Yaddas kitabcasi

Şam kimi əriyən ömür

Müəllimlik ən şərəfli, həm də çətin və məsuliyyətli peşədir. Ona görə məsuliyyətlidir ki, valideynlər gələcəyimiz olan uşaqların təlim-tərbiyəsini onlara etibar edirlər. Əgər müəllim var gücünü, bacarığını şagirdin əsl insan kimi yetişməsinə sərf eləmirsə, onun əməyi hədər getmiş olur. Ömrünü şam kimi əridib şagirdlərə bilik verən müəllimlər az deyil, belələri həmişə olmuş və olacaqlar. Belə müəllimlərdən biri haqqında söhbət açmaq, onu oxuculara təqdim etmək istəyirəm. Əvvəlcə onu qeyd edim ki, bu qadın həm də kəndimizin sevimlisi və ağbirçəyidir.
Mən gözümü açandan doğma kəndim Qurbanəfəndidə hamının hörmət etdiyi insanlar arasında müəllimlərimizi görmüşəm. Evimizə müəllim gələndə onu hamılıqla ayaq üstə, ən əziz qonaq kimi qarşılayar, yola salardıq…

Şam kimi əriyən ömürŞam kimi əriyən ömür

Südabə Zahid qızı Allahverdiyeva 1949-cu il dekabrın 15-də Oğuz rayonunun Kərimli kəndində anadan olmuşdur. Ailə başçısı Zahid Allahverdiyev işi ilə əlaqədar 1950-ci ildə Bakı şəhərinə köçmüşdür. Zahid kişi 3 nömrəli tikinti idarəsində iş icraçısı işləyirdi. Südabə müəllimin anası Nazxanım Əbdürrəhman qızı Mahmudova 1941-1945-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Südabə xanım 1967-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Təhsilini başa çatdırdıqdan sonra təyinatını rayonumuzun Quşencə kənd məktəbinə verirlər. Tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. 1979-cu ildən Qurbanəfəndi kəndində ixtisası üzrə işini davam etdirir. Həmin tarixdən bu kəndin daimi sakini kimi məktəbdə çalışır. Ailə qurdu, səadətini tapdı. İki qız, iki oğul anasıdır. 12 nəvənin nənəsidir…
Məktəbə qədəm qoyduğum gündən Südabə müəllimi səliqəli geyinən, ədəb-ərkanla davranan, həyati məsləhətlər verən, dünya hadisələrindən və yeniliklərdən söhbət açan, camaatın, şagirdlərin gözündə həmişə ucalan ziyalı kimi görmüşəm. Xoçbəxt peşə sahibi, gözəl ana, insanpərvər ziyalı olan Südabə müəllim artıq ağbirçək yaşına çatıb. 65 yaşını tamam eləsə də doğma məktəbdən, kollektivdən, sevimli şagirdlərindən ayrıla bilmir. Məktəb kollektivi onu ad günü münasibətilə təbrik etdi, onun barəsində xoş sözlər söylədi. Şagirdləri ona tər çiçəklər bağışladılar, müəllim haqqında şeirlər səsləndirdilər. Bu anlar ağbirçək müəllimi xeyli kövrəltdi. Yəqin ki, belə anlar insanların yaddaşında silinməz izlər buraxır. İsmayıllı Rayon Təhsil Şöbəsi və ATİAHİ İsmayıllı Rayon Komitəsi Südabə müəllimi “Uzun müddət təhsil sahəsində səmərəli pedaqoji fəaliyyətinə və anadan olmasının 65 illiyi münasibətilə” Fəxri fərmanla təltif etmişdir.
Əziz Südabə müəllim, siz bu çətin, lakin səmərəli işdə vicdanlı insan kimi, gözünüzün nurunu, ömrünüzün ən mənalı illərini, min zəhmətlə qazandığınız biliyi balalarımıza vermisiniz. İndi yetirmələrinizin sorağı müxtəlif sahələrdən gəlir. Onlar sizi heç zaman unutmurlar. Buna görə də bütün kənd camaatı sizə minnətdarlıq edir.
S.Allahverdiyeva indinin özündə də gənclik enerjisi ilə çalışır, sanki geridə qoyduğu illər ondan yan keçmişdir. O, bilik və təcrübəsini, müəllimliyin incə məqamlarını həvəslə gənclərə öyrədir.
Əzizimiz Südabə müəllim, Sizi ad gününüz münasibətilə səmim-qəlbdən təbrik edirik. Mənalı həyat yolunuzu bu cür də davam etdirməyinizi arzulayırıq.
Kamal Allahverdiyev,
məktəbin müəllimi

Şərh Yaz