20 Yanvar qəhrəmanlıq günüdür

Yanvarın 17-də İsmayıllı Tikiş Fabrikində 20 Yanvar Ümumxalq hüzn günü ilə bağlı tədbir keçirildi. Tədbir 20 Yanvarda və Birinci Qarabağ savaşında şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

20 Yanvar qəhrəmanlıq  günüdür

Fabrikin icraçı direktoru L.Əliyeva tədbiri giriş sözü ilə açaraq yaddaşları təzələdi, 20 yanvar hadisələrinin səbəb və nəticələri barədə danışdı. Sonra söz tikişçilərə verildi. Rayonun ən çox şəhid vermiş kəndlərindən biri olan Hacıhətəmli kəndində doğulub boya başa çatmış, 20 Yanvar hadisələri baş verərkən yeddinci sinif şagirdi olan Qahirə Kərimovanın çıxışı xüsusilə yaddaqalan və deyilən bütün fikirlərin məntiqi sonluğu oldu. Ötənlərə qayıdıb yenidən o günləri yaşayan Q.Kərimova 20 Yanvarın hüzn günü kimi qeyd olunmasını qəbul edə bilmədiyini vurğuladı və fikrini onunla əsaslandırdı ki, əliyalın, silahsız tankın, pulemyotun, avtomatın üzərinə gedən, Vətən azad yaşasın deyə ölümün gözünün içinə dik baxaraq şəhidlik zirvəsinə yüksələn, ölümləri ilə bir dövlətin müstəqillik tarixini tarixə yazan igidlərin xatirəsini yas musiqisi ilə anmaq, “hüzn, kədər” günü kimi qeyd etmək şəhidlərin ruhunu incidər. 20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir, müstəqilliyimizin tarixidir, biz bunu balalarımıza da belə öyrətməliyik.
Tədbirdən sonra fabrikin kollektivi birlikdə “Gəncə” Uşaq kitabxanasında nümayiş etdirilən “Dolu” filminə tamaşa etdilər. Filmin sonunda geriyə – Qarabağa qayıdan yüzlərin, minlərin sırasında mən Qahirə xanımın, onun kimi yüzlərlə Azərbaycnlı Anasının Vətənə məhəbbət, sevgi ruhunda böyütdüyü qorxmaz, mərd Mübarizlərimizi, Şirinlərimizi, Fəridlərimizi gördüm. Və bir daha əmin oldum ki, şəhidlər ölməz, Vətən basılmaz, Qarabağ torpaqları düşmən tapdağında qala bilməz və qalmayacaq da! O gün –“ Qarabağa qayıdış günü uzaqda deyil!
Gülnar Mikayılova,
YAP İsmayıllı Rayon Qadınlar Şurasının sədr müavini

Şərh Yaz