Yaddas kitabcasi

Nailiyyətə aparan yol

Abad küçələrə, müasir evlərə, hər cür sosial obyektlərə malik müasir İvanovka kəndi rayonumuzun iri yaşayış məskənlərindəndir. Kənddəki köhnə kolxoz təsərrüfatı da saxlanmış və indi də yüksək səviyyədə fəaliyyət göstərməkdədir. Kolxozun istehsal etdiyi kənd təsərrüfatı məhsullarının nəinki rayonumuzda, həm də Bakı şəhərində çoxlu alıcı toplaya bilməsi yüksək keyfiyyətindən xəbər verir. Ekoloji cəhətdən təmiz olan bu məhsullara tələbat çoxdur. Bütün bunlar əməksevər insanların əli ilə yaradılır. İnsanlardan söhbət düşmüşkən onu xüsusilə vurğulamaq istəyir ki, kəndimizin adamları torpağına bağlı, əməksevər və intizamlıdırlar. Son illər kəndimizdə baş verən yeniliklər onların əllərinin bəhrəsidir.
Nailiyyətə aparan yolNailiyyətə aparan yol

Abad küçələrə, müasir evlərə, hər cür sosial obyektlərə malik müasir İvanovka kəndi rayonumuzun iri yaşayış məskənlərindəndir. Kənddəki köhnə kolxoz təsərrüfatı da saxlanmış və indi də yüksək səviyyədə fəaliyyət göstərməkdədir. Kolxozun istehsal etdiyi kənd təsərrüfatı məhsullarının nəinki rayonumuzda, həm də Bakı şəhərində çoxlu alıcı toplaya bilməsi yüksək keyfiyyətindən xəbər verir. Ekoloji cəhətdən təmiz olan bu məhsullara tələbat çoxdur. Bütün bunlar əməksevər insanların əli ilə yaradılır. İnsanlardan söhbət düşmüşkən onu xüsusilə vurğulamaq istəyir ki, kəndimizin adamları torpağına bağlı, əməksevər və intizamlıdırlar. Son illər kəndimizdə baş verən yeniliklər onların əllərinin bəhrəsidir.
Gənclərin əməksevər, torpağına bağlı tərbiyə edilməsində müəllimlərimizin əməyi böyükdür. Ulu öndər Heydər Əliyevin adını daşıyan İvanovka kənd tam orta məktəbini bitirən gənclər ali təhsil alaraq müəllim, mühəndis, həkim, iqtisadçı, hərbiçi və sair ixtisaslara yiyələnmişlər. Kənddə çalışan mütəxəssislərin hamısı məktəbimizin məzunlarıdır. Biz müəllimlər yetirmələrimizlə fəxr edir və qürur duyuruq.
Müasir tələblərə cavab verən 780 yerlik məktəb 2007-ci ildə tikilib istifadəyə verilmişdir. Burada təhsil üçün hər cür şərait yaradılmışdır. Kompyuterlər, laboratoriyalar, fənn kabinələri və müxtəlif texniki vasitələr təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Cəmiyyətdə məktəbin, müəllimin rolu danılmazdır. Axı bu təhsil ocağı gələcəyin qurucularını tərbiyə edir. Düzdür, uşağın tərbiyəsinin təməli ailədə qoyulur, sonra bağçada və nəhayət, məktəb onun yetişməsində əsas rol oynayır. Kollektivimiz də qarşıya qoyulan vəzifələri layiqincə həyata keçirir. Sağlam və möhkəm kollektivimiz var, belə olmazsa, nailiyyətlərdən danışmağa dəyməz.
Hazırda məktəbimizdə 392 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 46 nəfər ixtisaslı müəllim məşğul olur. Müəllimlərin əksəriyyəti təcrübəli, bacarıqlı və işə can yandıran pedaqoqlardır. Onlar işlərini daha yaxşı qurmaq üçün yeniliyi, qabaqcılların təcrübəsini öyrənir və gündəlik fəaliyyətlərinə tətbiq edirlər. Belələrinə xarici dil müəllimi Tatyana Jidkovanı, riyaziyyat müəllimi Səidə Ramazanovanı, ibtidai sinif müəllimi Marina Fateyevanı, tarix müəllimi Bəhram Soltanovu və başqalarını misal çəkə bilərik. Onların hər biri şagird və valideynlərin sevimlisidir, kəndin sayılıb-seçilən ziyalılarıdır. Bu müəllimlərin fəaliyyəti sayəsində məktəbdə keçirilən kütləvi tədbirlər daha maraqlı və yaddaqalan olur. Onlar tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müasir texniki vasitələrdən bacarıqla istifadə edir, pedaqoji yenilikləri öyrənir və işlərinə tətbiq edirlər. Məktəbimizin müəllim və şagirdləri beynəlmiləl tərkibdədirlər. Burada müxtəlif millətlərin nümayəndələri çalışır və təhsil alırlar. Məktəb həm Azərbaycan, həm də rus dilində tam orta təhsil verir.
Məktəbin zəngin kitabxanası var. Bu da tədrisin keyfiyyətinə müsbət təsir göstərir. Şagirdlərin hamısı tədris kitabları ilə təmin edilmişdir. Texniki avadanlıqlardan heç bir çətinliyimiz yoxdur.

Nailiyyətə aparan yol

Onu da xüsusi qeyd etmək istəyirəm ki, İvanovka kəndi həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuş və indi də olmaqdadır. Ulu öndər Heydər Əliyevin kəndimizdə olması, əməkçilərlə görüşməsi, kolxozumuzun bayrağına orden taxması ivanovkalıların yaddaşlarına əbədi həkk olmuşdur. Həmin ənənəni Prezident İlham Əliyev də bu gün davam etdirir. Prezident öz xanımı Mehriban Əliyeva ilə kənddə olarkən ağsaqqallarla söhbət etmiş, onların arzu və istəklərini dinləmiş, necə yaşadıqları ilə maraqlanmışdır. Biz həmişə cənab Prezidentin qayğısını hiss etmişik. Bütün bunlara görə prezidentə təşəkkürümüzü bildiririk. Məktəbin kollektivi prezidentin bu qayğısına yaxşı işi ilə cavab verir. Onu da qeyd etmək xoşdur ki, Azərbaycanın birinci xanımı M.Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu məktəbimizə bir avtobus hədiyyə etmişdir. Bunun üçün Mehriban xanıma təşəkkürümüzü bildiririk.
Bu yazıda Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Nikolayeviç Uryupin haqqında söz açmaq istəyirik.
Mixail Uryupin 1963-cü ildə İsmayıllı rayonunun İvanovka kəndində ziyalı ailəsində anadan olmuşdur. 1970-1980-ci illərdə kənd orta məktəbini bitirmişdir. 1981-ci ildə ali təhsil almaq məqsədilə Bakı şəhərinin ali təhsil ocaqlarından olan M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun rus dili fakültəsinə daxil olmuşdur.
Əməyi sevən bir insan kimi, gücünü və vaxtını təhsilə verərək 1985-ci ildə institutu bitirib. Təyinatını doğma rayona verirlər. İlk əmək fəaliyyətini rayonumuzun Kürdeldarbəyli kənd məktəbində başlayıb. Burada rus dili və ədəbiyyatı fənnini tədris edib. Daha sonra rayonun Ruşan kəndində əmək fəaliyyətini davam etdirib. Əlbəttə, ilk illər təcrübəsiz gənc müəllimin çətinlikləri də az olmur. Bu çətinliklər onu qorxutmur, işə daha inadla başlayır, öyrənir, inamla irəliləyir. 1988-ci ildə doğma kəndinə qayıdır və peşəsini davam etdirir. Doğma məktəbdə özünəməxsus hörmət qazanan bu insanı 1994-cü ildə pedaqoji kollektiv özünə rəhbər seçir. Elə o gündən indiyədək Mixail müəllim direktor vəzifəsində çalışır.
M.Uryupin nizam-intizamı sevən bir insandır, bunu hamıdan da tələb edir. Bununla da məktəbin adını uca tutmağa çalışır. Onun sayəsində İvanovka məktəbi beynəlxalq miqyasda da tanınır. Məktəbimiz Rusiya Federasiyasının müxtəlif şəhərlərində, həmçinin respublikamızda keçirilən olimpiadalarda, müsabiqələrdə iştirak edir və fərqlənir. 2013-2014-cü tədris ilində iki nəfər XI sinif şagirdimiz Moskva və Sankt-Peterburq şəhərlərində keçirilən beynəlxalq olimpiadalarda iştirak edərək III yerə çıxmışdır. Moskvada keçirilən X beynəlxalq natiqlik olimpiadasında rayonumuzu şagirdimiz Mariya Minnikova təmsil etmişdir. Onun yaxşı çıxışı məktəbimizin, rayonumuzun və respublikamızın adını uca etmişdir. Məktəbimizdə xarici ölkə məktəbləri ilə telekörpülərin yaradılmasına da mühüm əhəmiyyət verilir. Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəblə İvanovka məktəbi arasında telekörpü yaradılmışdır. Bu cür tədbirlər şagirdlər üçün çox əhəmiyyətlidir. Bu işdə direktorun əməyi çoxdur.
İvanovka kənd tam orta məktəbini bu il 22 nəfər bitirmişdir. Onların hamısı məktəbi yaxşı qiymətlərlə bitirərək attestat almışdır. Bu məzunlardan 10 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdur. Məzunumuz –“ direktorun qızı Mariya Uryupina bu il orta məktəbi əla qiymətlərlə bitirərək qızıl medala layiq görülmüşdür. Mariya Krasnodar Dövlət Universitetinə qəbul olunmuşdur.
M.Uryupin bacarıqlı müəllim olmaqla yanaşı, gözəl ata, qayğıkeş ailə başçısı, bacarıqlı təşkilatçıdır. Onun həyat yoldaşı da məktəbdə coğrafiya müəllimi işləyir. Əsl ziyalı ailəsi olduğu üçün onların uşaqları da məktəbdə əla qiymətlərlə oxuyurlar. O, öz kollektivini və şagirdlərini çox sevir. Bunun nəticəsidir ki, uzun illərdir ki, beynəlmiləl bir kollektivi yüksək səviyyədə idarə edə bilir. Onun tələbi müəllimlərin müasir texnologiyalara yiyələnməsi, dərslərdə yeni təlim metodlarından istifadə etmələridir. Hər zaman onların yanında olur və kömək əlini onlardan əsirgəmir. Məhz bu dəstəyin nəticəsidir ki, müəllimlərimiz də öz işlərinə yüksək məsuliyyətlə yanaşırlar. Nəticələr də yaxşı olur. Nailiyyətlərə aparan yol da budur.
M.Uryupin rusdilli olmasına baxmayaraq, Azərbaycan dilində yaxşı danışır. Bir maraqlı faktı da qeyd edək ki, Mixail müəllim başçılıq etdiyi məktəbin rus bölməsində Azərbaycan dilini tədris edir. Bu dili çox sevir, xalqın adət-ənənələrini bilir. Bu dili həmkəndliləri arasında geniş təbliğ edir. Bununla da vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. O qeyd edir ki, vətəndaşlıq borcu ilk növbədə, insanın yaşadığı torpaqla, vətənlə bağlıdır. O bilir ki, əsl vətəndaş vətənini bütün qəlbi, canı və qanı ilə sevən, onun azadlığı, istiqlaliyyəti, maariflənməsi uğrunda mübarizə aparmalıdır.
İşində olan uğurları, bacarığı, müsbət və keyfiyyətli göstəriciləri dövlətimizin diqqətindən kənarda qalmayıb. O, hər zaman rayon rəhbərliyinin, təhsil şöbəsinin diqqətində olmuşdur. Yaranmış problemləri onların dəstəyi ilə aradan qaldırmışdır. Onun yaxşı işləri əlaqədar təşkilatlar tərəfindən həmişə qiymətləndirilib. Rayon rəhbərliyi və təhsil şöbəsi onu tərifnamə və diplomlarla təltif etmişlər.
2010-cu ildə Azərbaycan Təhsil Nazirliyinin qayğısı sayəsində mükafatlandırılmış bir qrup qabaqcıl müəllim arasında M.Uryupinin də adı vardı. O, nazirliyin sərəncamı ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Təbii ki, bu, onun uğurudur. İşinin nəticəsini görən Mixail müəllim daha səylə çalışaraq yeni uğura imza atmışdır. Azərbaycan prezidenti İlham Əliyevin 30 sentyabr 2014-cü il tarixli sərəncamı ilə ona “Əməkdar müəllim” adı verilmişdir. Bu yüksək ad təkcə onu deyil, Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi kollektivinin həm uğuru, həm də sevincidir. Belə bir insanla çiyin-çiyinə çalışmaq bizim üçün fəxrdir. Onun bir direktor kimi qayğısı, səmimiliyi, sadəliyi kollektivi hər zaman yaxşı işləməyə səfərbər edir.
Məktəb rayonda nailiyyətləri ilə seçilən təhsil ocağıdır. Bu uğurların nəticəsidir ki, məktəbimiz 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Yüksək ad almaq asandır, ancaq həmin ada layiq işləmək, onu qorumaq daha da çətindir. Pedaqoji kollektiv yaxşı dərk edir ki, əldə edilənlərlə kifayətlənmək, arxayınlaşmaq olmaz. Əməyimizlə sübut etməliyik ki, həqiqətən də yaxşı məktəblərdən biriyik.
Bir kollektiv olaraq inanırıq ki, direktorumuzun uğurları gələcəkdə də davam edəcəkdir. Onun tutduğu yol düzgün yoldur. Yüksəklik onun qazandığı hörmət, əldə etdiyi nailiyyət, seçdiyi peşədir.
Yolunuz hər zaman açıq, qazandığınız uğurlar axarlı olsun. Kollektivimizin dəstəyinə hər zaman güvənə bilərsiniz. Bilirik ki, əldə etdiyiniz bütün uğurlar gələcək nəsillər üçündür.
Rüxsarə Qasımova,
Anastasiya Jabina,
H.Əliyev adına İvanovka kənd tam orta məktəbinin müəllimləri

Şərh Yaz