Müəllimlərin müəllimi

Məni o unudulmaz, indi də kövrələ-kövrələ xatırladığım, indən belə ha çağırsam ünüm yetməz, ha yüyürsəm əlim yetməz, atasının dalınca ağlayan körpə uşaq kimi o illərim üçün qovruluram: için-için, xısın-xısın. Müəllimlərin müəllimiHərdən də bu dünyanın gərdişindən əndişələnib, iyrənib ulu Tanrıya yalvarıram: – Allah, məni uşaq elə, çıxım gedim məktəbimə. Dərddən-qəmdən uzaq olum, hazırlaşım dərslərimə. Hər gün ömrümün on ilini qoynunda keçirdiyim 1 nömrəli tam orta məktəbinin yanından keçib işə gedirəm. Və hər gündə o qədər dəfə uşaqlaşır, qaçıb gedib uzun illər oturduğum cərgədəki yerimdə əyləşib müəllimimin əlində jurnal sinfə girməsini gözləmək istəyirəm. Kaş o illər olaydı və bir də mənə və mənim dostlarıma gözlərinin nurundan, qəlbinin
hərarətindən pay vermiş o müqəddəs, pak və unudulmaz müəllimlərimiz ola…
Onlardan biri haqqında lap çoxdankı istəyimi sizlərə danışmaq istəyirəm. Rəfi Əliqulu oğlu Əliyev 1911-ci ildə Bakı quberniyasının Şamaxı qəzasının Basqal kəndində Qoşabulaq məhəlləsində yoxsul kəndli ailəsində anadan olmuşdur. Ömrü boyu fəhləliklə məşğul olan atası Əliqulu kişi Bakı neft mədənlərində fəhlə işləmiş, ailəsini halal qazancı ilə dolandırırdı. Ağır zəhmətə tab gətirməyən Əliqulu kişi 1917-ci ildə dünyadan köçəndə balaca Rəfinin 6 yaşı var idi. Hələ onu qarşıda hansı ömür yolu gözləyirdi, ulu Tanrıdan ona verilmiş ömür yoluna necə davam edəcəkdi, bilmirdi.
– Doyunca ata çörəyi yeməyən, ata nəvazişi, ata qayğısı görməyən birisi idim. Onsuz da atamı ayda bir dəfə görərdim ya yox. Yorğun gəlib, yorğun da gedərdi. Anam Xədicə mənə həm ana olub, həm də ata. Ömrü boyu da anama qısıldım, anama sığındım. Anam mənim həm dostum idi, həm də sirdaşım. Onu itirməkdən çox qorxurdum. Evli olanda da, ata olanda da… İçimdə həmişə bir boşluq olub. Doldura bilmirdim o boşluğu. Böyüdükcə atasızlığı daha çox hiss edirdim. Atalılara da həmişə qibtə edərdim. Özüm ata olanda isə Allaha dua edərdim ki, övladlarımı böyütməyə mənə imkan versin…
Bunları mənə Rəfi müəllim çox-çox əvvəllər söhbət etmişdi. Necə müəllim olmağından, hansı məktəblərdə işləməyindən şirin-şirin danışmışdı. Onda 1974-cü il idi və mən də tələbə idim. Rəfi müəllimlə təsadüfən axşamüstü şəhərin mərkəzində, indiki İcra hakimiyyətinin qarşısındakı çinarların altında rastlaşdıq. Bir neçə dəfə aşağı-yuxarı gəzib söhbətləşdik. Hələ işlədiyini dedi. Г‡ox maraqlı idi ki, Rəfi müəllim bizim heç birimizin müəllim olmasını istəməzdi. Amma, niyəsini deməzdi. Mənim də müəllim olacağımı bilmirdi.
Hələ məktəbdə oxuyarkən Rəfi müəllim bizə çox yaşlı görsənirdi. Nədən belə tez qocalmışdı? İllərmi, yoxsa ki, həyatda gördüyü çətinliklər, haqsızlıqlarmı, bəzi şagirdlərinin laqeydliyimi qocaltmışdı onu? Bilmirəm. Amma, onu bilirəm ki, Rəfi müəllim son dərəcə alicənab, halal, peşəsinin vurğunu və elini, obasını, xalqını sevən biri idi.
Bax, beləcə. Rəfi Əliyev 1922-ci ildə Basqalda açılan bir dərəcəli məktəbə qəbul edilir və 1927-ci ildə həmin məktəbin beşinci sinfini əla qiymətlərlə bitirir. Elə həmin il Bakı Pedaqoji Texnikumunun tələbəsi olur. 1931-ci ildə təhsilini əla qiymətlərlə bitirib rayona gəlir. 1931-ci ilin yanvar ayından avqust ayınadək Lahıc kənd yeddi illik məktəbdə dərs deyir. 1931-1933-cü illərdə Basqal kənd yeddiillik məktəbdə işləyir. Tezliklə hiss edir ki, orta təhsillə uzağa getmək olmaz. Elə bu fikirlə də 1933-cü ildə o vaxtkı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. Ali təhsilini əla qiymətlərlə başa vuran gənc Rəfi 1937-ci ildən 1941-ci ilədək Quba Şəhər Pedaqoji Texnikumunda riyaziyyat müəllimi işləyir. Burada ona əlverişli iş şəraiti yaradılsa da doğma Basqalda həmyerlilərinə dərs demək, anasına yaxından həyan olmaq istəyi onu narahat edirdi. 1941-ci ildə artıq onun on illik pedaqoji iş stajı var idi. Elə ilk fürsətdəcə, 1941-ci ildə Qubadan Basqala qayıdır. İki il müəllim işləyəndən sonra onu Basqal kənd orta məktəbinə direktor vəzifəsinə irəli çəkirlər. Təzə-təzə yerini, işinin çəmini tapmağa çalışırdı ki, rayon orta məktəbində fizika-riyaziyyat müəlliminə ciddi ehtiyac olduğundan onu İsmayıllı rayon orta məktəbinə ixtisası üzrə müəllim köçürürlər. Beləliklə, 1944-cü ildən 1976-cı ildə təqaüdə çıxanadək Rəfi müəllim İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində fizika-riyaziyyat müəllimi işlədi. Saçını-saqqalını Magellan qədər yol gedə-gedə, canı qədər sevdiyi şagirdləri qarşısında, partaların arasında, lövhə önündə ağartdı. Gözlərindən nur, qəlbindən hərarət verdi şagirdlərinə. Rəfi müəllim rayonumuzun yaxşı tanınan, adı həmişə böyük hörmət və ehtiramla çəkilən, müəllimlik sənətini həyatının mənasına çevirən pedaqoqlarından idi. Mənəvi gözəlliyi, zəngin dünyası olan Rəfi müəllim çox mehriban, maraqlı həmsöhbət idi. Görünür, onu şagirdlərinə sevdirən daxilindəki saf, mənəvi duyğular idi. Əhatəsinə hörmət, şagirdlərinə qayğı onu səciyyələndirən gözəl keyfiyyətlərdən idi. Səmərəli fəaliyyətinə görə 2 iyul 1946-cı ildə Rəfi müəllim “Rəşadətli əməyə görə”, 1949-cu ildə isə “Əmək rəşadəti” medalları ilə təltif edilmişdir. Onun zəhməti həmişə yüksək qiymətləndirilmişdir. On yeddi noyabr 1960-cı ildə uzun illər səmərəli işinə və yüksək pedaqoji fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ona Əməkdar müəllim fəxri adı verilmişdir. O, həqiqətən bu ada layiq idi. Amma, ən maraqlısı bu idi ki, Rəfi müəllimin Əməkdar müəllim fəxri adının olmasını nə 1 nömrəli məktəbdə və nə də ki, Rayon Təhsil Şöbəsində bilən var idi. Mən Rəfi müəllimin şəklini böyüdüb çərçivəyə salaraq TİTAHİ rayon komitəsinin sədri Hafiz Kərimova vermişəm. Təhsil şöbəsinin dəhlizində “Şərəf lövhəsi”ndə rayonun əməkdar müəllimlərinin şəkilləri asılıb. İki il ötməsinə baxmayaraq Rəfi müəllimin şəkli hələ də “Şərəf lövhəsi”ndə öz yerini tapmayıb. Əmin olmaq istəyirəm ki, Rəfi müəllimin də və digər müəllimlərin də şəkilləri layiq olduqları yerlərini tutacaqlar.
Rəfi müəllim çox zəhmətkeş və peşəsinin vurğunu idi. O gününün çoxunu özünün illər uzunu yığıb topalayıb ərsəyə gətirdiyi zəngin fizika laboratoriyasında keçirərdi. Burada nələr yox idi. Hər dərsə aid fiziki cihazlar, qurğular, rəsm işləri. Demək olar ki, Rəfi müəllim dərslərinin tədrisi zamanı təlimin texniki vəsaitlərindən geniş istifadə edər, şagirdlərində fizikaya maraq oyatmağa çalışardı. Sinfin bütün şagirdləri sərbəst kino göstərə bilirdi. Lentin dolanması, aparata salınması və göstərilməsi bizim üçün çox maraqlı idi. Rəfi müəllim həm də düşündürən müəllim idi. Dərs prosesində, fakültetiv məşğələ saatlarında bizə məsələ üzərində fikirləşməyi, fikir yürütməyi, düşünməyi həvəslə öyrədirdi. Məsələnin həlli başa çatanda uşaq kimi sevinərdi. Rəfi müəllimə Əməkdar müəllim adı verilməsi münasibəti ilə keçmiş şagirdləri –“ Ədhəm Musayev, Oqtay Abdurəhmanov, Şövkət, Rəfiqə, Nazim, Maqsud, Adilə, Maqsud Cəfərov, Rəhim Həsənov və onlarca başqaları çoxlu sayda teleqramlarla öz sevimli müəllimlərini təbrik etmişdilər. Həmin teleqramlar Rəfi müəllimin şəxsi qovluğunda saxlanılır.
Tibb elmləri namizədi, dosent, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi Rəhim Həsənov:
– Rəfi müəllim! Nə yaxşı xatırlatdınız. O illərə qayıtdım. Rəfi müəllim müəllimlərin müəllimi idi. Onun haqqında saatlarla danışmaq olar. O, bütün dərslərini əyanilik üzərində qururdu. Paravozun iş prinsipini bizə əyani başa salmaq üçün paravoz düzəltmiş və onun hərəkət mexanizmini bizə əyani göstərmişdi. Elə bilirəm ki, indi onu kimi müəllimlər yoxdu. Г‡ox təəssüf!
Kimya elmləri namizədi, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Məhyəddin İsgəndərov:
– Həyatda qazandığım bütün nailiyyətlərə görə Rəfi müəllimə borcluyam. Kasıb oğlu idim. Birini tapanda birini tapa bilmirdim. İşim çox olduğundan iki-üç dərsə hazırlaşa bilməmişdim. Tənəffüsdə məni otağına çağırdı: – Bala, dedi, – sən kasıb oğlusan, özün də çalışqansan. Ancaq bu bəs deyil. Vəzifəli kişilərin uşaqlarına qoşulma. Onları atalarının pulu oxudacaq. Oxumasan, sən nə olacaqsan? Bir də səni bura çağırmayım. Nə çətinliyin olsa, mənə de! Bax, beləcə, Rəfi müəllimin öyüdü və nəsihəti məni daha yaxşı oxumağa ruhlandırdı. Ruhu şad olsun!
Respublikanın Əməkdar həkimi Şahmurad Şirəliyev:
– Rəfi Əliyev, Qulu Hüseynov, Saleh Həsənov, Hacalı Ramazanov, Mirzəbaba Qurbanov, Xamis Ağayev və başqaları xalqımız üçün əsl ziyalı yetişdirən böyük pedaqoqlar idilər. Mən onları dərin ehtiram və hörmətlə xatırlayıram!
Rəfi müəllim qayğıkeş, mehriban, həm də ciddi və tələbkar ailə başçısı idi. Basqalın ziyalı və gözəl qızlarından biri ilə – Əminə müəllimlə ailə qurmuşdu. Bu evlilikdən onların altı bir-birindən gözəl, yaraşıqlı, ağıllı və savadlı qızları olmuşdu. Hamısı ali təhsilli. Aliyə və Rəhilə müəllim, Xədicə ilə sonbeşik Rəisə mühəndis, Akifə ilə Zeynəb isə əczaçı peşələrinə yiyələnmişdilər. Zeynəbdən başqa hamısı Bakıda yaşayırlar. Ortancıl bacı Rəhilə uzun illər şəhər 3 nömrəli məktəbdə sinif müəllimi işləmiş, sonra isə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri kimi fəaliyyət göstərmişdir. Əməkdar müəllimdir.
Novruz bayramı idi. Evin sonbeşiyi Rəisə xanım vaxt tapıb adəti üzrə yenə evlərinə, ata evinin çırağını, ocağını yandırmağa gəlmişdi. Məni qapıda Rəisənin oğlu qarşıladı. Söhbətə macal tapmamışdıq ki, bacısı Zeynəbin uşaqları hay-küylə evə doluşdular. Əvvəllər olduğu kimi ev gülüşə, şirin söhbətlərə qərq oldu. Həyətdə axşamdan yandırılan tonqal və şamlar hələ də tüstüləyirdi. Bayram şirniyyatlarının, plovun ətri evi, həyəti bürümüşdü. Yandakı otaqda divardan yan-yana iki portret asılmışdı. Evdəki şəkilləri kimi qəbirləri də Qəzili qəbiristanlığında qoşadır. Kürəkəni Vahidlə səhər şehinə bata-bata Rəfi müəllimin də, Əminə müəllimənin də qəbirlərini ziyarət etdik.
Tanıyanlarının, şagirdlərinin qəlbində böyük məhəbbətlə anılan, xatırlanan Rəfi müəllim, ruhunuz şad olsun!
X.Xalıqov
Müəllimlərin müəllimi

Şərh Yaz