Sənsiz keçən 20 il

20 il… Bu necə də sürətlə gəlib keçdi? Sürətlə gəlib keçdiyinə sevinirdim ki, sənə tez çatım. Kədərlənirdim, ona görə ki, bu illəri sənsiz keçirirdim. Sevincimi də (heç sevincim olurdu ki) tək yaşayırdım, kədərimi də. Tez-tez yadıma Rabindranat Taqorun bu sözləri düşərdi: “İnsan öz qəlbinin sevinc və kədərini yarı bölməyə bir adam tapmayanda həyatın mənası tam olmur”. Yadıma 20 il bundan qabaq (dekabrın 22-də), sən dünyadan köçən günü yazdığım bu şeir düşdü:
Bir yaşıl yarpaqdın, qopardı külək,
Olmaya, sən gəldin gözə, Zemfira?
Adamın ürəyi daş ola gərək,
Sənin hicranına dözə, Zemfira.

Sənsiz keçən 20 ilSənsiz keçən 20 il
(esse)

20 il… Bu necə də sürətlə gəlib keçdi? Sürətlə gəlib keçdiyinə sevinirdim ki, sənə tez çatım. Kədərlənirdim, ona görə ki, bu illəri sənsiz keçirirdim. Sevincimi də (heç sevincim olurdu ki) tək yaşayırdım, kədərimi də. Tez-tez yadıma Rabindranat Taqorun bu sözləri düşərdi: “İnsan öz qəlbinin sevinc və kədərini yarı bölməyə bir adam tapmayanda həyatın mənası tam olmur”. Yadıma 20 il bundan qabaq (dekabrın 22-də), sən dünyadan köçən günü yazdığım bu şeir düşdü:
Bir yaşıl yarpaqdın, qopardı külək,
Olmaya, sən gəldin gözə, Zemfira?
Adamın ürəyi daş ola gərək,
Sənin hicranına dözə, Zemfira.

Azər gənc çiynində bir yük aparır,
Şirinin gözləri bağrımı yarır,
Xatirə saç yolur, fəryad qoparır,
Nə deyim oğula, qıza, Zemfira?

Sən ki, rəng almışdın güldən, çiçəkdən,
Ömrün biçilmişdi min bir diləkdən,
Dillər yorulmuşdu səndən deməkdən…
İndi də məzarı bəzə, Zemfira.
İnsan qəlbi geniş kəhkəşandır. Bu kəhkəşanlar içində nələr var… Xoş o adamın halına ki, bu kəhkəşanlar içində onun parlaq bir Zöhrə ulduzu var. Yox, 20 ildir ki, mənim bu ulduzum sönüb, özü də əbədi sönüb. 20 ildir ki, mən ulduzsuz yaşayıram. Hətta, bu ulduzsuzluqdan, bu göz yaşlarından bir neçə il bundan qabaq sağ gözümü də itirmişəm. İndi bu gen dünyaya birgözlü baxıram. İndi əvvəlkilər kimi, səninlə olduğum yerləri tək gəzirəm, səninlə üzdüyüm gülləri tək üzürəm, səninlə olduğum dağ-dərədə, bağ-bərədə Məcnun kimi tənha dolaşıram. Hey səni axtarıram. Bəzən saatlarla qol-qola gəzdiyimiz yerlərdə sükuta dalıb, “heykələ” dönürəm. Elə bilirəm ki, yenə sən gələcəksən. Yenə göz-gözə üz-üzə dayanacağıq. Amma sən gəlmirsən ki, gəlmirsən.
O vaxtdan yollarda donub qalmışam,
Min yol su çiləyib, tozun almışam.
Fəqət, nə yar gəlib, nə könlüm susub.
Yol üstə heykələ donub qalmışam.

Yox, yarın gəlmədi, gəlməzdir daha,
Ümid bağlasam da hər gün Allaha.
Qalıbdır əlimdə suyum, səhəngim,
Batmışam hər zaman amana, aha.
Sən cəmi 44 il ömür sürdün, Zemfira. Bunun yalnız 20 ili düşüb payıma. Yadındamı, mən səni sevəndə belə bir şeir demişdim:
Əzizim Zemfira, mehriban insan,
Səni sevmək, sənə gəlməsin asan…
Onda sən məndən bir qədər incimişdin. Hətta, küsmüşdün. Dedin ki, mən o qədər qəliz, eqoist, adamayovuşmazam ki, məni sevmək olmaz?
Sonralar biz nə qədər xoşbəxt olduq?! Ev-eşik sahibi, iş adamı, oğul-qız ata-anası olduq. Sən iqtisadçı –“ bank işçisi oldun, mən mətbuat adamı. Heç bilmədik 20 illik ailə həyatımız hardan gəlib, hardan getdi. Bir də baxdım ki, qışın ilk günü səhər tezdən uzun sürən şəkər xəstəliyi ürək çatışmazlığı üzündən sən əllərim üstə qaranquş kimi son dəfə gözlərini açıb-yumaraq, bir dəfəlik uçub getdin.
Nə gizlədim, o vaxtdan ağlar vəziyyətdəyəm. Bunu bir özüm bilirəm, bir də Allah. Hər cümə axşamı bunu bir yollar görür, bir Saray kəndinin qəbiristanlığı, bir də əlimdəki boynu bükük qərənfillər. Daha heç kim. Məgər ürək süfrədir ki, onu hər yetənin qabağına açıb sərəsən. Burada “Ürəyim” şeirindən yadıma bir bənd düşdü:
Ona tuş gələndə dərd, bəla, qada,
Bir parça ət dönür misə, polada.
Heç zaman sirrini açmayıb yada,
Əhdinə vəfalı sıxıb ürəyim.
Hərdən televiziya verlişlərində belə bir söz eşidirəm: “Kişi də ağlayar?”. Bəli, ağlayar. O kişi ki, onun ürəyi ətdəndir, onun ürəyi insanlıq naminə, insaf-mürvət naminə, həyat naminə, məhəbbət naminə döyünür, o ağlayar. O kişinin ki, ürəyi daşdır, o kişi ki, insanlıqdan bixəbərdir, o kişi ki, duyğusuzdur, əlbəttə, o, heç vaxt ağlamaz. Onun gözlərində heç vaxt yaş gilələnməz. O, nə yaxını sevər, nə də yadı.
Yeri gəlmişkən, ürəyim boşalsın, -deyə “Ağladım” şeirini deyim:
Uca dağlar anam kimi qol açdı,
Sənli yerlər nəzərimdə gül açdı.
Hara getdim xatirələr dil açdı,
Səni məndən soruşanda ağladım.

Getdim Kəlfərəcə, getdim Basqala,
Sənsiz Allah bilir, düşdüm nə hala.
Yenə qız-gəlinlər boylandı yola,
Səni məndən soruşanda ağladım.

Sükuta qərq oldu Lahıc, Ərəgit,
Dedilər, amandır, bu dərdi tərgit,
Ağsaqqal, ağbirçək, atçapan igid,
Səni məndən soruşanda ağladım.

Sənsiz keçən 20 il

Neçə vaxtdır ki, yazda-yayda mənim günlərim tək-tənha Xəzər kənarında, Qubada, Xaçmazda, İsmayıllıda, Qəbələdə, Şamaxıda, Qazaxda, Tovuzda… keçir. Г‡oxu elə bilir ki, mən bəxtəvərlikdən gəzirəm. Yox, mən sənin ayaq izlərini, xoş sözlərini, gün üzünü, günəş tək parlayan bənizini gəzirəm, Zemfira. Heyf ki, tapa bilməyirəm. Şair necə də gözəl deyib:
Məcnun dərd əlindən dağa çıxdı,
Dedilər, bəxtəvər oylağa çıxdı.
Sənsiz keçən 20 il… Bu, mənim üçün nə qədər ağır illər, nə qədər keşməkeşli günlər, nə qədər faciə dolu anlardır. Bu 20 ildə mən nələr çəkmişəm, nələr görmüşəm, nələr itirmişəm?! Hicranın məni nə qədər üzüb, nə qədər yuxusuz gecələrə, fikrə-xəyala, dərdə-qəmə salıb. Ruhi xəstələr kimi çox vaxt öz-özümə danışmışam. Hətta tez-tez Zemfira… Zemfira deyəndə çoxları təəccüblə üzümə baxıb, yan-yörəmə nəzər yetirib, kiminsə olmadığını görəndə təəccübləniblər. O anlarda ən çox hörmətli müəllimim Bəxtiyar Vahabzadənin bu misralarını təkrarlamışam:
Mən haqqı itirdim güman içində,
Azdım öz yolumu duman içində,
Sevəndə sevirik bir an içində,
Unutmaq nə qədər çətin olarmış.
İndi biz yuxularda görüşürük, Zemfira. Həmişəki kimi o ala gözlər, o titrək dodaqlar, o gül yanaqlar, o yumşaq əllər, o ipək tellər yenə can alandır. Yenə görüş yerlərində olduğu kimi, deyirik, gülürük, şənlənirik, ara-bir də baxışlarımıza güc veririk… Sən səhərə yaxın dünyadan köçdüyün ki, bu görüşlər də səhər yaxın olur. Yenə səni gəlinlik libasında görürəm. Deyirəm, nə gözəlsən?! Deyirsən, görüşə gəlmişəm axı. Adam da görüşə gələndə nimdaş paltarda olar? Bir dəfə də görməmişəm ki, gecə görüşlərində sən ağlayasan, sızlayasan, gileylənəsən, mənə tənə vurasan, məni danlayasan, məni küsdürəsən. Yox, elə hey təsəlli vermisən, deyib-gülmüsən, bərk-bərk əllərimi sıxmısan. Niyə yanıma gəlmirsən, elə hey tez-tez mən sənin yanına gəlirəm, – demisən. Mən də titrək dodaqlarla gələcəm, vallah, tezliklə mən sənin yanına gələcəm, – demişəm.
Elə “Sənə qüvuşuram, gülüm, gecələr” şeiri də bu görüşlərin təsiri altında yazılmışdır:
Aylarla, illərlə yalqız gəzsəm də,
Sənə qovuşuram, gülüm, gecələr.
Dərddən ürəyimi üzüb, əzsəm də,
Yalnız sənə çatır əlim gecələr.

Hicranın sinəmi çarpaz eyləyib,
Xoşbəxt günlərimi dayaz eyləyib.
Şəvə saçlarımı bəyaz eyləyib,
Dərddən pərişandır telim gecələr.

İldırım, dərdlərin dağdan ağırmış,
Görən deyir: saçın nə tez ağarmış.
Səni də yaşadan yerin var imiş
İndi olub görüş yerim gecələr.
Sənsiz keçən bu 20 ildə ev-eşiyə sığmamışam, Zemfira. Qəlbimi heç kim ovundura bilməyib. Nə qədər gəzmişəmsə, nə qədər baxmışamsa, səni kimisini görməmişəm, Zemfira. O qara torpağın altında deyilsə, səndən heç yerdə yoxdur, Zemfira. Mənə çoxları tənə vurub, məni çoxları danlayıb. Amma vəfa haqqında (Vəfa deyib, biz and içdik!) verdiyim vəddən heç zaman dönməmişəm, Zemfira. Hətta, dağılmış, viran olmuş o yarlı-yaraşıqlı, bərli-bəzəkli evimizdən didərgin düşmüşəm, Zemfira.
Yoxdur evimizdə məni gözləyən,
Qoyublar adımı səfil, gəzəyən.
Yaman çoxalıbdır məni bəzəyən,
istəmirəm evə qayıdam daha.

Bir zaman könlümü vermişdim sənə,
Ömrümə sirdaşsan, demişdim sənə.
Dua edərdim ki, yetişim sənə,
İstəmirəm evə qayıdam daha,

İndi bu gen dünya başıma dardır,
Məni nə axtaran, nə soran vardır.
Demə, aşiqini yaşadan yardır,
İstəmirəm evə qayıdam daha.
Bəzən el arasında çox eşitmişəm: mənim dərdlərimi yazsan, dağ boyda olar. Mənim də sənsizlikdən yaranan dərdlərim dağ boydadır, Zemfira. Bu dərdləri heç kimə demədən, heç kimə ağız açmadan, heç kimdən minnət götürmədən (təkcə bir o böyük Allah deyilsə) qəlbimdə daşıyıram, Zemfira. Bu, bir tikə ət parçası olan ürəyə bu qədər dərd-bəla necə sığarmış, Zemfira?!
Deyirlər, ən çətin anlarda belə insanı inam, etibar, etiqad, ehtiram, etiraf yaşadır. Bax, məni də bunlardır yaşadan. İnanıram ki, bir gün torpaq altında olsa da, sənə – öz dildarıma yetişəcəyəm. Bax, mənim yarımçıq ömrüm, yarımçıq eşqim onda bütövləşəcək, onda birləşəcək. Onda dərindən bir ah çəkib, dübarə Allaha dua edəcəyəm.
…Tez-tez könül dostlarım, iş yoldaşlarım, qohumlar, qonşular mobil telefonuma zəng edirlər. Neçə illərdir ki, onlar “Zengimsell” kodu 69-00 olan telefonuma yazılmış bu şeirimi həvəslə öz səsimlə dinləməkdən doymurlar:
Sən, ey dərdlərimə şərik olan, gəl,
Yoxsa, dərd çəkməkdən daha doymusan?
Bildinmi, oğlundan, qızından əvvəl,
Sən məni, sən məni yetim qoymusan.

Bilmirəm nə şaxta, nə duman nə çən,
Səni gül-çiçəyə bələrəm, gülüm.
Sən mənim yanıma gələ bilməzsən,
Mən sənin yanına gələrəm, gülüm.
Bu esseni yazdıqca göz yaşlarımdan qəhərlənirəm, Zemfira. Nəfəsim tutulur, yalnız bir fikir mənə təsəlli verir: o dünyada səni, sənin ölməz ruhunu qucaqlamaq və bağrıma basmaq.
Sən dünyadan köçəndə dediyim kimi yenə deyirəm: Əlvida, Zemfira! Əlivida, ey 20 il xoşbəxt ömür sürdüyümüz, təmiz, pak eşqimizlə bu həyatı, bu adamları, bu böyük Allahı ürəkdən sevdiyimiz, Zemfira! Əlvida, ey bütün sevgilərimin, istəklərimin, arzu-niyyətimin, əhdi-peymanımın beşiyi sayılan, Zemfira! Əlvida! Əlvida! Əlvida!
İldırım Dəmirli

Şərh Yaz