Sabirdən təskinlik alan şair

İnsanı düşdüyü, yaşadığı həyat formalaşdırır, onun gələcəyini müəyyənləşdirir, desək heç də səhv etmərik. Mühit, onu əhatə edən insanlar, yaşadığı məşəqqətlər, gördüyü haqsızlıqlar böyüməkdə olan gəncin dünya görüşünə də böyük təsir göstərir. Ağlı söz kəsəndən ətrafındakı müdrik kəlamlarla dolu, danışıqları zərb-məsələlərlə zəngin, duzlu-məzəli söhbətləri uzaqlara yayılmış ağsaqqal və ağbirçəklərlə əhatə olunmuş bu yeniyetmənin formalaşmasında mühüm rol oynamışdır. Yeri gəldikcə Füzulidən, S.Əzimdən, Sabirdən, Sədidən və başqalarından şeir nümunələri sitat gətirən ağsaqqalları dinləyən yeniyetmə özü də bilmədən onların təsiri altına düşməyə başlamışdı…
Sabirdən təskinlik alan şairİnsanı düşdüyü, yaşadığı həyat formalaşdırır, onun gələcəyini müəyyənləşdirir, desək heç də səhv etmərik. Mühit, onu əhatə edən insanlar, yaşadığı məşəqqətlər, gördüyü haqsızlıqlar böyüməkdə olan gəncin dünya görüşünə də böyük təsir göstərir. Ağlı söz kəsəndən ətrafındakı müdrik kəlamlarla dolu, danışıqları zərb-məsələlərlə zəngin, duzlu-məzəli söhbətləri uzaqlara yayılmış ağsaqqal və ağbirçəklərlə əhatə olunmuş bu yeniyetmənin formalaşmasında mühüm rol oynamışdır. Yeri gəldikcə Füzulidən, S.Əzimdən, Sabirdən, Sədidən və başqalarından şeir nümunələri sitat gətirən ağsaqqalları dinləyən yeniyetmə özü də bilmədən onların təsiri altına düşməyə başlamışdı…
Məktəbə gedib yazıb-oxumağı öyrənəndən sonra həmin şairlərin yaradıcılığı ilə tanış olduqdan sonra onların söz qüdrəti qarşısında heyrətə düşürdü: – görəsən, mən də yaza bilərəmmi, – sualı beynində dolanırdı. Gənc özünü bu dahi söz ustaları ilə müqayisə etməkdən çox-çox uzaq idi. Heç olmazsa, nəsə yazmaq xəyalında idi. “ Hiss edirdim ki, mən də yaza bilərəm, – yazır müəllif. Hələ Lahıc məktəbinin aşağı siniflərində təhsil alarkən ağsaqqallardan eşitdiyi klassik şeir parçalarını sinəsinə toplayır, onları əzbərləyirdi. Nəhayət, özündə cəsarət tapıb ilk şeirlərini yazır. Kiçik yaşlarından cəsarətlənib özünü klassik şeir dəryasına “atmış” bu gənc əruz vəzni kimi çətin bir sahəyə baş vurmuşdu. Qələmə aldıqlarının əksəriyyəti əruz vəznində idi. Onun böyüdüyü Lahıc mühitində ağsaqqalı da, cavanı da folklor, klassik şeir və muğam həvəskarıdır. Bütün bunlar gənc Kamilin ədəbi yaradıcılığına təsir göstərməyə bilməzdi.

Sabirdən təskinlik alan şair

Haqqında söhbət açdığımız şairi gənc adlandıra bilmərik. Xeyli yaş keçirib, dünyanın acısını, şirinini dadıb. Rastlaşdığı haqsızlıqlar, bürokratlar, get-gələ salanlar, əli əyrilər ona çox şey öyrədib. Bu zaman onun köməyinə Sabirin satiraları çatıb. O, belələrini satira ilə qamçılamağa başlayıb. Şair son kitabına yazdığı ön sözdə deyir:
-Klassik şeirə və ədəbiyyata maraq 1971-ci ildə məni Bakı Dövlət Universitetinin filologiya fakültəsinə gətirdi. Mən bu qocaman təhsil ocağında dərin elmi biliklərə yiyələnməyə başladım. Bu vaxta qədər xeyli həyat təcrübəsi də toplamışdım. Səkkizinci sinfi bitirənə qədər Lahıcda keçirdiyim günlər, ağır həyat şəraiti, atam Muxtarın ailəmizi dolandırmaq üçün min cür əziyyətlərə qatlaşması indi də gözlərimin önündədir. Mən, demək olar ki, addımbaşı çətinliklərlə qarşılaşır, həyatın sərt və amansız üzünü görür, harın adamların, yaltaqların, həyata əyləncə kimi baxanların murdar xisləti önündə qəzəbimi saxlaya bilmir, gördüyüm eybəcərlikləri islah etmək üçün yollar axtarırdım…
Şair Kərbəlayi Kamil Muxtar oğlu Sərbəndinin yaradıcılığının əksəriyyəti satiradan ibarət olsa da, lirik qəzəllər, qəsidələr, dini mövzuda şeirlər və bəhri-təvillər də yazıb. Özünün etiraf etdiyi kimi, böyük Sabirin yaradıcılığından bəhrələnib. Ustadı kimi Kamil də haqsızlıqlara qarşı satira və yumorla mübarizə aparmaq, həqiqəti bərqərar etmək istəyi də buradan qaynaqlanır desək səhv olmaz. Axı bəzən düzü, həqiqəti zarafatla üzə vururlar. El arasında “düzü zarafatla deyərlər” deyimi də illərlə dillərdə gəzir. O, bu şeirləri ilə mətbuat səhifələrinə də çıxırdı.
Şairin qələmə aldığı şeirlər mövzu baxımından rəngarəngdir: Vətən, vətənpərvərlik, əmək adamları, torpaq, təbiət, əsasən də sevgi və məhəbbət mövzuları üstünlük təşkil edir. Doğma Lahıca, onun adamlarına, təbiətinə həsr edilmiş şeirləri də kifayət qədərdir.
Kamil Sərbəndinin “Dərə xəlvət, tülkü bəy” adlı ilk kitabı 1995-ci ildə çap edilib. Həmin ildə də onu Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edirlər. 2007-ci ildə müəllifin “Yağı bizim, dağı sizin”, bir il sonra isə “Bir gözəl sevmiş könül” adlı şeirlər kitabları oxucuların ixtiyarına verilir. 2014-cü ildə isə Kamil Sərbəndi “Həqiqət ayinəsi” adlı yeni kitabı ilə oxucuların görüşünə gəlib. Bu kitaba əvvəlki illərin və son dövrlərdə qələmə aldığı şeirlər toplanmışdır. Şair ön sözdə oxucularına müraciətlə yazır: “…yenidən küll şəklində nəşr olunmuş “Həqiqət ayinəsi” adlandırdığım bu kitabımı sənin ixtiyarına verirəm. Ola bilsin ki, bəzi söz və ifadələri başa düşməkdə çətinlik çəkəcəksən, lakin buradakı obrazlar sənin müasirlərindir. Mən onları yalnız əruzda yaxşı danışdıra bilirəm. Əruz da şairdən tərkiblərlə danışmağı tələb edir…” Doğrudan da, oradakı obrazlar gündəlik həyatda hər addımda rast gəldiyimiz adamlardır. Keyfiyyətsiz malları ucuz alıb, od qiymətinə satanlar, and-aman eləyib matahını alıcılara sırıyanlar, rüşvətxorlar, yalançılar, fırıldaqçılar və başqa bu cür tiplərdir.
Şair “ Vasmoy bazarında” adlı şeirində yazır:
Г‡ox turş bişirirlər aşı vasmoy bazarında,
Pambıqla baş kəsirlər vasmoy bazarında.

Cibgir, lotu. quldur; – nə ki, var ölkədə, yeksər,
Meydan sulayır il uzunu burda sərasər,
Г‡oxdandı bu viranədə tüğyan eləyir şər,
Qardaş budayır qardaşı vasmoy bazarında,
Pambıqla baş kəsirlər vasmoy bazarında.

Hər yana baxırsan, Əli əyri, Vəli əyri,
Daş əyri, çəkən əyri, qapanın mili əyri,
Satlıq quru mala su vurur hər əliəyri,
Xalqa sırıyırlar yaşı vasmoy bazarında,
Pambıqla kəsirlər başı vasmoy bazarında.

Kimdən nə alırsan kilodan üçdə bir azdır,
Daşlar yonulub ortası taz, üstü tarazdır.
Şairin qələmə aldığı “Get-gəl” şeirində tez-tez rastlaşdığımız süründürməçiliyi belə təsvir edilir:
Gəlmir başa bir həftəlik iş bir neçə ayda,
Qışda dediyin zorla çıxır hasilə yayda,
Yaxud, “Get təzədən gəl, bala!” adlı şeirində deyildiyi kimi:
Saxla bu boş söhbəti, dur qapıdan çıx zala,
Anlamadın mətləbi, get təzədən gəl, bala!
Sərbəndinin şeirlərindən istənilən qədər belə misallar gətirmək mümkündür. Belə tiplərlə hər yerdə rastlaşırıq. Şair satirik dillə onları düz yola dəvət etmək, islah etmək istəyir. Bilmirik, buna necə nail olacaq.
Kamilin Vətən, vətənpərvərlik, torpaq və təbiət haqqında da xeyli şeirləri var. Bu şeirləri oxiyanda gözümüzün önündə torpağını, onun hər gülünü, çiçəyini, bulağını, ağacını, başı qarlı uca dağlarını qəlbən sevən və onu sevə-sevə tərənnüm edən bir insan canlanır. Doğulub boya-başa çatdığı, hər cığırına yaxından bələd olduğu doğma Lahıcın mənzərələri, oranın adamları, xüsusən də sənətkarları haqqında fərəhlə söz açır, onlarla haqlı olaraq fəxr edir. Şair bununla bəlkə də gənclik illərinin nostalji hisslərini yenidən yaşamaq istəyir.
Biz bu yazıda şairin bütün şeirlərini təhlil etmək fikrində deyilik. Onun ancaq bir neçə satirik şeirindən nümunə gətirdik. Onu da qeyd edək ki, Kamil böyük satirik Sabir yolunun layiqli davamçısıdır. Özünün etiraf etdiyi kimi “…böyük Sabirin yaradıcılığı mənə təskinlik verdi. Qəlbimin ağrılarını satirik yazılarımda ovutmağa çalışırdım…” Görəsən, şair özünü ovutmağı bacardımı? Bu suala cavab almaq üçün şairin “Həqiqət ayinəsi”ni oxumaq lazımdır.
Sonluğu da şairin öz müraciəti ilə qurtarmaq istərdik. O, oxucuya müraciətlə yazır: “… əgər bu kitabın içində bircə şeirim sənin xoşuna gəlsə, deməli, yazmağa dəyər”. Oxuyan xeyli məmnun qalacaq.
B.Babayev

Şərh Yaz