Ekologiyasız həyat yoxdur

Gənclərin Anti-Narkomaniya İctimai Birliyi (GANİB) 2003-cü ildən yerli və regional miqyasda layihələri icra etməkdədir. Bu birlik gənclərin sağlam həyat tərzi, narkomaniyaya qarşı mübarizə, asudə vaxtdan səmərəli istifadə, elm və təhsilin, idmanın təbliği, ekologiyanın mühafizəsi və sair mövzular üzrə layihələr üzərində işləyir.Ekologiyasız həyat yoxdur

2015-ci ilin fevral ayının 1-dən GANİB Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İsmayıllı gənclərinin ekoloji məlumatlılığının artırılmasına təşəbbüs” adlı layihəsinin icrasına başlayacaq. Bu layihə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 17 iyul 2014-cü il tarixli,120 nömrəli sərəncamı ilə təsdiq edilmiş, rayonda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsinə dəstək verilməsi üçün həyata keçirəcək.
Layihənin başlıca məqsədi İsmayıllı rayonunda ətraf mühitin mühafizəsidir. Bununla yanaşı, təbii sərvətlərdən səmərəli istifadə olunması, bu istiqamətdə yeni təbliğat metodlarından istifadə etməklə elmi potensialın artırılması, eləcə də ekologiya sahəsində məktəblilər üçün yay düşərgəsinin, digər maarifləndirici tədbirlərin təşkili vasitəsilə gənclər arasında ekoloji maarifləndirmə işinin gücləndirilməsi və onun davamlılığının uzunmüddətli təminatı layihədə əksini tapmışdır.
Bundan əlavə, rayonda yolkənarı meşə massivlərinin mühafizəsi, təmizliyinin təmin olunması vacibliyini özündə əks etdirən maarifləndirici posterlər yerləşdiriləcək və mütəmadi olaraq həmin ərazilər yay-istirahət mövsümündə nəzarətdə saxlanacaq. Layihə müddətində həyata keçiriləcək fəaliyyətlərin müntəzəm olaraq ictimaiyyətə çatdırılması təmin ediləcək.
Qüdrət Kazımov,
GANİB-nin sədri

Şərh Yaz