İsmayıllı məktəbliləri Naxçıvanda

17 mart 2015-ci il tarixdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 5 nəfər əlaçı şagird və qrup rəhbəri Vəfa Ağayeva İsmayıllıdan Naxçıvan Muxtar Respublikasına yola düşüblər. Tur iştirakçılarını Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RİH-nin və RTŞ-nin məsul işçiləri yola salıblar. İsmayıllı məktəbliləri NaxçıvandaMəktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət ediblər.
Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. 1999-cu il mayın 10-da fəaliyyətə başlayan Muzeyin ötən 16 ildə 240 mindən çox ziyarətçisi olub.
Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yerləşən açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərin marağına səbəb olub. İsmayıllı məktəblilərindən bir qrupunun Naxçıvana növbəti səfəri mart ayının 21-də baş tutub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz