“İyirmi Yanvarı yazın daşıma”

Yanvarın 15-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi üzvləri ilə birgə toplantı keçirmişdir. 20 Yanvar faciəsi ərəfəsində baş tutmuş toplantıya xeyli yazar qatılmışdı. Toplantını mərkəzin direktoru Lətifə Əliyeva açmış və xalqımız üçün faciəvi olan bu gün haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, həmin günlər xalq bir yumruq kimi birləşərək, öz azadlığı uğrunda ayağa qalxmışdı. Xüsusilə də gənclərimizin əliyalın düşmən tanklarının qarşısına çıxması kütləvi qəhrəmanlıq idi. Belə nümunələri yetişməkdə olan gənc nəsilə çatdırmaq hər bir ziyalının, xüsusilə, biz yazarların gündəlik işi olmalıdır. L.Əliyeva sonra ictimai birliyin gələcək planları, görülməsi vacib olan məsələlər haqqında rəy və təkliflərini tədbir iştirakçıları ilə bölüşmüşdür.
“İyirmi Yanvarı yazın daşıma”Yanvarın 15-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “İsmayıllı Yazarları” ədəbi ictimai birliyi üzvləri ilə birgə toplantı keçirmişdir. 20 Yanvar faciəsi ərəfəsində baş tutmuş toplantıya xeyli yazar qatılmışdı. Toplantını mərkəzin direktoru Lətifə Əliyeva açmış və xalqımız üçün faciəvi olan bu gün haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, həmin günlər xalq bir yumruq kimi birləşərək, öz azadlığı uğrunda ayağa qalxmışdı. Xüsusilə də gənclərimizin əliyalın düşmən tanklarının qarşısına çıxması kütləvi qəhrəmanlıq idi. Belə nümunələri yetişməkdə olan gənc nəsilə çatdırmaq hər bir ziyalının, xüsusilə, biz yazarların gündəlik işi olmalıdır. L.Əliyeva sonra ictimai birliyin gələcək planları, görülməsi vacib olan məsələlər haqqında rəy və təkliflərini tədbir iştirakçıları ilə bölüşmüşdür.
“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin təsisçisi və sədri şair Şahməmməd Dağlaroğlu çıxışında gələcək planlardan, yazarların görəcəyi və görə biləcəyi məsələlərdən danışmışdır. Birliyin hər bir üzvü fəaliyyətini şeir, yaxud digər bədii yazılarla məhdudlaşdırmamalı, həm də gənclər arasında canlı iş aparmağa borcludur. Əsas məsələ və vəzifəmiz ideoloji işi canlandırmaqdan ibarət olmalıdır. Г‡ıxışının sonunda şair 20 Yanvara həsr edilmiş şeirlərini oxudu. Şeirin sonunda şair yazır:
“Nə vaxt ölsəm bu aldığım yaradan,
İyirmi Yanvarı yazın daşıma.

“İyirmi Yanvarı yazın daşıma”

Sonra yazarlardan Oqtay İsmayıllı, Xatın, Nailə Yırğançaylı, Südabə Şeyda, Rüstəm Məbudoğlu və Nazir Ziya (Talıstanlı) şəhidlərə, vətənə həsr etdikləri şeirlərini oxumuşlar. Sonda veteran jurnalist B.Babayev çıxış edərək bildirib ki, yetişməkdə olan gəbc nəslin vətənpərvərlik tərbiyəsinin təməli ailədən, uşaq bağçalarından və məktəblərdən başlanmalıdır. Bu iş mütəmadi aparılmalıdır. Gənclər zaman keçdikcə bölünən torpaqlarımızın tarixini mükəmməl öyrənməli, Qarabağ hadisələrinin kökünü bilməlidirlər.
Tədbirdə səslənən şeirlərdən nümunələri oxucuların diqqətinə çatdırırıq.

Şəhid nəğməsi

Mən şəhidəm, dünyaya
kölə kimi gəlmədim,
Hamı kimi doğuldum,
hamı kimi ölmədim.
Mən şəhidəm, qanımı
çilədim bayrağıma,
Azadlığın nurunu
ələdim torpağıma.
Mən şəhidəm, zaman da
baş əyir qabağımda
Vətən kəlməsi qaldı
ölərkən dodağımda.
Vətəndə azad ötən
yellər mənim səsimdir,
Məzarıma qoyulan
cüt qərənfil, bəsimdir.

Vətən, sənin əsgərinəm

Vətən, sənin əsgərinəm,
Bir qurbanlıq quzun olum.
Düşmənini kül eyləyən
Gur ocağın, közün olum.

Adın qəlbimin başında,
Qalib gəlim savaşında,
Tarixlərin savaşında
Şan-şöhrətli izin olum.

Xoş çağına qayıt yenə,
Qurban olum o xoş günə,
Şəhid olsam, al köksünə,
Dönüb sənin özün olum.
Südabə Şeyda

Qalx ayağa

Qalx ayağa, toxda, ana
Sil gözünün yaşını sən
Bayraq kimi müqəddəssən
Səslə vətəndaşını sən!

Qoy görməsin düşmən gözü,
Səni yerə düşən, aşan.
Qoy deməsin azərinin
Anasını ağlatmışam.

Qalx, sinəsi dağlı ana!
Düşmə belə kürək üstə
Öz xalqından şəhidinçün
Tələb elə, qisas istə.
Xatın

Şəhidlər

Ölməzlik zirvəsi – ölümlərilə,
Əbədi bir ömür aldı şəhidlər.
Azadlıq eşqiylə, əməllərilə,
Vətən fədaisi oldu şəhidlər.

Ürəklər sızladı, gözlər ağladı,
Sinələr odlandı, gözlər ağladı.
Soldu çiçək kimi, yüzlər ağladı,
Şəhid xiyabını saldı şəhidlər.

Neçə günahsızın töküldü qanı,
Yüzlərlə insanın qıyıldı canı.
Boğmaq istədilər Azərbaycanı,
Azadlıq zəfərin çaldı şəhidlər.
Nailə Yırğançaylı

Sənə atılan güllə
(Şəhid qardaşıma)

Bağrımın başındadır,
Sənə atılan güllə.
Şəhidlik yaşındadır
Sənə atılan güllə.

Qeyrətinə dəymədi,
Cürətinə dəymədi,
Qüdrətinə dəymədi,
Sənə atılan güllə.

O güllə mənə dəydi,
Dəymişdi, yenə dəydi,
Milyona, minə dəydi
Sənə atılan güllə.

Bakının kürəyində,
Bu xalqın ürəyində,
Azadlıq diləyində
Sənə atılan güllə.

Haqsız zamana dəydi,
Yurda, məkana dəydi,
Azərbaycana dəydi
Sənə atılan güllə.
Nazir Ziya (Talıstanlı)

Bakı

Gecəylə girdilər ruslar şəhərə,
Töküldü gözündən qızıl qan, Bakı.
Biçdilər elə bil yaşıl zəmini,
Adını qoydular ağlağan, Bakı.

Səhərdən qoynunda yeriyən kəslər,
Yan-yana sərildi gəlmir nəfəslər.
25 il hər kəs nifrət, kin bəslər,
Alınır qisasın az-az can Bakı.

Rusun vicdanına bu böyük ləkə,
Lənətlər deyirik yaş tökə-tökə.
Tankların altında eh, tikə-tikə,
Doğrandı övladın döz, dayan, Bakı.

Onlar ölmədilər, ölməz oldular,
Qanları əvəzi Vətən aldılar.
Şəhidlik adında zəfər çaldılar,
Dəyişir xeyrinə bil, zaman, Bakı.
Şəhla Ramazanqızı

20 Yanvar qurbanlarına

Verə bilməz haqqı min fitnə heçə,
Ən bulanıq sel də bir gün durulur.
Nə qədər qaranlıq olursa gecə,
Səhər bir o qədər işıqlı olur.

Keçir sübhün yolu gecədən yalnız,
Daha vaxtın meyli haqqa sarıdır.
Torpağa tökülən qızıl qanınız
Azadlığın qızıl ziyalarıdır.

Mərdlər sırasında yeriniz öndə,
Hər yandan görünən zirvəsiniz siz.
Qərənfil köynəkli yerin köksündə
Vətənin döyünən ürəyisiniz.

Qanlı köynəklərə sıxım qəlbimi,
Qoy yanvar səhəri açılsın yaza.
Sizin hər biriniz təzə qan kimi
Vuruldunuz bizim damarımıza.

A şəhid qardaşlar, şəhid bacılar,
Döndünüz günəşə siz yana-yana.
Sizin yaranızdan işıq saçılar
Əsrlər uzunu Azərbaycana.

İndi qeyrət özü ayağa qalxmış,
Daha onu heç kim uyuda bilməz.
Milyon illər boyu hökm eləsə qış,
Şəhid qanlarını soyuda bilməz.

Ulu bir ananın güvənc yeriyik,
Sarsılan deyilik min qara qəsddən.
Hamımız namusun əsgərləriyik,
Siz torpaq altında, biz torpaq üstdə.

Dara düşübdürsə haqq, gülmək olmaz,
Yanıb zülmətlərə nur salmalıyıq.
Bir addım geriyə çəkilmək olmaz,
Ölsək də, irəli yıxılmalıyıq.

Bu yolda ömrümüz tez qırılsa da,
Hər şəhid vətənin bir qayasıdır.
Canımız torpağa tapşırılsa da,
Ruhumuz vətəni qoruyasıdır.
3 mart 1990

Şəhidlərə ağı

Г‡ilikləndi həqiqətin aynası,
Bağrım başı parça-parça söküldü.
Əsdi qəfil bir zəhərli qara yel,
Od yurdunun gül-çiçəyi töküldü.

Əhrimənlər yenə toya yas qatdı,
Allah, bəyəm bizim üçün qəm qıtdı?!
Köksü güllə, üzü dırnaq dağıtdı,
Dağ üstündən sinəyə dağ çəkildi.

Doğmaq üçün batan aydı şəhidlər,
Qəlbimizin parasıydı şəhidlər,
Gözümüzün qarasıydı şəhidlər,
Gözümüzün pak ağına büküldü.
9 may 1990
Oqtay İsmayıllı

20 Yanvara

Mənim dərdim bir millətin dərdidi,
Qar yerinə güllə yağdı qışıma.
Qan yerdədi, nə vaxtadək dost-tanış
Baxacaqdır düyünlənmiş qaşıma.

Gəlib keçdi neçə yanvar, neçə il,
Azad oldu bayrağımız, doğma dil.
Güllərimin gözü idi qərənfil
Gülə bilmir, gələ bilmir xoşuma.

Şəhidlərin Xiyabanı müqəddəs,
Ölə bilməz bu torpağı sevən kəs.
Dünənimdən qopan nalə, gələn səs
Baxmır mənim ağ saçıma, yaşıma.

İgid gərək doğula da, ölə də
Şanlı ölüm hər an düşməz ələ də.
Üzüm bərkdi, yaşayıram hələ də
Gör nəvaxtdan daş düşübdür başıma?

Qara günə günəş doğdu haradan?
Günahsıza necə qıydın, Yaradan?
Nə vaxt ölsəm bu aldığım yaradan,
İyirmi Yanvarı yazın daşıma.

Ey Vətən

Sən yanvar ayında qar gözləyirdin,
Üstünə güllələr yağır, ey Vətən.
Güllələr atılan tərəfdə qalıb,
Gör necə olmuşam fağır, ey Vətən.

Yuxuda görürəm dostu, qardaşı,
Düşmür doğma yerə gözümün yaşı.
Sinəmin üstündə həsrətin yaşı,
Dağlardan ağırdır, ağır, ey Vətən!

Şahməmməd el eşqin dar gündə daddı,
Ana bir qanaddı, yurd bir qanaddı.
Qürbətdə ölüm də insana yaddı,
Məni qucağıa çağır, ey Vətən!
Şahməmməd Dağlaroğlu

Şərh Yaz