərd ananlar anandı.
Sonuncu bənd aforizm kimi daha qiymətlidir. Müxtəlif dövlətlər tərəfindən hissə-hissə qoparılmış Azərbaycan torpaqları üçün şairin qəlbi göynəyir, fəryad qoparır. Məhz ağır dərd, Vətən yükü onun qələminin mürəkkəbini qurumağa qoymur:
Yaman qoyduq, yaman günə bu yurdu,
Dönük çıxdıq, yağı təşrif buyurdu.
Yol azanlar yol göstərdi, buyurdu
Г‡ıxdı əldən o yamacım, bu dağım.

Dağlaroğlu, dərd gözünü oyanam,
Vaxt yetişib, gərək qalxam, oyanam.
Elə yandım, ha qışqırdım: – Oy anam!
Dağ olmuşdum, başqa dağdı bu dağım.
Vətən bizim and yerimiz, Vətən bizim qibləgahımız. Bütün dərdlərdən daha ağırdır yurd-yuva dərdi. Uzaq səfərə çıxanda doğma yurd-yuvamıza qayıtmağa tələsirik. S.Vurğun demişkən: “Vətənsiz də insan olan insan kimi yaşayarmı?” Lakin bu gün Vətənimizin bir hissəsi düşmən əlindədir. Qarabağın əhalisi ölkənin müxtəlif yerlərinə səpələnib pərən-pərən olmuşdur. Bu dərd, Vətən həsrəti hamı kimi şairin də qəlbini göynədir:
Vətən sevən, kirit məni ovundur,
Həsrət yüküm əyilməyir yan daha.
Mən aşiqəm, yan daha,
Tüstüləmə, yan daha.
Bu dərd mənə doğmadı,
Gör qaçıram yan daha!
Bilirəm ki, torpaq, bu can onundur,
Mən bu sözü deməmişəm yanda ha!
“Yan daha” cinası şeirun misralarında müəllif tərəfindən məharətlə müxtəlif mənalarda istifadə olunub.
Ölkə daxilində ilkin hakimiyyət uğrunda gedən çəkişmələr zamanı itirilmiş torpaqların yanğısı Ş.Dağlaroğlunun qələmindən süzülüb gələn təəssüf hissləridir. Qəlbindəki narahatlıqla barışa bilməyən şair iç dünyasının üsyankarlığına dözməyib qarğışa keçir:
Dərdi artar görənin –
Qara dama, ağ dama.
Düşmənə yurd verənin
Gözlərinə ağ dama.
Xalqından, elindən ayrı düşmüş yurdunun dilbər guşəsinin təşnəsi kimi şair daim o yerlərin sorağındadır. Bəzən qəlbinin mənəvi dünyasına qapanaraq lirik ricətlərlə şeiriyyət aləminə gedir, Vətənindəki ağrı-acını çözələyir, çıxış yolu axtarır:
Haqsız yerdə görünməyəm, qalam az
Dərd əlindən dərdim nə çox, qalam az.
Şuşa kimi qalam az,
Mərd mərdə dərd qalamaz.
Kəlbəcərdən aralı
Ağlayam az, qalam az.
Dağlaroğlu odu gendə qalamaz,
Al dost dərdin, qoş dərdinə, sal aha.
Ş.Dağlaroğlu hər bir şeir bəndində, hər bir misrada bir bitkinlik, bir ideya verməyi bacarır. “Tanrı məni bəyəndi, vermədi dərdi yada”, – deməklə o Vətənin bu ağır gününü özününküləşdirib, özünün yaşam tərzini, arzu və istəklərini ölkənin azadlığı ilə həmahəng sayır.
Şairin yaradıcılığındakı cinas qafiyələr üstünlük təşkil edir və böyük hikmət, fəlsəfi məna kəsb edir:
Şahməmməd, tarixə girdim an kimi,
Təbin dağ çayıdır Girdiman kimi.
Oddan qurtarıbdır Girdiman kimi?
Yan, sənin oduna su, pər isinə.
Şairin fəlsəfi, məna dolu düşüncələri dörd misralıq şeir parçasında emosional bənzətmədə əksini tapmışdır. Coşqun, təlatümlü dağ çayı olan Girdiman nə qədər dəlisov olsa da, insan qəlbindəki odu-alovu söndürə bilmir. İstər insan qəlbi, istərsə də dağ çayı ayrı-ayrılıqda, özlüyündə bir varlıq, bir tamdır.
Şairin yazdığı:
Bir yerdəyəm, burdan keçir neçə yol,
Bir ağacam, yox salamat budağım.
– misraları M.Şəhriyarın:
Bu bağın bar verən ağacıyam mən,
Sınmış qol-qanadım gör neçə yerdən. – misraları ilə həmahəngdir.
Hər iki şairin düşüncələrində Vətən dərdi, xalq arasında olan ayrılıq hissləridir. Təbii ki, zamanın təzyiqlərinə sinə gərmək üçün onların təsəvvürlərində olan “ağaclar” yenə pöhrələnəcək, yenə bar verəcək.
Öz aləminə qapılaraq özü ilə təkbətək düşüncələr aləmində özünü, mənliyini, varlığını, doğulduğu vətənin şirinliyini, Vətən naminə şəhid düşən igidlərin şücaəti, doğma yurd uğrunda həlak olmuş övladları ilə fəxr edən anaların tərənnümçüsüdür şair Ş.Dağlaroğlu.
İnsan dünyaya gələndə onu böyüdən, boya-başa çatdıran anadır. Ana müqəddəsdir. Ana laylası dinləyən insanın həyat eşqi, vətənpərvərliyi də çılğın olur. Bəlkə də həyatımızın ilk şairləri elə bizim analarımızdır. Doğulduğumuz gündən anamızın həzin səslə oxuduğu laylalar bizi əzizləyib, həyata yönəldib, istiqamət verib. Analar körpələrinə həyatı öyrədirsə, övladları onları qürurlu, müqəddəs “Ana” zirvəsinə yüksəldir. Ş.Dağlaroğlu bayatılarının başlanğıcında anasına müraciət edir:
Ana, adına qurban,
Eşqin oduna qurban.
Sən çaldığın laylanın
Olum dadına qurban.
Ananın sevgi və məhəbbətindən doğan laylalar insanın dinlədiyi, ilk həyat mesajıdır.
Şairin seçdiyi təxəllüs də təsadüfi deyil. Onun doğulduğu kənd, yurd-yuva dağlarla əhatələnmişdir. Baba dağ, Gümüş-qalay, Niyal, Fit, Səbətkeçməz, Qarabel, Qaban, Pənsa dağları onun göz açdığı ərazidə yerləşir. Eyni zamanda şairin daxili aləmi, vətənpərvərliyi dağ qüdrətli, dağ qürurludur:
Dağlaroğlu, dağdan başlar vətənim,
Dağdı ruhum, dağdı sözüm və tənim.
El sənətkarları öz yaradıcılığı ilə əsərlərində xalqın ürəyindəki hissi-arzunu əks etdirə bilirlər. Onların duyğuları xalqın duyğularıdır.
Ş.Dağlaroğlu Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Beş kitabın müəllifi, iyirmidən çox əsərin redaktorudur. Gündəlik mətbuatda dərc olunan şeirləri altıncı yeni kitabın əsasını təşkil edir. Şairin əsərləri Azərbaycan sərhədlərini adlayaraq qardaş türk xalqı arasında da sevilə-sevilə oxunur. “Türk dünyası antalogiyası”nda bir çox Azərbaycan şairlərilə yanaşı Ş.Dağlaroğlunun şerləri Türkiyə türkcəsində çapdan çıxmışdır.
Yolların ən çətini həyat yoludur. Həyat mübarizə meydanıdır. Yaradıcılığında öz möhürünü qoymuş şairə bu yolda yeni yaradıcılıq uğurları arzulayırıq.
Səltənət Nəcəf qızı

Şərh Yaz