Vergi Məcəlləsinə edilən son dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldıracaq

Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən fiziki şəxslərin əmlak və torpaq vergiləri yeni qaydada ödəniləcək. Məlum olduğu kimi, fiziki şəxslərin əmlak və torpaq vergiləri yerli vergilərə aiddir və bələdiyyələr tərəfindən yığılır. İndiyə kimi, bələdiyyələr torpaq və əmlak vergilərinin hesablanmasında və yığılmasında müəyyən çətinliklərlə qarşılaşırdılar. Əmlak vergisi əmlakın inventar dəyərindən hesablandığından bu çətinliklər xüsusilə əmlak vergisinin yığımında özünü daha aydın göstərirdi. Əmlak vergisi hesablanarkən fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyəri Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların inventar dəyərinin hesablanması qaydası” ilə müəyyən edilirdi.

Vergi Məcəlləsinə edilən son dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri  aradan qaldıracaq

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbovun sözlərinə görə, fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı Vergi Məcəlləsinə edilən son dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldıracaq. Bələdiyyələrə əmlakın qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi səlahiyyəti verilməsinə baxmayaraq, onların qiymətləndirmə xərclərini ödəmək imkanları olmadığına görə bu işin öhdəsindən gələ bilmirdilər. Bələdiyyələrin işinin asanlaşdırılması, əmlak vergisinin
tam və düzgün hesablanması məqsədilə binaların, yaşayış və qeyri-yaşayış sahələrinin ərazilərinin sahələrinə görə verginin hesablanması üçün bu dəyişikliklərə ehtiyac yaranmışdı. Dəyişiklikdən əvvəl əmlakın 5000 manatadək olan hissəsi vergidən azad idi, dəyişiklikdən sonra isə əmlakın 30 kvadratmetrədək olan hissəsi vergidən azad olacaq. Bu güzəşt yalnız yaşayış sahələrinə aid edilir, qeyri-yaşayış sahələrinə güzəşt nəzərdə tutulmamışdır. Bundan başqa, məsələn, binanın Bakı şəhərinin mərkəzində və mərkəzdən kənar yerləşməsi ilə bağlı 0,7-1,5 arasında əmsallar tətbiq olunacaq. Bu isə o deməkdir ki, şəhərin mərkəzində olan binaya görə müəyyən edilmiş dərəcə ilə hesablanmış əmlak vergisinə əlavə əmsal tətbiq olunaraq vergi artırılacaq.Qeyd olunan əmsallar Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2014-cü il tarixli fərmanına əsasən, Nazirlər Kabineti tərəfindən üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən ediləcəkdir.
Dəyişikliklərin müsbət tərəfi odur ki, fiziki şəxslərin əmlak vergisindən yayınma ehtimalı azalacaq. Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan
qalxmasına əlverişli şərait yaranacaq ki, bu da bələdiyyə büdcələrinin formalaşmasına müsbət təsir edəcək.
Torpaq vergisi ilə bağlı dəyişikliklərə gəlincə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlara deyil,
Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulan torpaq sahələrinə şamil edilir. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə yeni vergitutma mexanizmi müəyyən edilmişdir.
Burada vergi dərəcələri torpağın sahəsinə (100 kvadratmetr) bağlıdır və təkcə regionlar üzrə deyil, həm də 10 min kvadratmetr (1 hektar) sahədən asılı olaraq diferensiallaşdırılmışdır.
Yaşayış fondları, həyətyanı sahələr və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri 10 min kvadratmetrədək olduqda torpaq sahəsinin hər 100 kvadratmetrinə görə illik vergi Bakı şəhərində 0,6 manat, 10 min kvadratmetrdən yuxarı hissəsi üçün isə hər 100 kvadratmetrə görə 1,2 manat müəyyən edilmişdir. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 0,5 və 1 manat, digər şəhərlər və rayon mərkəzlərində 0,3 və 0,6 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 kvadratmetrə görə illik vergi 0,1 və 0,2 manat olacaq.
Kommersiya xarakterli (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər) xüsusi təyinatlı torpaqlar 10 min kvadratmetrədək olduqda torpaq sahəsinin hər 100 kvadratmetrə görə illik vergi Bakı şəhərində 10 manat, 10 min kvadratmetrdən yuxarı hissəsi üçün isə hər 100 kvadratmetrə görə 20 manat müəyyən edilmişdir. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 8 və 16 manat, digər şəhərlər və rayon mərkəzlərində 4 və 8 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 kvadratmetrə görə illik vergi 2 və 4 manat olacaq. Vergi qanunvericiliyinə əsasən, əmlak vergisi mülkiyyəti təsdiq edən sənədlər, torpaq vergisi isə mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər əsasında hesablanır.
Əmlak vergisi ilə bağlı dəyişikliklər bələdiyyə büdcələrinin, torpaq vergisi ilə bağlı dəyişikliklər isə dövlət və bələdiyyə büdcələrinin formalaşmasına müsbət təsir göstərəcək, bələdiyyələrin maliyyə potensialını əhəmiyyətli dərəcədə artıracaq. İndiyədək torpaq vergisinin dərəcələri 1990-cı illərin sonunda müəyyənləşdirilmiş normativ əsasında vergiyə cəlb edilirdi. Keçən müddət ərzində bütün sahələrdə qiymətlərin artmasına baxmayaraq, torpaq vergisinin dərəcəsi çox aşağı idi.
fiziki şəxslərin əmlak vergisi fiziki şəxsin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulurdu. Bu isə vergi yığımında problemlər yaradırdı. Araşdırmalar göstərir ki,
Fiziki şəxslərdən əmlak vergisinin vergitutma obyekti olan yaşayış evlərinin bir çoxunun
inventar dəyəri yoxdur. Bu problem özünü kənd yerlərində qabarıq şəkildə büruzə verir. Kənd yerlərində evlərin 90 faizinin inventar dəyəri olmadığından onların vergiyə cəlb edilməsi problem
yaradır.
Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 80 faizindən çoxunun kənd ərazilərini əhatə etdiyini nəzərə alsaq, vergi yığımında olan problemin əksər bələdiyyələrə aid olduğunu müşahidə edə bilərik. Bəzi hallarda inventar dəyəri olmayan evlər bələdiyyələrin özləri tərəfindən təxmini qiymətləndirilir və onlara təxmini vergi məbləği tətbiq edilirdi ki, bu da Vergi Məcəlləsi ilə ziddiyyət təşkil edirdi. Mütəxəssislər yeni dəyişikliyin tətbiqi nəticəsində bu problemin aradan qalxacağını, bələdiyyələrin vergi gəlirlərinin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar.
Vaqif Bayramov,
Xalq qəzeti, 27 avqust 2014-cü il

Şərh Yaz