Gəldi elimizin baharı, yazı

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu aydın görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu, qardaş ölkələrdə Novruz “Bahar” bayramı kimi qeyd olunmaqdadır. “Novruz” –“ hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi mərasimin məzmun və quruluşuna görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Gəldi elimizin baharı, yazı“Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye”, Kaşğarlı Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və başqa əsərlərində rast gəlirik. Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, doğmaların və yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və istək ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.
Novruzun əkinçilik təqvimi ilə bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən gecə-gündüz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmənin başlanğıcı şəmsi – günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni gün) adlandırıblar.
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da hər il Novruz bayramı böyük təntənə ilə qeyd edilir. Gündən-günə yeniləşən, gözəlləşən, inkişaf edən İsmayıllıda Bahar bayramının təntənəsini hələ şəhərə daxil olarkən hiss etmək mümkündür. Demək olar ki, şəhərin hər yeri bayramsayağı bəzədilib, gözəl əhval-ruhiyyə bəxş edən lövhələr, bayram təbriki yazılmış plakatlar asılıb. Mart ayının 20-də səhər saatlarından etibarən şəhərdə böyük bir canlanma var. Yazın gəlişini müjdələmək üçün çaparlar cəngi sədaları altında küçə-küçə, meydan-meydan dolaşır.
Şəhərin Qala divarlarının önündə İsmayıllının tarixi keçmişinə, mədəniyyətinə aid əl işləri, gənc rəssamların əsərləri, süfrə təamları, novruz şirniyyatları, kənd təsərrüfatı məhsulları sərgilənir. Qadınlar yuxa yayır, qovurğa qovurur, bəziləri kabab bişirir və hazırladıqları dadlı nemətlərə bayram şənliyinə qatılanları qonaq edirdilər.
Böyük el bayramına bütün çalarları ilə nümayiş etdirməyə rayonun əksər inzibati ərazi dairələri hərilkindən daha ciddi hazırlaşıblar. “Qala” şadlıq sarayının qarşısındakı meydanda, Uşaq Əyləncə Mərkəzinin önündə sıralanan sərgilərdə hər şey bolluqdan, insanların yüksək bayram əhval-ruhiyyəsindən, bahardan söz açırdı.
İsmayıllı Rayon İcra Hakimiyətinin başçısı Mirdaməd Sadıqov, millət vəkili Novruzəli Aslanov, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, bir qrup ziyalı həmyerlimiz bayram iştirakçılarını salamlayır, sərgilərlə tanış olurlar.
Yerli icra nümayəndəliklərinin, idarə və müəssisələrin, fərdi istehsalçıların, məktəblərin və digər təşkilatların Novruz bayramı təntənəsində yüksək səviyyəli iştirakından razı qalan RİH başçısı bayram şənliyinə bir şuxluq gətirən gənclərin, idmançıların çıxışlarını diqqətlə müşahidə edir. Məktəbəqədər müəssisələrin bayram hazırlığı xüsusi maraqla izlənilir.
Bütün sərgilərə, xonçalara, süfrələrə, ayrı-ayrı kəndlərdən gələn bədii kollektivlərə, folklor qruplarının çıxışlarına baxışdan sonra RİH başçısı M.Sadıqov bayram tonqalını alovlandırır. Bu səhnədə tarixi qəhrəman Cavanşir də “iştirak” edir.
Türk dünyasının ozanı – Dədə Qorqud meydana daxil olur, xalqımızın firavanlığı, möhkəmlənməsi naminə dualar edir: – Əsrlər boyu çox bəlalar gördük, çox döyüşlərdən çıxdıq, amma elimizin, obamızın bu gözəl adətlərini unutmadıq. Elimizin adətidir, Novruzda tonqal qalanır, bu tonqal el-obanı bayrama səsləyir. Qoy tonqalımız gur yansın, bayramınız mübarək olsun. Musiqi sədaları altında Bahar qız gəlir, o deyir: – Müjdəli gəlişimlə sizə sevinc, şadlıq, fərəh, səadət, dostluq gətirmişəm.
Mənim gəlişimlə düzəndə, dağda,
Qarlar selə dönüb axar, ay ellər.
Ətirli güllərdən qızlar, gəlinlər,
Dərib sinəsinə taxar, ay ellər.
Süfrəniz bərəkətli, ruzununz bol olsun, bayramınız şən keçsin!
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək rayon ictimaiyyətinə təbriklərini çatdırır. İcra başçısı bildirir ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində milli dəyərlərimiz həmişə uca tutulub, onlar qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilib. Bu gün Ulu öndərin siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və milli dəyərlərimiz beynəlxalq aləmdə tanınır, qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin isə Novruz bayramını – martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi, milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir. Bu işlərdə isə mədəni irsimizin ən böyük qayğıkeşi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Azərbaycanın son illər dinamik iqtisadi inkişafından, ordumuzun günü-gündən artan hərbi qüdrətindən, əhalinin ildən-ilə yüksələn sosial rifah halından, xarici siyasətdə qazanılan uğurlardan bəhs edən başçı qeyd edir ki, prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində İsmayıllının sosial, iqtisadi, mədəni siması tamamilə dəyişib. Ümummilli lider Heydər Əliyevin “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir. Bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir” – fikrilərini hamının diqqətinə çatdırır.
Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözünü, nə bir kəlməsini yazıya alıblar. Ulu qaynaqlardan süzülüb gələn bir-birindən oynaq, şux, lətafətli bu bayram nəğmələri xalqın yaddaşında yaşayaraq əsrlər, qərinələr aşmış, gəlib bu günümüzə qədər çatmışdır. Yüzilliklər ərzində el sözünün və nəğmələrinin nəbzi pozulan da olub, bəndi unudulan da. Lakin xalq coşqun bir yaradıcılıqla nəğməsinin pozulmuş ahəngini, sözünün unudulmuş bəndini cilalamış, bayramlarını rəngarəng oyunlar, yallılar və coşqun rəqslərlə bəzəmişdir…
Bu gözəl fikirlərin ardından İntiqam İbrahimovun ifasında “Yaz gəldi” mahnısı səslənir.
Novruz bayramının adət-ənənələrindən söhbət açılır, “Tərəqqi medallı” Sahibə Abdullayeva baharı tərənnüm edən şux bir mahnı ifa edir. Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin rəqs qrupu rəngarəng, bir-birindən maraqlı nömrələrlə izləyənlərin alqışlarını qazanır.
Tədbirin aparıcıları Novruz süfrəsindən söz açır: “Novruz bayramının özünəməxsus süfrəsi vardır ki, bu süfrəni son çərşənbə axşamından başlayaraq hazırlayırlar. Süfrədə ləzzətli yeməklərin və şirniyyatların olması vacibdir. Yemək və şirniyyatlarla yanaşı qoz, fındıq, kişmiş və başqa çərəzlər də bayram süfrəsinə rəng qatır. Ən maraqlı ənənələrimizdən biri də “S” hərifi ilə başlayan 7 təamın süfrəyə qoyulmasıdır.
Bayramda hər evdə xonça hazırlanır. Şamlarla bəzədilmiş səməni diqqət mərkəzində yer alır. Şamlar ailə üzvlərinin sayına görə qoyulur. Novruz şirniyyatları içərisində ən önəmliləri şəkərbura, paxlava, qoğaldır. Qoğal günəşin, şəkərbura ayın, paxlava isə alovun rəmzi hesab edilir. Süfrəni həm də müxtəlif rənlərdə boyanmış yumurtalar bəzəyir”.
Hamının çöhrəsindən gülüş, təbəssüm oxunduğu bu arada narın yaz yağışı yağmağa başlayır. Bayramın baş qəhrəmanları olan Kosa və Keçəl isə meydan boyu gəzir, bayram iştirakçılarına xoş ovqat bəxş etməyə səy göstərirlər.
Rövşən Teyyubovun ifası yağışdan daldalanmağa çalışanları xeyli ləngidir. Yağış isə yağmaqda davam edirdi…
Novruz bayramı bir sıra inancları ilə də fərqlənir. Belə bir fikir söyləyirlər ki, hamı bayramı evində qarşılamalıdır. Yoxsa həmin adam 7 il bayramı qıraqda keçirəcək. Bayramda cavan qız və oğlanlar qulaq falına çıxır, yeniyetmələr qonum-qonşuya papaq atırlar. Bayram günü bütün mənzillərin qapısı açıq olur, küsülülər barışırlar. Yaşlıları yad etmək vacib sayılır. Bu adət çox ehtimal ki, oğulun ata-babaya, cavan nəslin yaşlı nəslə ehtiramının ifadəsi olaraq yaranmışdır. Belə adətlər gənclərdə böyüklərə ehtiram, müqəddəs torpağa sitayiş, yurd qeyrətini çəkmək kimi keyfiyyətlər aşılayır.
Şahməmməd Soltanov,
Г‡inarə Bəhərçinli
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı
Gəldi elimizin baharı, yazı

Şərh Yaz