Xoş soraqlı İsmayıllı

Rayonda aparılan islahatlar böyük inkişafın təməlidir
Azərbaycan əlverişli coğrafi mövqeyinə, təbii sərvətlərinə, iqliminə görə nəinki Qafqazın, bütün dünyanın gözəl bölgələrindən biridir. Bu özəlliklərindəndir ki, ölkəmiz hər zaman əcnəbi səyyahların və iş adamlarının diqqət mərkəzində olub. Azərbaycan təbiətinin füsunkarlığı, cazibədarlığı bu gün də Odlar Yurduna turist axınını səciyyələndirir. Dağlardan, meşələrdən, çaylardan zövq almağı bacaran insanların Azərbaycanda ilk yadına düşən rayonlardan biri də Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşən İsmayıllıdır.
Xoş soraqlı İsmayıllıİsmayıllı qədim Şirvanşahlar və Girdiman dövlətlərinin əsas yaşayış məskənlərindən olmaqla, həm də möcüzəvi təbiətə malik bir diyardır. Bu yurdun, demək olar, bütün kəndlərinin havası, suyu, torpağı, çiçəyi, otu can məlhəmidir. Başı qarlı Baba dağının ətəklərində özünə sığınacaq quran ismayıllılar qədim peşələri və sənətləri qoruyub yaşatmaqla, ölkəmiz üçün daim mühüm əhəmiyyət kəsb edib. Basqal, Sulut, Tircan, Lahıc kimi məşhur kəndlər bu gün də sənətkarlıq mərkəzləri kimi öz dəyərlərini qoruyub saxlayır…
İsmayıllı həm də ustad aşıqlar, ilhamlı şairlər, dəyərli alimlər məskənidir. Bu qədər əhəmiyyəti, dəyəri, qiyməti olan İsmayıllının bugünkü vəziyyəti, əlbəttə ki, bizləri də maraqlandırmaya bilməz. İstədik oxucularımızı da bu ünlü yurdun hazırkı həyat səviyyəsi ilə yaxından tanış edək.
Dönüş dövrü
Məlum olduğu kimi, müstəqil Azərbaycanımızda son dövrlərdə regionların sosial-iqtisadi inkişafı məqsədilə dövlət proqramları həyata keçirilir. Bu dövlət proqramları artıq üçüncü mərhələdədir. Lakin 2013-cü ilə qədər İsmayıllıda nəzərə çarpacaq dərəcədə islahatlar həyata keçirilməmişdi. Yerli məmurların bürokratik əngəlləri nəinki bu rayonu inkişaf tempindən saxlamışdı, hətta, əhalinin uğurlu gələcəyə olan ümidlərini də sarsıtmışdı. Təbii ki, bu hal ölkə başçısı, Prezident İlham Əliyevin də diqqətindən qaçmadı. İsmayıllıların etirazlarını eşidən möhtərəm Prezident, səhlənkar rayon rəhbərlərinin şəxsi mənafelərini güdməsi ucbatından illərdən bəri yığılıb qalan problemlərin həll olunmasına yol açdı. Belə ki, dövlət başçısının 14 fevral 2013-cü il sərəncamı ilə Əməkdar elm xadimi, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu. Bundan sonra rayonda köklü islahatlara start verildi.
Mirdaməd Sadıqov elm adamı olmaqla yanaşı, insanların ehtiyaclarının nədən yarandığını və bu qayğıların necə həll olunması yollarını da çox yaxşı bilir. Rəhbər işçiyə də məhz belə keyfiyyətlər lazımdı ki, taleyinə cavabdeh olduğu əhalinin hörmətini, rəğbətini qazana bilsin. Bu səbəbdəndir ki, Mirdaməd müəllim İsmayıllıya başçı təyin olunandan az sonra rayonda əhəmiyyətli dərəcədə canlanma yarandı. Aradan iki il ötməsinə baxmayaraq, rayonda böyük tikinti-quruculuq, abadlıq işləri görülüb, yeni iş yerləri açılıb…
İsmayıllı tarixi gözəlliyinə qayıdır
Rayon İH-nin başçısı Mirdaməd Sadıqov rayonun keçmiş rəhbərlərinin fəaliyyətsizliyindən danışmağı özünə rəva bilməsə də, vurğulayır ki, başqa bölgələrdə geniş miqyaslı tikinti-quruculuq, abadlıq işləri getdiyi zamanda İsmayıllı bu proseslərdən kənarda qalıb. Lakin artıq iki ildir ki, Mirdaməd müəllimin səyləri nəticəsində rayonun bütün sahələrində irəliləyişlər əldə olunub. Bu da onun nəticəsində baş verir ki, rayonda həyata keçirilən bütün layihələr yerlərdə aparılan təhlillərə, əhalinin arzu və təkliflərinə, maraqlarına uyğun hazırlanır. Həm də mütəxəssislərlə, ağsaqqallarla, gənclərlə, rayondan kənarda yaşayan ziyalılarla məsləhətləşmələrdən sonra layihələrin hazırlanması və icrasına başlanır. Hələ 2013-cü ilin aprel ayında keçirilən əmək yarmarkasına 400-dən çox iş yeri çıxarılıb. Həmin vaxt 200 nəfərə yaxın işə göndəriş alıb. Sonrakı əmək yarmarkalarında da bu tendensiya davam edib.
Qeyd edək ki, ölkə prezidenti 2013-cü il avqust ayının 14-də və 2014-cü il sentyabr ayının 22-də İsmayıllıya səfər edərkən görülən işlərdən, həyata keçirilən tədbirlərin nəticəsindən razı qalıb. Təbii ki, rayon əhalisi də bu inkişafa görə sevinir. Г‡ünki, ölkə rəhbərinin qayğı və diqqəti sayəsində sosial həyatları dəyişir, yeniləşir və zənginləşir.
M.Sadıqov İsmayıllı RİH başçısı təyin olunduğu ilk aylardan üzərinə düşən vəzifələrin məsuliyyətini dərk edərək, problemləri dəqiqləşdirmiş və apardığı təhlillər əsasında proqram, bəzi sahələr üzrə konsepsiyalar hazırlamışdır. İsmayıllıda əhalinin sosial müdafiəsini yaxşılaşdıran ən əsas amil yeni iş yerlərinin açılmasıdır. İsmayıllı Tikiş Fabriki əhalinin həyat tərzinə müsbət təsir edən ilk layihələrdəndir. Burada 70 nəfərə qədər qadın işləyir. 2013-2014-cü illərdə rayonda 2415 iş yeri açılmışdır ki, onun da 1995-i daimi iş yeridir.
Cənab başçı vurğulayır ki, insanların evi varsa, qazı, işığı, suyu fasiləsiz verilirsə, demək, sosial müdafiəsi də müasir tələblərə cavab verir. Belə ki, rayonda süni maneələr aradan götürüləndən sonra, 2012-ci ilə nisbətən 2013-cü ildə 10 min kvadratmetrdən artıq fərdi mənzil tikilib. Bu da 500 faizdən çox artım deməkdir. Daxili imkanlara uyğun olaraq xəstələrə müalicə üçün, imkansızlara yaşamaq üçün, evi olmayanlara ev tikmək üçün, təbii fəlakətlərdən ziyan çəkənlərə həyatını davam etdirmək üçün yardımlar edilib. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Г‡ernobıl əlilləri, uğurla imtahan verən məzunlar, müvəffəqiyyət qazanan idmançılar həmişə rayon İcra Hakimiyyətinin diqqətində saxlanılıb və bu gün də saxlanılır. Əhali təqaüd və müavinətlərini, əmək haqlarını vaxtında alır. Hər kəsin haqqı, dövlət tərəfindən müəyyən olunmuş imtiyazları vaxtında, dəqiqliklə öz ünvanına çatdırılır.
Düşüncələr saflaşanda iş görmək asanlaşır
M.Sadıqovun verdiyi bilgiyə görə, yaxın vaxtlara qədər sosial müdafiə barədə İsmayıllıda fikir ondan ibarət olub ki, vətəndaş tələb etdikdə ünvanlı sosial yardım almalıdır. Artıq bu yanlış düşüncəyə rayonda son qoyulmaq üzrədir. Aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsində rayon sakinləri zəhmətdən doğan qazanca daha çox üstünlük verməyə başlayıb. Rayon İcra Hakimiyyəti isə, öz növbəsində, yeni-yeni iş yerləri açmaqla əhalinin maddi təminatını yaxşılaşdırmağa çalışır. Rayonda hər bir ailə başçısı öz məsuliyyətini dərk edərək, şəxsi problemlərinin həllini artıq öz üzərinə götürür. İcra orqanları isə sadəcə, bunun üçün şərait yaradır.
Kənd və qəsəbələrin qazlaşdırılması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenidən qurulması və əhalinin dayanıqlı enerji ilə təmin edilməsi də uğurla davam etdirilir. Məsələn, uzun illər Basqal qəsəbəsi istilik və yanacaq baxımından böyük çətinliklərlə üz-üzə qalıb. Amma hazırda bu qəsəbəyə qaz çəkilir. İşlərsə sürətlə aparılır. Digər tərəfdən, İsmayıllı şəhəri ərazisində “Su və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması” İkinci Layihəsi həyata keçirilir ki, bu da insanların sosial həyatına tam bir rahatlıq gətirəcək.
Rəhbər gərək camaatdan uzaq düşməsin
Qeyd edək ki, Mirdaməd müəllim hər bir addımında, hər bir rayon sakininə münasibətdə, ümidlə rayon İcra Hakimiyyətinin qapısını açan hər bir vətəndaşa mərhəmətlə yanaşır, onları diqqətlə dinləyir, probleminin həllinə çalışır… Bir neçə kəlmə də Başçının öz fikirlərindən qeyd edək:
“Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gəldiyim ilk aylarla son ayları müqayisə etdikdə vətəndaşların müraciətində köklü fərqlər yarandığının şahidi oluram. Bu fərq müsbətə doğru, insanların xeyrinə olduğu üçün rahatlıq tapıram. Düşünürəm ki, cənab Prezidentin xalqa əsl mənada xidmət etmək tapşırığının öhdəsindən gələ bilirəm. Əvvəllər daha çox hansı mövzuda şikayətlər eşidirdim: “Evim yoxdur, tikməyə də qoymurlar”, “Sənədlərimi bir aydır tikinti üçün razılıq almağa vermişəm, cavab ala bilmirəm”, “Qala divarlarının tikintisində işləmişəm, pulumu vermirlər”, “Suyumuz, işığımız gəlmir”, “Meşələri qırıb-daşıyırlar, mən isə odun gətirə bilmirəm”, “Sosial yardım ala bilmirəm, verəndə də …”, “Heç yerdə bir iş tapa bilmirəm”… Və sair və ilaxır. Görüş-qəbullarda indi daha çox məktəb tikintisindən, qaz çəkilişindən, tibb məntəqəsi və kitabxana açılmasından, sürətli internetə qoşulmaqdan, stadion, idman qurğuları tikilməsindən, xaricdə təhsil almağa köməklik göstərilməsindən, kəndarası yolların düzəldilməsindən, flora və faunanın qorunmasından, təbii sərvətlərə qayğılı yanaşmanın vacibliyindən, innovativ təhsilin təşkilindən, informasiya texnologiyalarının geniş miqyasda tətbiqindən söhbət gedir. Böyük fərq var…”.
Gənclərə böyük diqqət
Rayon İH-nin başçısı M.Sadıqov bir neçə il gənclər təşkilatına rəhbərlik etdiyindən gəncliyin necə böyük qüvvə olduğunu da yaxşı bilir. Ona görə də bir çox layihələrin icrasına onları cəlb edir, ən çətin işlərdə onlara arxalanır. Yerlərdə keçirilən görüş-qəbulların nəticəsi olaraq, başçı indi rayon gənclərini ixtisaslarına, peşələrinə, təhsil dərəcələrinə görə daha yaxşı tanıyır. Bir qrup gənc rayon İcra Hakimiyyətinin dəstəyi ilə ingilis dili və dizayner kurslarından müvəffəqiyyətlə keçib, İnnovasiya Mərkəzində birləşib, yeni layihələrlə çıxış edirlər. 32 nəfər ali təhsilli gənc dövlət qulluğuna və idarəetmənin müxtəlif mərhələlərində işə cəlb olunub. Rayon Gənclər və İdman İdarəsinin fəallığı artıb. İsmayıllının 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilməsi də bu fəallığın nəticəsi hesab edilir. İsmayıllı gəncləri artıq srağagünkü, dünənki gənclər deyillər. Bugünkü gənclik daha vətənpərvər, daha hazırlıqlı, daha fəal, daha intellektlidir. Yaxın illərə qədər pərakəndə olan İsmayıllı gəncləri indi rayon İcra Hakimiyyəti yanında böyük qüvvədir. Rayon rəhbəri də bu qüvvəyə inanır, istinad edir.
Kənd təsərrüfatının inkişafı da prioritet məsələlərdəndir
İsmayıllı həm də taxılçılıq, heyvandarlıq və meyvəçiliyi ilə tanınan kənd təsərrüfatı rayonudur. Sakinlərin fərdi təsərrüfatı da kənd təsərrüfatı istehsalının artımında əhəmiyyətli rol oynayır. 2014-cü ildə 83 min ton taxıl istehsal edilib. Amma bu göstərici rayon rəhbərliyini qane etmədiyindən, məhsuldarlığın artırılması istiqamətində ciddi işlər aparılır. “Aqropark”ların və böyük taxılçılıq kooperativlərinin təşkili əsas məqsədlərdəndir. Əhalinin məşğulluğunun artırılması məqsədilə meyvə qurutmaxanaları və ailə təsərrüfatlarının yaradılması da vacib sahə kimi diqqətdə saxlanılır.
Qeyd edək ki, kənd təsərrüfatı idarəsinin yaranması və onun üçün inzibati binanın və fermer evinin inşası rayonda aqrar sahənin inkişafına əsaslı təkan olacaq. “Aqrolizinqin İsmayıllı filialının işi daha səmərəli əsaslarla qurulacaq. Torpaqların meliorativ baxımdan yaxşılaşdırılması, suvarılan ərazilərin artırılması, əkin dövriyyəsinə yeni sahələrin daxil edilməsi rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olan məsələlərdəndir. Ölkə başçısının son tapşırıq və göstərişlərinə əsasən, rayon üzrə torpaqların inventarlaşması aparılır, əkilib-əkilməyən sahələr müəyyənləşdirilir.
Gələcəyə inam və zəhmətlə
İsmayıllıda tikilənlər, qurulanlar, yaradılanlar, çəkilən yollar, görülən bütün işlər göz qabağındadır. Və bu hal bütün rayon əhalisini fərəhləndirir. Yeni layihələrə gəldikdə, rayon İH-dən bildirilir ki, yaxın dövrdə Velosiped zavodu tikiləcək. Eyni zamanda “Yaşıl market” bazar problemini birdəfəlik aradan qaldıracaq və 300-350 nəfər İsmayıllı sakini üçün iş yeri olacaq. Qalıncaq kəndi ərazisində istehsal gücü ildə 1000 ton ət olacaq hind quşu fabriki tikilir ki, bu da perspektivdə 450-500 nəfər işçi qəbul edəcək bir müəssisədir. Eləcə də, rayonda uşaq bağçaları və məktəblər inşa olunacaq, şəhərin bir neçə küçəsi əsaslı təmir ediləcək, abadlaşdırılacaq və asfaltlaşdırılacaq. Qaz çəkilişi Basqal ətrafı kəndlərə şaxələnəcək. Kəlbənd kəndi ərazisində müasir heyvandarlıq müəssisəsi yaradılacaq. Ən müasir və orijinal layihə əsasında Gənclər Mərkəzi tikiləcək. Rayon ərazisində 8 yerdə artezian quyusu qazılacaq. Kənd təsərrüfatı idarəsinin binası təhvil veriləcək. Fermer evi tikiləcək və sair–¦
Beləliklə, bir-iki ilə yerli əhali də, qonaqlar da tamamilə yeni bir İsmayıllı görəcəklər. Mirdaməd müəllim bildirir ki, bu məsuliyyəti Möhtərəm Prezident qarşısında üzərinə götürüb və mütləq bu məsuliyyətin öhdəsindən gələcək.
Biz də öz növbəmizdə, bu məsuliyyətli işdə Mirdaməd müəllimə uğurlar diləyirik.
Dönməz Abbasov
Xəbər 24 saytının rəhbəri

Şərh Yaz