Zümrüd meşələr, buz bulaqlar

İsmayıllını əbəs yerə Azərbaycanın mirvarisi, yaxud incisi adlandırmırlar. Təbiətin əli ilə yaranan gözəlliklər sözün həqiqi mənasında bu adı doğruldur. Zümrüd meşələr, diş göynədən buz bulaqlar, yayın nəfəskəsici istisində adamın canını sərinlədən havası, hər addımbaşı qarşında açılan müxtəlif təbiət mənzərələri adamları buraya səsləyir. Ona görə də buraya gələnlərin sayı ildən-ilə artır. Gələcəkdə, lap yaxın zamanlarda buralar məşhur turist məkanına çevriləcəyi heç də xəyal deyil, reallıqdır. Biz burada turizmdən deyil, onun yaşıl taclı ağacları, meşələri haqqında söhbət açmaq fikrindəyik.Zümrüd meşələr, buz bulaqlarİsmayıllıda meşəçilik təsərrüfatı hələ 1929-cu ildən fəaliyyətə başlamışdır. O zaman Qutqaşın indiki Qəbələ rayonunun tərkibində olmuşdur. Həmin ildən İsmayıllı, Şamaxı və Ağsu rayonlarının meşə massivlərinin bazası əsasında İsmayıllı Meşə İstehsalat Təsərrüfatı adı ilə fəaliyyət göstərmişdir. 1956-cı ildə Şamaxı və Ağsu rayonları ayrılmışdır. İsmayıllı Meşə Təsərrüfatı rayonun inzibati ərazisində olan meşə sahələrinin bir hissəsini əhatə edir. İndi rayonun ümumi meşə sahəsi 72776 hektardır. İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sahəsi 35557 hektardır. Bunun 32773 hektarı meşə ilə örtülüdür. Meşə əkinlərinin sahəsi 178 hektardır.
İsmayıllı rayonundakı digər meşə massivləri “Şahdağ” Milli Parkına aiddir. Rayonumuzun ərazisinin yerləşdiyi bitki zonası üçün xarakterik olan iqlim şəraiti, yağıntının miqdarı, temperaturu, torpaqları və sairi əlverişli meşəbitmə şəraiti yaradır. Meşələr rayon ərazisində dəniz səviyyəsindən 1600-1700 metr hündürlüyə qədər yayılmışdır. Müəssisənin əhatə etdiyi meşələrin hamısı birinci qrupa aiddir və yüksək suqoruyucu, torpaqqoruyucu və rekrasiyon meşələrə malikdir. Meşələrimizin cins tərkibi palıd, fıstıq, vələs və sairdən ibarətdir. Ən çox yayılanı vələs və fıstıqdır. Onu da qeyd edək ki, meşələrimizdəki ağaclar “Qırmızı kitab”a düşənlərdir. Şabalıdyarpaq palıd, Qafqaz cökəsi, qızılağac, yunan qozu, şabalıd və sair ağaclar qorunur.
Müəssisə Qalınçaq, Talıstan, Topçu, Basqal və Girdiman meşəbəyliklərinə bölünür. Rayon ərazisindən axan çayların hamısı meşə sahillərindən keçir. Bu da müsbət haldır.
Meşələrin bərpası və genişləndirilməsi diqqət mərkəzində saxlanır. Bu məqsədlə iki hektar tinglik sahəmiz var. Burada yunan qozu, nəhəng ağcaqayın, şərq çinarı, ağqovaq, tut, akasiya, yalanqoz, şam, sərv, tuya və sair ağacların ting, həmçinin toxumları yetişdirilir.
Keçən il müəssisədə 60 hektarda – 35 hektarda meşə əkini və 25 hektarda meşə səpini işləri aparılmışdır. Ümumilikdə, 55 min ədəd ting əkilmişdir. İl ərzində 6,17 ton müxtəlif ağac toxumları tədarük edilmişdir. Bu işə yeni ildə də diqqət artırılacaqdır. 2015-ci ildə 60 hektar sahədə meşə əkini və səpini işlərinin aparılması nəzərdə tutulmuşdur. 60 min ting əkilməsi, 6,5 ton toxum tədarükü nəzərdə tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar rayonun məktəbliləri, idarə, müəssisə və təşkilatlarında çalışanlar da yaşıllaşdırma işlərində fəal iştirak edirlər. Deməli, meşələrin mühafizəsi ümumxalq işinə çevrilmişdir. Bütün bunlar biz meşəçiləri sevindirməyə bilməz. Qoy meşələrimiz adamların əsl istirahət yerinə çevrilsin.
Cabbar Qəribov,
İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəçisiZümrüd meşələr, buz bulaqlar

Şərh Yaz