Bir Adil vardı…

Ötən əsrin 70-ci illərində indi RTŞ-nin müdiri işləyən Rasim Orucovla Quşencə kənd tam orta məktəbində müəllim işləyirdim. Məktəbdə yaxşı səsi və ifaçılıq qabiliyyəti olan uşaqları seçib Rasim müəllim dram dərnəyi, mən isə xalq çalğı alətləri ansamblı yaratmışdıq. Uşaqlar böyük həvəslə bu dərnəklərdə iştirak edirdilər. Hazırladığımız konsert proqramı ilə məktəbdə və kənd klubunda camaat qarşısında çıxışlar edirdik.
Bir Adil vardı...Ötən əsrin 70-ci illərində indi RTŞ-nin müdiri işləyən Rasim Orucovla Quşencə kənd tam orta məktəbində müəllim işləyirdim. Məktəbdə yaxşı səsi və ifaçılıq qabiliyyəti olan uşaqları seçib Rasim müəllim dram dərnəyi, mən isə xalq çalğı alətləri ansamblı yaratmışdıq. Uşaqlar böyük həvəslə bu dərnəklərdə iştirak edirdilər. Hazırladığımız konsert proqramı ilə məktəbdə və kənd klubunda camaat qarşısında çıxışlar edirdik.
Məktəbdə son zəngə hazırlaşırdıq. O vaxt mikrofon , səsgücləndirici və sair avadanlıq az tapıldığından belə şeyləri rayon müsiqiçilərindən pulla alıb təşkil edir, yaxud da onların özlərini dəvət etməli olurduq.
Ötən əsrin 30-cu illərində tikilmiş köhnə məktəbin tərpənən döşəməsi, gəzəndə ayaq altında yellənən dəhlizində adam əlindən tərpənmək mümkün deyildi. Şagirddən çox valideyn, eşidən, bilən məktəbə gəlmişdi. Tədbirə başlamaq istəyəndə Rasim müəllim mənə yaxınlaşıb dedi ki, bir oğlan var burada. Quşencəlidir, özünün də yaxşı səsi var. Bakıda oxuyur. Bir mahnı oxumaq istəyir. Əvvəl etiraz etmək istədim. Məşqsiz necə oxuyacaq? – dedim.
– Narahat olma, Bülbül adına Uşaq Musiqi Məktəbində təhsil alır, qoy oxusun. Cəld durub Rasim müəllimlə boş siniflərdən birinə keçdim. Oğlanı da dəvət etdik. Səsini və oxuyacağı mahnının motivini tutub yoxladım. Həzin və lirik, ürəyə yatımlı səs idi. Adını proqrama daxil etdik. Oxudu, özü də necə! Alqış sədalarından tavan silkələnirdi. Bax, onunla tanışlığımız beləcə başladı və münasibət Adil dünyasını dəyişənədək davam etdi.
Adil Qənbər oğlu Qənbərov 1954-cü ildə Quşencə kəndində zəhmətkeş ailədə dünyaya gəlmişdi. Atası Qənbər kənddə sürücü, anası Roza isə üzümçü idi. Ailədə 5 qardaş və bir bacı idilər. Ailədə böyük övlad olan Adil rəftarı, davranışı ilə həm bacı və qardaşlarından, həmçinin həmyaşıdlarından fərqlənirdi. Məktəbə getdi və əsl bacarığı nəğmə dərsində üzə çıxdı. Elə ondan sonra məktəbdə keçirilən bütün tədbirlərdə balaca Adili oxudur və onun ifasından həzz alırdılar. Adil yolunu bilirdi: müğənni olmaq.
Oğlunun yaxşı səsi olduğunu yəqin edən Qənbər kişi günlərin birində Adili yanına alıb Bakıya, Bülbül adına Uşaq Musiqi Məktəbinə gətirdi. Burada onları mehriban qarşılayıb Adilin müsiqi qavrama qabiliyyətini yoxladılar. Bildiyi bir neçə mahnıya qulaq asıb onu məktəbin muğam sinfinə qəbul etdilər. Təhsilini başa vurandan sonra Adil hərbi xidmətə gedir. Xidmətdən sonra Adil rayon mədəniyyət şöbəsində işə düzəlir. Musiqiçi yoldaşları ilə tez-tez kənd əməkçilərinə xidmət göstərir, mədəniyyət evindəki çıxışları ilə tanınır, sevilir.

Bir Adil vardı...

Günlərin birində rastlaşdıq və hal-əhval tutdum. Şəhərə köçdüyünü, burada ev aldığını dedi. Təbrik etdim. Mədəniyyət evində iş yerinin ixtisara düşdüyünü söylədi. Ailəli, özü də işsiz, üç körpə uşaq.
– Adil, Uşaq Yaradıcılıq Mərkəzində işləyərsənmi? – dedim. Razılığını bildirdi. Kollektivə tez isinişdi. İlk illər təsərrüfat müdiri işləyirdi. Burada fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının məşğələlərində olar, yeri gələndə uşaqlara dəyərli məsləhətlərini verər, özü ifa edərək başa salardı. Bir gün Adilə dedim ki, gəlsənə, bir muğam dərnəyi yaradaq, sən də rəhbərlik elə. Məktəblərimizdə yaxşı səsi olan şagirdlərimiz çoxdur. Onları axtarıb tapmaq lazımdır. Növbəti dərs ilində Adil Qənbərov Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyətə başlayan muğam dərnəyinə xeyli şagird cəlb etdi. Bir neçə ildən sonra bəhrəsini gördük. Muğam dərnəyi ilə xalq çalğı alətləri ansamblının birgə işi uğurlu nəticələr verdi. Ansamblın ətrafına toplaşan bir neçə uşaq 2003-cü ildə Məktəblilərin I Respublika Xalq Yaradıcılığı festivalında birinci yeri tutdu. Anar Piriyevin, İntiqam İbrahimovun, Səxavət Mirzəyevin, musiqidə ilk addımlarını atmağa başlayan Kamilə Nəbiyeva və Mustafa Mustafayev festivalın laureatı oldular.
Növbəti ikinci respublika müsabiqəsində də Adilin yetirmələri üçün uğurlu oldu.
Uşaqlarla işləməyi çox sevərdi. İstədiyi ifanı şagirdindən alanda rahat olurdu. Adil müəllim yetirmələri ilə fəxr edərdi. Onlara qarşı çox mehriban, qayğıkeş və tələbkar idi. Tez-tez müsabiqələrə gedərdik. Müsabiqələr başa çatanadək Adil müəllim həyacanlı olardı. Şagirdlərinin nailiyyətlərinə o uşaqlar qədər sevinərdi.
Hansı işin ardınca göndərilsəydi yarıdardı. Verilən tapşırığa əməl etməyi bacarırdı. İnsanlarla ünsiyyət qurmağı, hər kəsin köməyinə çatmağı xoşlayırdı. Nikbin idi. Gözəl ailə başçısı, qayğıkeş ata idi. Uşaqları ilə narahatlığı olanda özünə yer tapmazdı. Valideynlərindən də qayğısını əsirgəməzdi. Yazda, yayda kəndə gedər ot-alaf, odun toplamaqda onlara kömək edərdi.
Son aylar çox qayğılı görünürdü. Hiss edirdim ki, narahatdır. Şikayət etməzdi, öz dərdini özü çəkərdi. Bazar günü idi, bazarda görüşdük. Əhvalı yaxşı idi. Axşam saat səkkizdən sonra Adilin ölüm xəbərini aldım, inanmadım. Zəng edib kənddən dəqiqləşdirdim, səhərisi günü dəfn olunacağını dedilər.
Bir il sonra Adilin yoxluğuna dözməyən anası Roza da dünyasını dəyişdi. Hərdən xatırlayıb deyirik: Bir Adil vardı…
Xalıq Xalıqov

Şərh Yaz