Gənclərə milli-mənəvi dəyərlərin aşılanmasına təşəbbüs

Azərbaycan Respublikası vətəndaşları zəngin və qədim, tarixi milli adət-ənənələri ilə digər müsəlman və türk ölkələri xalqlarından fərqlənir. Şərqlə Qərbin birləşdiyi məkanda yerləşdiyindən onların sivilizasiyaları, mədəni xüsusiyyət və adət-ənənələri də özünəuyğun şəkildə formalaşmışdır. Ölkəmizdə İslamdan əvvəlki və sonrakı mədəniyyət, elm, təhsil, sonradan isə çar Rusiyasının təsiri ilə formalaşan iqtisadi, elmi və sosial meyllər, nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yeni meylləri təşəkkül tapmışdır. Sovet İttifaqı tərkibində isə 70 illik ciddi rejim hökm sürdüyündən milli adət-ənənələrimiz təqib olunmuşdur. Bu arada xalqımızın milli-mənəvi irsi müəyyən aşınmaya məruz qalmışdır ki, bu da onların həyat tərzlərinin düzgün formalaşmasına mənfi təsir göstərmişdir. İttifaqın süqutu ilə demokratik dövlətçiliyimizi bərpa edib, müstəqil dövlətimizi qursaq da, bu gün yeni iqtisadi-siyasi sistemə keçid dövrünü yaşayırıq.

Gənclərə  milli-mənəvi dəyərlərin aşılanmasına təşəbbüs

Bütün dövrlərdə ölkədə yeni nəslin sağlam həyat tərzində tərbiyə edilməsi və xalqımızın milli adət-ənənələrin nəsildən-nəsilə ötürülməsi ən vacib məsələlərdən biri hesab olunmuşdur.
Cəmiyyətimiz günü-gündən müasirləşir, kompyuter texnologiyaları insan həyatına daxil olur. Təəssüf ki, yeni nəsl müəyyən hallarda yaranmış imkanlardan düzgün və səmərəli istifadə etmir. Kompyuterdən oyun və əyləncə üçün istifadə onların sağlamlıqlarına mənfi təsir göstərməklə yanaşı, tərbiyələrinin də normal inkişafının qarşısını almış olur. Bundan əlavə, ölkədə yayımlanan bəzi televiziya kanalları milli-mənəvi dəyərlərimizə zidd olan müxtəlif mövzulu şou müsabiqələr və kommersiya məqsədli proqramlarla yetişən nəslin mənəviyyatına zərbə vururlar.
Bir çox ailələr çanaq antennaları ilə dünyanın, xüsusilə də Türkiyənin bir çox kanallarını izləmək imkanlarıəldə edib. Narahatedici məsələdir ki, bu kanallarda yayımlanan teleseriallar yeniyetmə və gənclərin asudə vaxtlarının itməsinə, faydalı işə sərf oluna biləcək vaxtın boş və hədər getməsinə səbəb olur. Seriallara aludə olanlar gündəlik yayımlardan asılı vəziyyətə düşürlər. Bu da onların öz təhsillərinə, sağlamlıqlarına, səmərəli işə yetərincə vaxt sərf edə bilməmələrinə gətirib çıxarır.
Bu gün gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq vacib məsələlərdəndir. Vaxtın dəyərləndirilməməsi göstərir ki, asudə vaxtın səmərəli bölüşdürülməsi məsələsində gənclər arasında vaxtaşırı maarifləndirmə işləri aparılmalıdır.
Torpaqlarımızın 20 faizdən çoxunun mənfur ermənilər tərəfindən işğalı, 1 milyondan artıq qaçqın və köçkünümüzün, minlərlə şəhidimizin olması və ölkəmizin müharibə şəraitində yaşamasını nəzərə alsaq, bu istiqamətdə, xüsusilə də gənclərin fiziki və mənəvi tərbiyəsi sahəsində hələ çox iş görməli olduğumuzu aydın görərik.
Fiziki baxımdan sağlam gənclərimiz torpaqlarımızın müdafiəsi, həm də milli adət-ənənələrin gələcək nəsillərə çatdırılması üçün daha böyük üstünlüklərə malikdirlər. Bunun üçün nüxtəlif idman yarışlarının keçirilməsi gənclərə yeni imkanlar yaradır, onları inkişaf etdirir.
Bu və digər məsələləri nəzərə almaqla, orta məktəblərdə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, idmanın və fiziki işin təbliği gücləndirilməlidir. Pis vərdişlərə, eləcə də narkomaniyaya qarşı maarifləndirmə işlərinin apararkən rayon ictimaiyyətinin, ziyalıların da müzakirələrə cəlb edilməsini vacib hesab edirik.
Bu məqsədlə “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin, “Gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliği üzrə asudə vaxtın səmərəli təşkilinə təşəbbüs” adlı layihəsinin icrası Azərbaycan Respublikası Gənclər və İdman Nazırliyinin maliyyə dəstəyi ilə davam etdirilir.
Qüdrət Kazımov,
“Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri

Şərh Yaz